Əhalinin vaksinasiyasından sonra biz normal həyata qayıda bilərik - MÖVQE ÖZƏL

Əhalinin vaksinasiyasından sonra biz normal həyata qayıda bilərik - MÖVQE ÖZƏL

"2004-cü ildən icra olunmağa başlanmış Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində Azərbaycanın bütün regionlarında müasir standartlara cavab verən yeni mərkəzi xəstəxanalar tikilərək istifadəyə verilib. Məhz ölkəmizin müasir səhiyyə infrastrukturuna malik olması yaranacaq hər hansı fövqaladə vəziyyətdə insanların sağlamlıqlarının yüksək səviyyədə qorunmağımıza imkan verir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, bu gün koronavirus pandemiyası ilə mübarizəyə cəlb olunmuş 46 xəstəxanadan 41-i son 17 ildə tikilib istifadəyə verilib: "Həm də dövlətimizin bu illər ərzində yaratdığı iqtisadi imkanlar dünyanı çətin vəziyyətə saldığı pandemiya dövründə ümumi çarpayı sayı 4 min 100 olan modul tipli xəstəxanaların qısa bir zamanda ərsəyə gətirməyimizə imkan verib. Bu gün koronavirus xəstəssi olan hər bir şəxs dövlət vəsaiti hesabına hospitallaşdırılır və bütün müalicə tədbirləri görülür. Xarici ölkələrdən həkimlərin gətirilməsi və yerli personalın bacarığı sayəsində ölkəmiz koronavirus xəstələrində ölüm sayının ən aşağı olan ölkələrin arasında yer almasını şərtləndirib".

A.Badamov vurğulayıb ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri uğurla aparılır: "Burada vətəndaşların bu işə məsuliyyətlə yanaşması və qaydaları pozan hər bir şəxsə cəza tədbirlərin tətbiq olunması vəziyyəti daha da ciddiləşdirib, nəticədə gündəlik bu xəstəliyə yoluxanların sayının dinamikasının aşağı salmağımıza imkan verib. Dövlətimiz bu gün koronavirusa qarşı mübarizədə ancaq xəstələrin xəstəxanalarda müalicəsi ilə kifayətlənmir. Həm də yeni növ koronavirusa qarşı peyvənd istehsalçıları ilə sıx əlaqə yaradır və sınaqdan çıxmış tam etibarlı koronavirusa qarşı peyvəndin istehsalı prosesini gözləyir ki, bu peyvəndi tez bir zamanda ölkəmizə gətirib əhalimizin vaksinasiyasını aparaq. Əhalinin vaksinasiyasından sonra biz normal həyata qayıda bilərik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə