Azərbaycançılıq, dünya azərbaycanlıları və müstəqil Azərbaycan

Azərbaycançılıq, dünya azərbaycanlıları və müstəqil Azərbaycan

Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsi son dərəcə önəmli məsələlərdəndir. Azərbaycanda 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününün bayram kimi qeyd olunması ümumi milli diasporun formalaşmasında, Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olmuşdur.

Bu günün tarixi Naxçıvan MR Ali Məclisinin "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı və bilavasitə bu işlərin təşəbbüskarı və həmin tarixi qərara imza atmış şəxs - Heydər Əliyevin adı ilə bağlıdır. Bəlkə də məhz bu hal xaricdə yaşayan soydaşlarımız tərəfindən Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra gördüyü işlərə diqqəti artırmış, Azərbaycan dövlətinin varlığına və gələcəyinə inam və ümidlər yaratmış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir. 2001-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisi 8 milyon 81 min nəfər, o cümlədən 4 milyon 107 min nəfər və ya 51 faizini şəhər və 3 milyon 974 min nəfər və ya 49 faizini kənd sakinləri təşkil etmişdir.

Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir:” Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir. Biz indi böyük məmnuniyyətlə qeyd edə bilərik ki, dünyanın bir çox ölkələrində - Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıbdır. Son illər bu icmalar get-gedə təşkilatlanır, genişlənir və azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliyini, həmrəyliyini təmin edir. Son illər bu proses surətlə gedir. Güman edirəm ki, məhz müstəqil Azərbaycanın varlığı bu həmrəyliyin inkişafının əsasını təşkil edir. Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şerlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimlyasiya prosesi də var. İnsanlar – mən azərbaycanlılar haqqında danışıram- gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir.

Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyni əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Bizim bu qurultayı keçirməkdə məqsədimiz məhz bundan ibarət olmuşdur. Güman edirəm ki, qurultay nümayəndələri, dünyanın bir çox uzaq ölkələrindən Azərbaycana, doğma Vətənə gəlmiş soydaşlarımız burada, qurultay günlərində bir-biri ilə daha da sıx ünsiyyətdə olacaqlar, bir-birini anlamağa çalışacaqlar, müxtəlif ölkələrdə olan icmaların bir diaspor kimi formalaşmasında daha fəal iştirak edəcəklər və Azərbaycan ilə dünyada, digər ölkələrdə olan azərbaycanlıların əlaqələrini möhkəmləndirəcəklər. Hesab edirəm ki, qurultay bu sahədə, azərbaycançılıq ideyalarının həyata keçirilməsi üçün, dünya azərbaycanlılarının həmrəyliyinin genişləndirilməsi və inkişaf etdirilməsi üçün çox mühüm tarixi bir mərhələdir. Ümid edirəm ki, bu qurultay bizim qarşımızda duran vəzifələrin yerinə yetirilməsində çox böyük rol oynayacaqdır, öz xidmətlərini göstərəcəkdir. Müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyasət aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşmağımıza baxmayaraq, öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq. Azərbaycan sülhsevər dövlətdir. Biz dünyanın bütün ölkələri ilə lazım olan səviyyədə iqtisadi, siyasi, ictimai, elmi, humanitar əlaqələr yaratmışıq, yaradırıq və bu əlaqələri inkişaf etdiririk və etdirəcəyik. Ancaq Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir.18.08.2020 Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Vikimənbə https://az.wikisource.org/wiki/Dünya_Azərbaycanlılarının_I_Qurultayında_Azərbaycan_Respublikasının_Prezidenti_Heydər_Əliyevin_nitqi 5/7

Azərbaycan dünyanın bütün beynəlxalq təşkilatlarının üzvüdür. Bilirsiniz ki, bu ilin əvvəlində Azərbaycan mötəbər Avropa Şurasının da həqiqi üzvü seçilibdir. Bunlar Azərbaycanın xarici siyasətinin, eyni zamanda Azərbaycanın həyatında aparılan demokratik dəyişikliklərin, bütün sahələrdə tətbiq olunan islahatların məntiqi nəticəsidir. Azərbaycan dünyəvi dövlətdir və dünyəvi dövlət kimi dünyada öz yerini tutubdur. Bu, bizim strateji yolumuzdur. Hüquqi, demokratik və dünyəvi dövlət - bizim dövlət quruculuğunda əsas prinsipimiz budur. Həyatımızda əsas prinsiplər budur. Biz bu yol ilə gedirik və bundan sonra da gedəcəyik.

Sizə deyə bilərəm ki, biz bir çox ağır və çətin məsələləri həll etdik və qarşıda duran üfüqləri də çox yaxşı görürük. Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellectual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin çox xoşbəxt və firavan olmasını təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol, qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyasət sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır. Azərbaycan xalqının rifah halı çox yaxşılaşacaqdır. Azərbaycanda hər kəs sərbəst, azad yaşayacaqdır.

Azərbaycanda demokratik quruculuq işləri, söz azadlığı, insan azadlığı, vicdan azadlığı, mətbuat azadlığı – bütün azadlıqlar təmin olunub və bundan sonra da təmin olunacaqdır. Yəni siyasi dünyagörüşündən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı burada, doğma vətənində rahat, özü istədiyi kimi yaşayacaqdır.

Ancaq bizim üçün ən çətin problem, bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İşğal edilmiş torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Biz bu sahədə çox işlər görmüşük. Bütün beynəlxalq təşkilatlarda bu məsələləri qaldırmışıq və lazımi qərarlar qəbul olunubdur. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxması barədə dörd qətnamə qəbul etmişdir. Təhlükəsizlik Şurası sədrinin altı bəyanatı var. Ancaq Ermənistan bunlara məhəl qoymur. 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli haqqında çox əhəmiyyətli bir sənəd qəbul edilmişdir. ATƏT-in tərkibində olan 54 dövlətdən 53-ü buna səs vermiş, təkcə Ermənistan etiraz etmişdi.

Ancaq təəssüflər olsun ki, bu mötəbər təşkilatın, ATƏT-in zirvə görüşünün irəli sürdüyü qərar yenə də Ermənistan tərəfindən qəbul olunmur. Biz məsələni sülh yolu ilə həll etmək üçün daim çalışırıq. Bilirsiniz ki, hələ 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün ATƏT-in Minsk qrupu yaranıbdır. Minsk qrupuna 1997-ci ilin əvvəlindən üç böyük dövlət – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa rəhbərlik edir. Biz ötən illər bu təşkilatla, Minsk qrupu ilə, onun həmsədrləri ilə çox işlər görmüşük. Üç-dörd gün bundan öncə həmsədrlər – Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın təmsilçiləri yenə də bölgəmizdə olmuş, bizimlə görüşüb danışıqlar aparmış, Ermənistanda olmuşlar. Biz bir daha bəyan etmişik ki, məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və bunu hər iki tərəfdən müəyyən kompromislər nəticəsində həll etmək olar. Ancaq bu, beynəlxalq hüquq normaları əsasında, dünyada hamı tərəfindən tanınmış prinsiplər - ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır. Biz bu işi davam etdirəcəyik. Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar. əbiidir ki, bu sahədə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var.

Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan diasporu son illər təşkilatlanır və Azərbaycan icmaları, iasporu yaşadıqları ölkədə, ümumiyyətlə, beynəlxalq aləmdə artıq özlərini göstərirlər. Amma bu, bizim iasporun formalaşmasının ilkin mərhələsidir. Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən aha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O lkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər.Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük mkanlar vardır. Bu gün işinə başlayan qurultay da məhz bu məqsədi daşıyır. Bir də qeyd edirəm, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər birinin öz ölkəsində yaxşı yaşamasını, öz mövqeyini möhkəmləndirməsini, öz rifah halını yaxşılaşdırmasını arzulayırıq. Arzulayırıq ki, hər bir azərbaycanlı yaşadığı ölkədə ictimai-siyasi həyatda fəal iştirak etsin, özünə görkəmli bir yer tutsun, müəyyən təsir imkanına malik olsun. Biz bunları arzu edirik.

Bu barədə müəyyən xidmətlər göstərmək üçün biz dövlətimizin tərkibində Azərbaycan diasporu ilə iş üçün xüsusi bir orqanın yaradılması haqqında da qərar qəbul edəcəyik. Güman edirəm ki, belə mərkəzləşmiş bir orqan, yəni Azərbaycan icmaları ilə daim əlaqə saxlayan orqan həm icmaların və ümumiyyətlə, Azərbaycan diasporunun formalaşmasına, həm də bizim əlaqələrimizin daha da inkişafına xidmət edəcəkdir. Əziz həmvətənlər! Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dilinin inkişafı haqqında bizim qəbul etdiyimiz geniş qərar məhz bu məqsədi daşıyır. Biz Azərbaycanın latın əlifbasına keçməsi haqqında qərar qəbul etdik. İndi Azərbaycanda hamı, bütün dövlət orqanları yalnız latın əlifbasından istifadə edir. Bu da bizim milliliyimizi, azərbaycançılığımızı göstərən çox mühüm bir amildir.

Biz bundan sonra da Azərbaycan dilinin inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik. Bilirsiniz,hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa, çox da olsa, öz xidmətini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın, bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtiyatına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda arzu edirik ki, hansı qitədə, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin.

Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar, Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar.

Əziz dostlar! Əmin ola bilərsiniz ki, müstəqil bir dövlət kimi Azərbaycan on ildir ayaq üstə möhkəm durubdur. Ötən dövrdə biz Azərbaycanın müstəqilliyini inkişaf etdirmişik və bu gün bəyan edirəm ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və daimidir. Əziz dostlar, müstəqil Azərbaycan həmişə sizin dayaq yeriniz olacaq, pənah gətirdiyiniz yer olacaqdır və təbiidir ki, Azərbaycanda biz də sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik. Müstəqil Azərbaycan dövləti gənc olduğu kimi, Azərbaycanın həmrəyliyi də, dünya azərbaycanlılarının birliyi də, müxtəlif ölkələrdəki Azərbaycan icmaları da gəncdirlər. Ancaq indi biz yeni bir mərhələ keçmişik. Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi edəcəyik, əbədi edəcəyik.

Əziz dostlar! Mən sizin hamınıza cansağlığı və səadət arzulayıram. Xarici ölkələrdən gəlmiş nümayəndələrdən və qonaqlardan xahiş edirəm ki, Azərbaycan xalqının, onun dövlətinin, Prezidentinin salamlarını, sevgisini, məhəbbətini bütün Azərbaycan icmalarına, hər bir azərbaycanlıya çatdırasınız. Sizin hər birinizə işlədiyiniz sahədə, gördüyünüz işdə, yaşadığınız yerlərdə uğurlar arzulayıram. Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram. Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çırağımız sönməsin!

Azərbaycan xalqına eşq olsun!

Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!”

Vahid Ömərov f.ü.f.d.dos.

Bütün xəbərlər Facebook səhifəmizdə