Dövlət lazımi tədbir görür, hər kəs özündə sosial məsuliyyət hiss etməlidir - ŞƏRH
Prezident İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”
“Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”. Bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə çıxışı zamanı bildirib.
Dövlət başçısı bildirib ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir: “Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.
Dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olur
Göründüyü kimi, bu 4-5 ay müddətində müasir dünyamızın Covid-19 pandemiyası ilə var gücü ilə mübarizə apardığı çətin sınaq dövründə Azərbaycan koronavirusla mübarizədə müsbət mənada fərqlənməyi bacardı, özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirdi. Ölkə Prezidenti İlham Əliyevin qabaqlayıcı və düşünülmüş siyasəti sayəsində Azərbaycan koronavirusun ağır zərbələrindən yayınmağa müvəffəq oldu. Koronavirus pandemiyasının sərhədləri aşıb keçdiyi ilk gündən insanların sağlamlığı, onların sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələyə çevrildi. İlk gündən atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Ardınca da karantin rejimində müəyyən yumşaldılmaları həyata keçirildi. Lakin bu, heç bir haldan rahatlıq və virusdan tam azad olmaq kimi qəbul edilməməlidir. COVID-19-un necə təhlükəli olduğunu unutmadan, bu infeksiyaya qarşı hamı birlikdə sona qədər mübarizə aparmağı özünə borc bilməlidir.
Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar
Ölkə Prezidenti keçirilən bütün vidioformatlı müşavirə və görüşlərində bildirir ki, koronavirusa qarşı mübarizədə vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərdən olmalıdır. Çünki sosial məsuliyyət hiss etmədən də əldə olunan nailiyyətə çatmaq olmaz. Xüsusi ilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdırlar: "Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın. Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq".
Doğurdan da, bugünkü məqamda ən önəmli məsələlərdən biri də sosial məsuliyyət məsələsidir. Sirr deyil indiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Hamı başa düşməlidir ki, sosial yönündən asılı olmayaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür.
Göründüyü kimi, görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir. Və bu gün koronavirusa qarşı mübarizədə atılan ardıcıl və düşünülmüş addımlar, məhz ölkə başçısının vətəndaşına olan diqqət və həmişə onların yanında olmasının reallığıdır. Və hər şeydən əvvəl Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi «siyasətimizin mərkəzində Azərbaycan insanı dayanır» prinsipinin növbəti əyani təcəssümü sayıla bilər. Çünki insana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsinin təşkil edir. Bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatını mənasız və əsassızdır.
Bir sözlə, bütün dünyanın göstərdiyi təcrübə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olsun. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməli, sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB