Çoxəsrlik zəngin tarixə malik olan Azərbaycan öz inkişafının müxtəlif mərhələlərində dəfələrlə xarici istilaya məruz qalmış, onun torpaqları zəbt edilmiş və parçalanmış, dövlət müstəqilliyi və suverenliyi əlindən alınmışdır. Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri ilə Azərbaycan xalqı və onun tarixi torpaqları parçalanaraq Rusiya ilə İran dövlətləri arasında bölünmüşdür.
Lakin dəfələrlə tarixi ədalətsizliyə məruz qalsa da, milli dövlət qururmu ləğv edilsə də, Azərbaycan xalqı müstəqillik yolunda öz mübarizəsini dayandırmamışdır. İyirminci yüzilliyin əvvəllərində yaranmış mürəkkəb tarixi şəraitdə müstəqilliyini bərpa etmək üçün xalqımız mühüm addımlar atmışdır. İmperiya zülmündən azad olan Quzey Azərbaycan 1918-ci il mayın 28-də dövlət müstəqilliyi qazanaraq öz tarixi ərazisində milli dövlət qurumunu – Azərbaycan Demokratik Cümhuriyyətini təşkil etdi. Çox keçmədən Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü yeni təcavüzə - bolşevik Rusiyasının silahlı müdaxiləsinə məruz qaldı. Beləliklə, qanuni hakimiyyət zorakılıqla devrildi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoyuldu. Demokratik qüvvələrin əksəriyyəti repressiyaya məruz qaldı, xalqın bir qismi isə mühacirət etməyə məcbur oldu.
Sovet imperiyası tərkibinə qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilmiş, Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmışdır. İmperiya siyasəti dünya azərbaycanlılarını bir-birindən təcrid etmək məqsədi ilə pantürkizm məfhumunu şərq aləmində təhlükəli bir ideya kimi təqdim edərək, dünyada və Sovetlər İttifaqında yaşayan türkdilli xalqlar arasında əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərmişdi. Bu siyasətin təzahürü kimi sərhəd çəpərləri Azərbaycan xalqını parçalamışdır. Bütün bunlara baxmayaraq azərbaycanlılar milli dövlət, milli və mənəvi bütövlük, müstəqillik uğrunda mübarizəni davam etdirmişlər.
Xalqın güclənən milli özünüdərki ictimai həyatın demokratikləşməsi istiqamətində hərəkatı genişlənmişdir. Muxtar Respublikada demokratik qüvvələr milli birlik və müstəqillik ideyası ətrafında birləşərək siyasi və ictimai birliklər yaratmışlar. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar. Lakin buna baxmayaraq xalq ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Muxtar Respublikada geniş qeyd edildi.
Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar. Bu məqsədlə sərhəd zonasında fövqəladə vəziyyət rejimi yaradıldı. "Sərhəd hərəkatı " ilə bağlı kommunist rəhbərlərin göstərişinə əsasən xalqa qarşı repressiyalar daha da gücləndi, onlardan bir neçəsi həbs olundu, işdən çıxarıldı, bir çox yerlərdə sökülmüş sərhəd çəpərləri bərpa olundu.
Kommunist ruhlu kütləvi informasiya vasitələri var gücü ilə sərhədlərin sökülməsini vəhşilik adlandırdı, nəyin bahasına olursa-olsun xalqın iradəsini, inamını qırmağa cəhd göstərdi. Lakin qonşu ölkələrin, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların, ümumən türk dünyasının bu prosesi parçalanmış xalqların təbii birləşmə meyli kimi müdafiə etməsi, ölkədə və dünyada gedən demokratik proseslər mövqeyindən qiymətləndirməsi xalqımıza qarşı yönəldilmiş mürtəce təbliğatın qarşısını qismən aldı. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edildi. XX əsrin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan və beynəlxalq hüququn subyekti olduqdan sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni bir tarixi mərhələ başlanmışdır. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilən xalqımız bu gün öz taleyinin sahibi olmuşdur. Eyni zamanda tarixin faciəli gedişatı nəticəsində illərdən bəri parçalanmış, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranmışdır. Azərbaycanlıların mühacirət tarixi əsasən XIX əsrin ilk onilliklərindən başlayır. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti regionda azərbaycanlı əhalisinin üstün mövqeyinin zəifləməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qanlı qırğınları belə məkrli strateji niyyətlərlə törədilmişdir. 1920-ci ildə ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətin növbəti mərhələsi başlanmışdır. Otuzuncu illər və İkinci Dünya müharibəsindən sonrakı illərin mühacirəti qanlı repressiyalar, siyasi təqib, qətlərlə bağlı olmuş və məcburi xarakter daşımışdır. SSRİ imperiyası dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə respublikamızdan köçərək xarici ölkələrdə məskunlaşanlar əsasən daha firavan və rahat həyat ardınca gedənlər olmuşlar.
Dediklərimiz əsasən Şimali Azərbaycandan mühacirətin ayrı-ayrı mərhələlərini əhatə edir. Qeyd etmək lazımdır ki, təxminən otuz milyon azərbaycanlı əhalinin tarixən yaşadığı Cənubi Azərbaycandan son onilliklərdə mühacirət edənlərin sayı şimaldan gedənlərin sayından qat-qat çoxdur və onlar İranın şah istibdadından baş götürüb qürbət ellərə tapınanlardır.
Bu gün təxmini hesablamalara görə, dünyanın, Azərbaycan da daxil olmaqla, 70-dək ölkəsində 45 milyona qədər azərbaycanlı yaşayır və milyonlarla soydaşımız öz Vətənindən, tarixi-etnik torpaqlarından kənarda mühacir həyatı yaşamaqdadır. Yalnız Türkiyədə özü və ya soykökü Qərbi Azərbaycanın İrəvan şəhərindən, Zəngəzurdan, Göyçədən olan milyonlarla soydaşlarımız var və onlar XIX əsrin sonlarından başlamış amansız daşnak irticaları nəticəsində qardaş ölkəyə pənah gətirmişlər.
Azərbaycanın dövlət müstəqilliyi qazanması Azərbaycan diasporunun həyatına mühüm canlanma gətirdi. Baş verən qlobal hadisələr, Qarabağ münaqişəsi, əsassız torpaq iddiaları planının hərəkətə gətirilməsi, 1990-cı ilin yanvarın 20-də Bakıda, 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş qırğınlar, torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyon qardaş-bacılarımızın doğma yurdlarından didərgin düşməsi və sairə xaricdəki həmvətənlərimizin ictimai fəallığının artmasına təkan verdi.
Soydaşlarımızın bir qismi yeni tarixi vəziyyətə müvafiq olaraq milli-mədəni yöndə təşkilatlanmağa başladılar və hazırda azərbaycanlıların dünyanın 30-dan çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Bu prosesin daha da genişlənməsinə şəxsi iddiaların milli mənafedən üstün tutulması, milli-siyasi fəallığın zəifliyi və iqtisadi maraqlara meylliyinin güclülüyü, regionçuluq amilləri və icmalar, təşkilatlar arasında əlaqələrin zəifliyi amilləri ciddi maneçilik törədir. Bütün bu hallara baxmayaraq, mühacirət həyatı keçirən azərbaycanlıların milli özgürlüyünün saxlanılması, dil və mədəniyyətlərinin inkişafı, insan-vətəndaş hüquqlarının qorunması, müstəqil dövlətimiz ətrafında daha sıx mənəvi birliyinin təmin edilməsi hər bir soydaşımızın başlıca vəzifəsidir.
Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: ”Əziz həmvətənlər! Hörmətli nümayəndələr, qonaqlar! Hörmətli xanımlar və cənablar! Sizi Dünya azərbaycanlılarının 1 qurultayının açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm, qurultayın işinə uğurlar diləyirəm. Dünya azərbaycanlılarının 1 qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisədir. Bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycan icmalarının nümayəndələri İlk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşmışlar və özlərinin1 qurultayını keçirirlər. Dünya azərbaycanlılarının 1 qurultayının keçirilməsi haqqında qəbul etdiyimiz qərara səs verdiklərinə görə və bu qurultayda iştirak etmək üçün Azərbaycana, Bakıya gəldiklərinə görə bütün nümayəndələrə, qonaqlara, onların təmsil etdikləri müxtəlif ölkələrdə olan Azərbaycan icmalarına təşəkkür edirəm. Biz, Azərbaycanda yaşayan azərbaycanlılar öz həmvətənlərimiz haqqında daim düşünmüşük. Uzun illər Sovetlər İttifaqı kimi böyük bir super dövlətin tərkibində ikən xaricdəki soydaşlarımızla, həmvətənlərimizlə əlaqə saxlamaq mümkün olmadığı halda, biz daim düşünmüşük ki,müxtəlif ölkələrdə azərbaycanlılar necə yaşayırlar, nə edirlər və məhdud imkanlardan istifadə edərək onlarla əlaqələr qurmağa çalışmışıq.
1991-ci ildə Sovetlər İttifaqının dağılması və Sovetlər İttifaqının tərkibində olan 15 müttəfiq respublikanın öz müstəqilliyini əldə etməsi, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetirməsi, Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi və 1920-ci ildə itirilmiş müstəqilliyi bərpa etməsi bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqələrimizi genişləndirək, onlarla həmrəyliyimizi bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün öz xidmətlərimizi göstərək. Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də Dünya azərbaycanlılarının həmrəylik günü haqqında qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir. Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra çox böyük, şanlı-şöhrətli, eyni zamanda məşəqqətli yol keçmişdir. Biz bu günlər Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 10-cu ildönümünü böyük təntənə ilə bayram etdik. Biz on il ərzində keçdiymiz yolu bir də təhlil etdik, əldə etdiyimiz nailiyyətləri bəyan etdik, eyni zamanda qarşımızda duran vəzifələri müəyyən etdik. Hələ həll olunmamış bir çox problemləri təhlil edib, onların həll olunması üçün lazımi tədbirlər görməyə başladıq.
Azərbaycanın müstəqilliyi və on il müstəqil dövlət kimi yaşaması bizim çoxəsrlik tariximizdə ən əhəmiyyətli, ən vacib, ən dəyərli bir hadisədir. Bizim üçün, müstəqil Azərbaycan üçün bu 10 il asan yol olmayıbdır. Biz Azərbaycanda yeni həyat qurmağa başlamışıq. Azərbaycanın demokratiya yolu ilə getməsini bəyan etmişik. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulması işinə başlamışıq. Azərbaycanın iqtisadiyyatını dünya iqtisadiyyatı, inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə inteqrasiya etmək, bazar iqtisadiyyatı sisteminə keçmək prosesinə başlamışıq. Bunlar hamısı Azərbaycanın ağır və çətin bir şəraitdə yaşadığı zaman baş vermişdir. Məlumdur ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edərkən, yəni bəyan edərkən Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı və dörd il idi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edirdi. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bu illərdə demək olar ki, Azərbaycanın nəzarətindən çıxmış, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və onun ətrafında olan yaşayış məntəqələrinə də təcavüzlər başlanmışdı. Məhz belə bir tarixi şəraitdə Azərbaycan öz dövlət müstəqilliyini elan etmişdir. Təbii ki, belə bir şəraitdə müstəqil dövlət qurmaq çox ağır və çətin bir iş idi. Eyni zamanda Azərbaycanın həm müstəqilliyi elan etməsi ərəfəsində, həm də özünü müstəqil dövlət élan etdikdən sonra Azərbaycanın həyatında çox mürəkkəb proseslər baş vermişdir. Ermənistan silahlı qüvvələri torpaq iddiası ilə çıxış edərək, Azərbaycanın Dağlıq Qarabağ vilayətini əlinə keçirmək məqsədi ilə hərbi əməliyyatlara başladığı və ermənilərin hamısı bu amal ətrafında bir yumruq kimi birləşdiyi bir halda, təəssüf ki, bu, Azərbaycanda olmamışdır. Çünki o illər Azərbaycanda bütün xalqı birləşdirib, səfərbər edib torpaqlarımızı qorumaq və Ermənistan silahlı qüvvələrinə lazımi cavab vermək əvəzinə, hakimiyyət mübarizəsi getmiş, daxili çəkişmələr mövcud olmuş, ayrı-ayrı siyasi qüvvələrə məxsus silahlı dəstələr meydan sulamışlar. Bu da təbii ki, Azərbaycanın, xalqın birliyini zəiflətmiş və nəhayət, 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi ilə üzləşmiş, Azərbaycanın varlığı təhlükə altına düşmüş və ölkəmizin parçalanması artıq başlanmışdı. Buna görə də müstəqillik elan olunandan sonra Azərbaycanda dövlət quruculuğu işi çox zəif getmişdir. Bunlar hamısı Azərbaycanda ictimai-siyasi sabitliyi pozmuş, xalqın rifah halını ağırlaşdırmışdır, bizim üçün bunların ən zərərli nəticəsi o idi ki, bu fürsətdən istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan inzibati rayonlarının bir neçəsini işğal etmiş, o torpaqlarda yaşayan azərbaycanlıları zorla öz yerindən-yurdundan çıxarmışdır.
Beləliklə, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altına düşmüş, həm Ermənistan ərazisindən çıxarılmış, həm də işğal olunmuş torpaqlardan çıxarılmış bir milyondan artıq azərbaycanlı indiyədək ağır vəziyyətdə, çadırlarda yaşayır. Azərbaycan belə bir şəraitdə müstəqil dövlət kimi ilk illərini yaşamışdır. Ona görə də bizim qarşımızda duran vəzifə ondan ibarət idi ki, mənfi proseslərin qarşısı alınsın, Azərbaycanın torpaqlarının müdafiə olunması üçün bütün güclər, səylər səfərbər olunsun və Azərbaycan müstəqil dövlət kimi yaşasın, inkişaf etsin. Azərbaycanda ondan sonrakı dövr ictimai-siyasi sabitliyin yaranması dövrü olubdur. Biz ondan sonra da - 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında hakimiyyəti silahla devirmək cəhdləri ilə rastlaşdıq. Bunların qarşısı alındı, ancaq bunlar da Azərbaycana zərbələr vurdu. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə ciddi məşğul olaraq, 1994-cü ilin mayında atəşkəs haqqında razılığa gəldik.
İndi müharibə getmir, qan tökülmür. Eyni zamanda, Azərbaycanın torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və o torpaqlardan çıxarılmış qaçqınlar, köçkünlər ağır vəziyyətdə yaşayırlar. Azərbaycanın müstəqilliyinin on ilinin sonrakı mərhələsi ölkəmizin daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirməkdən, Azərbaycanın dünyada mövqelərini möhkəmləndirməkdən, Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq və inkişaf etdirməkdən ibarət olubdur. Biz çox çətin, ağır yollardan keçərək ötən on il müddətində buna nail olmuşuq. İndi dünyada on yaşı olan müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir. Güman edirəm ki, bizim qonaqlarımız, xarici ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycanın həyatı ilə maraqlanırlar, Azərbaycanda gedən prosesləri izləyirlər və bizim əldə etdiyimiz nailiyyətlərdən xəbərdardılar. Ancaq eyni zamanda, bu gün birinci qurultayda mən bir daha demək istəyirəm ki, Azərbaycan müstəqil dövlət kimi, özünün dövlət quruculuğu prosesini həyata keçirir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulubdur. Azərbaycan tarixdə ilk dəfə özünün milli Konstitusiyasını qəbul edibdir, azad seçkilər vasitəsilə Milli Məclisini- parlamentini seçibdir, ölkənin Prezidentini seçibdir. Azərbaycanda bütün sahələrdə islahatlar həyata keçirilir. Məlumdur ki, Dünya azərbaycanlılarının 1 qurultayının keçirilməsi həm Azərbaycan üçün, həm də bütün dünya azərbaycanlıları üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanlılar dünyada gedən miqrasiya prosesi nəticəsində bir çox ölkələrə səpələnmişlər. Bu, təbii bir prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Doğrudur, indi müstəqil dövlət olandan sonra bəzi müxalifət dairələri bizi tənqid edirlər ki, Azərbaycan əhalisinin xeylisi - biri deyir 1 milyon, biri deyir 2 milyon – kənarda yaşayır. Ancaq mən bunu heç də mənfi bir hadisə kimi qəbul edə bilmərəm. Çünki hər bir millət, hər bir xalq yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində yaşaya bilməz. Bir də qeyd edirəm, dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir. Əgər azərbaycanlılar bu proses nəticəsində dünyanın bir çox ölkələrində məskunlaşıblarsa, orada özləri üçün həyat qurublarsa, özlərinin həyat şəraitini təmin ediblərsə - bunlar hamısı dünyada azərbaycanlıların nə qədər geniş şəkildə yayıldığını göstərir. Biz hesab edirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hər biri yaşadığı ölkədə həyatını özü istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır, onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi yol ilə getməlidir. Ancaq eyni zamanda, indi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır".
Vahid Ömərov f.ü.f.d.dos.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB