“Gürcüstanda yaşayan soydaşlarımızın bu günü və sabahı” adlı forum keçirilib

“Gürcüstanda yaşayan soydaşlarımızın bu günü və sabahı” adlı forum keçirilib

Bu gün "Gürcüstanda  yaşayan soydaşlarımızın bu günü və sabahı" adlı forum keçirilib. SİA-nın məlumatına görə, forumda təşəbbüs qrupunun sədri, Ağsaqqallar şurasının üzvü Tofiq Mirzəyev, fizika-riyaziyyat elmləri doktoru Vilayət Quliyev, Qafqaz araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlı və digər ziyalılar iştirak ediblər.

Forum Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca söz alan Eyvaz Ağayev tədbir iştirakçılarını salamladıqdan sonra Ulu öndər  Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Eyvaz Ağayev çıxışına Gürcüstanda yaşayan soydaşlarımızla gürcü xalqı arasında olan qədim dostluq ənənəsindən danışıb və vurğulayıb ki, son zamanlar bu dostluğa xələl gətirmək istəyən bəzi qüvvələr bu iki dost xalqın arasında nifaq toxumu səpmək istəyirlər.

Daha sonra Kamran Ramazanlı forum iştirakçılarının diqqətinə bu gün aktual olan bəzi problemləri çatdırıb, həmvətənlərimizi narahat edən hər bir məsələnin bu gün forumun diqqətindən yayınmayacağını bildirdi: "Belə ki, əziz soydaşlarımız biz bu gün bu forumda sizi narahat edən hər bir məsələni dinləndirəcəyik və bunu da nəzərinzə çatdırım ki, bununla bağlı biz möhtərəm prezidentimizə və Gürcüstan prezidentinə məktub da yazmışıq. Belə ki, bizim bu gün əsas 4 problemimiz var. Bunlardan birincisi, "Torpaq və məşğuliyyət", ikincisi "Təhsil", üçüncüsü "Dini ixtilaflar" və dördüncüsü "Borçalıların tarixi və tarixi abidələrinin qorunub bərpa edilməsi"dir. Bu barədə alimlərimiz məruzələr hazırlayıblar".

Məruzələr dinlənildikdən sonra tədbirin sonunda forumla bağlı Azərbaycan və Gürcüstan prezidentlərinə məktub ünvanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə