Prezident İlham Əliyev: “İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz”
Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayonuna yeni təyin olunan icra hakimiyyətinin başçılarının videoformatda qəbul zamanı çıxışında bir çox tələblər irəli sürdü və bildirdi ki, ilk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Bu tələbləri layiqincə yerinə yetirə bilən məmurların işindən həm dövlət, həm də xalq razı olacaq. Kadr məsələsinə toxunan dövlət başçısı bildirdi ki, bu siyasət düzgün qurulmalıdır: “Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz”.
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır”
Prezidenti İlham Əliyev çıxışı zamanı korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı məsələyə də toxunaraq vurğuladı ki, bu Azərbaycanda sözdə yox, əməldə aparılır: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır vəeyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram”.
Lakin buna baxmayaraq bəzi məmurların hələ də bu çirkin əməllərindən əl çəkmədiklərini deyən dövlət başçısı yeni təyin olunan icra başçılarından sahibkarlara dəstək olmağı tələb etdi.
“Sahibkarlardan rüşvət, pay tələb olunur”
Prezident İlham Əliyev təəssüflə bildirdi ki, məmur tamahkarlığı nəticəsində rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədirlər. “Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir”-deyən dövlət başçısı vurğuladı ki, bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır. Dövlət başçısı yeni təyin olunan icra başçılarından sahibkarlara dəstək olmağı tələb etdi: “Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız”.
Dövlət başçısı məmur tamahkarlığı nəticəsində rayonlarda sahibkarları incidənlərin, onların qarşısında süni əngəllər törədənlərin qanun qarşısında cəzalarını alacaqlarını da dedi: “Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır”.
Ölkə Prezident, həmçinin sahibkarlardan da məsuliyyətlə öz vəzifəsini icra etməyi tələb etdi: “Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər”.
“Kasıb adamın puluna göz dikmək vicdansızlıqdır”
Pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərini müvəqqəti olaraq itiridiklərini və dövlət də onlara əl tutduğunu deyən ölkə rəhbəri bildirdi ki, bəzi icra başçıları vicdancasına o kasıbın pulunu alır: “Son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adi hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır”.
Prezident yeni təyin olunan icra başçılarına insanlara yuxarıdan aşağı baxmamağı tələb etdi
“Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar”,-deyən dövlət başçısı məmurları xalqla yaxın olmağı, bir sözlə xalqın xidmətçisi, onların problemlərinin yardımçısı olmağı tələb etdi.
“Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik”- deyən dövlət başçısı bildirdi ki, buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm: “Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa
xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir”.
Göründüyü kimi, Azərbaycan Prezidentinin nəinki bu iki yeni təyin olunan icra başçılarındın, bütünlüklə bütün məmur və vəzifəli şəxslərdən tələbi odur ki, etimad edilən kürsüdə Azərbaycan Prezidentinin yüksək etimadını doğrultmaq, iqtidar-xalq birliyinə sədaqətlə xidmət etməkdir ki, vətəndaşlarla xalq arasında bağlılıq daha güclü olsun. Bu məmnunluğa tam nail olmaq üçün daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, ölkənin sosial iqtisadi tərəqqisi üçün əlindən gələni əsirgəməməli, var gücü ilə çalışmalıdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB