Ölkədə yol-nəqliyyat infrastrukturu müasirləşir - TƏHLİL

Ölkədə yol-nəqliyyat infrastrukturu müasirləşir - TƏHLİL

Bu gün koronavirus (COVİD-19) pandemiyası dövrünü yaşadığımız bir şəraitdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunəyə çevrilib. Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi. Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyasının qarşısında çarəsiz qaldığı halda, dövlət başçısının tapşırığı və sərəncamları ilə təxirəsalınmaz tədbir həyata keçirildi və bu davamlı xarakter aldı. Artıq ölkəmizdə mövcud olan müsbət dinamika deməyə əsas verir ki, ölkəmizdə pandemiya ilə əlaqədar məsələlərin ciddi nəzarətdə saxlanılması nəticəsində insanların həyatının maksimum şəkildə qorumaq mümkün olub.

Koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən inkişaf etmiş ölkələrinin tədbir görməkdə gecikdiyi bir vaxtda dövlət başçısı tərəfindən görülən qabaqlayıcı tədbirlər ölkəmizin bu sınaqdan minimum itki ilə çaxmağına zəmin yaratdı. Koronavirusla mübarizə dövrünü yaşayan Azərbaycanda islahatlar aparılır, infrastruktur layihələr icra edilir, yeni modul tipli xəstəxanalar istifadəyə verilir, eləcə də modul tipli məktəblərin yardılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamlar öz həllini tapmaqdadır. Bütün bu və ya digər amillər dövlətin gücünün, iradəsinin məntiqidir.

Qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb.

AVTOMOBİL YOLLARI HƏR BİR ÖLKƏNİN İQTİSADİ QÜDRƏTİNİN GÖSTƏRİCİSİDİR

Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə kənd yollarının yenidən qurulması və mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Bölgələrdə yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun mərkəzə daşınmasında əvvəllər mövcud olan çətinliklər aradan qalxır. Həmin yollar hesabına, təbii ki, regionların iqtisadi potensialı da yüksəlir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır.

QUBA–QONAQKƏND AVTOMOBİL YOLUNUN TİKİNTİSİNİN BAŞA ÇATDIRILMASINA DÖVLƏT BÜDCƏSİNDƏN 22,0 (İYİRMİ İKİ) MİLYON MANAT AYRILIB

Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə, işlərin gedişi ilə tanış olaraq, öz dəyərli tapşırıq və tövsiyələrini verir. Kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsi, habelə, digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrası həyata keçirilir. Beləliklə, ölkəmizdə yol infrastrukturunun yenidən qurulması işi uğurla davam etdirilir. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar yenilənir. Belə ki, artıq Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, yenidənqurma işləri sona çatıb. Lənkəranda ümumi istifadədə olan 38 km yol yenidən qurulur, Nərimanov rayonunda 6630 metr uzunluğu olan küçə və yol təmir olunub, Ağcabədidə 41 km uzunluğunda yerli əhəmiyyətli yol, eləcə də Cəlilabadda 4 istiqamət üzrə avtomobil yolları yenidən qurulur. Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Görülən bu və ya digər layihədərin davamı olaraq dövlət başçısı "Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22,0 (iyirmi iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Bu gün, həqiqətən də, pandemiya dövründə yaşamağımıza baxmayaraq, Azərbaycanın hər bir bölgəsində abadlıq-quruculuq işlər aparılır, infrastruktur layihələr həyata keçirilir. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də, digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə