Xalqımız arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərib - TƏHLİL

Xalqımız arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərib - TƏHLİL

Prezident İlham Əliyev: "Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik"

Bildiyimiz kimi, Böyük Vətən müharibəsinin tarixi qələbəsində Azərbaycanın, onun övladlarının və neftinin əhəmiyyəti böyükdür. Müharibə başlanandan keçən müddət ərzində, Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib, 1941-1945-ci illərdə respublikanın 700 mindən çox oğlan və qızları cəbhəyə gedib. Onların təxminən yarısı döyüş meydanlarında həyatlarını itirmişlər. "Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Rostov vilayətində "Sambek yüksəklikləri" - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı "Rossiya-24" və "Rossiya-1" telekanallarının reportajlarında yayımlanan müsahibəsində söyləyib. İlham Əliyev: "Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib" deyərək 128 Sovet İttifaqı Qəhrəmanının əslən Azərbaycandan olduğunun diqqətə çatdırıb. Azərbaycanda hərbi texnika istehsal edildiyini, müəssisələrin gecə-gündüz işlədiyini qeyd edib.

Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalarını da qeyd etməliyik, Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsinin düşməndən azad edilməsi uğrunda rəşadətlə döyüşmüşlər. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etmiş, partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərmişlər. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlığı və şücaəti heç vaxt yaddaşlardan silinmir və gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

"ROSTOV VİLAYƏTİNİ AZAD ETMİŞ 416-CI TAQANROQ ATICI DİVİZİYASININ DÖYÜŞÇÜLƏRİNİN 90 FAİZİNDƏN ÇOXU ƏSLƏN AZƏRBAYCANDAN İDİ"

Bildiyimiz kimi, Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci ilin 22 fevral tarixdən Azərbaycan SSR-in Ucar rayonunda 416-cı milli diviziyanın formalaşdırılmasına başlanılmışdır. 416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edirdi və avqustun

30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona "Taqanroq diviziyası" fəxri adı verildi. "Rostov vilayətini azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi" – deyən Cənab Prezident bildirib ki, 416-cı Taqanroq diviziyası təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad edib, bundan sonra diviziyaya Taqanroq adı verilib: "Melitopol, Kişineu, Odessa şəhərlərini də 416-cı diviziya azad edib. Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib. Əslində, bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını alıb. Əks halda, Böyük Vətən müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı".

Xatırladaq ki, Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya var idi. Cənab Prezident qeyd edib ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib: "Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb". Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqlənib. Kayzerin sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan biri leytenant Vahab Osmanov düşmən gülləsindən həlak olub. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə leytenant A.Məcidov və onun döyüşçüləri olublar.

"BİZ HƏMİŞƏ FAŞİSTLƏRİN QƏHRƏMANLAŞDIRILMASININ ƏLEYHİNƏ, FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏDƏ SOVET İTTİFAQININ ROLU HAQQINDA TARİXİ HƏQİQƏTİN QORUNUB SAXLANMASI NAMİNƏ ÇIXIŞ ETMİŞİK VƏ EDİRİK"

Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərmişdir. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının istifadə etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçuşlar həyata keçirən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynamışdır. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərmiş, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilmişdir. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər etmişdir. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq, gündəlik tələbat və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar.

Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək, bu meydanda fəal iştirak etdi. Bakıda - indiki Səttərxan adına zavodda müharibə üçün silah-susat istehsal olunurdu. "Katyuşa" raketi, "Şpakin pulemyotu", "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Bütün qüvvələr faşizm üzərində qələbəyə yönəldilmişdi.

9 may - faşizm üzərində qələbədən 75 il ötsə də, həmin illərdə baş verən hadisələr, müharibənin iştirakçısı olan insanların qələbə istəyi ilə Berlinə qədər getmələri, fədakarlıqları və ərənlikləri bugünkü gənclərə örnəkdir. İkinci Cahan savaşının od-alov püskürən cəbhələrində ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına Azərbaycanda böyük sayğı var. Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. "Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik" deyən dövlət başçısı Azərbaycanda veteranların diqqət və qayğı ilə əhatə olunduğunu bildirib: "Biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə