İnsan alveri ümumbəşəri problemdir - TƏHLİL

İnsan alveri ümumbəşəri problemdir - TƏHLİL

Bu gün baş verən hadisələrə əsaslanaraq demək olar, ən narahatedici problem insan alveridir. Tarixən mövcud olan və bu gündə aktuallığını qoruyub, saxlayan insan alveri probleminin aradan qaldırılması, ən azı minimuma endirilməsi üçün dövlətlər cəhdlər göstərsə də, buna müvəffəq ola bilməyiblər. Çünki, bu cinayətin başında duranlar öz cinayətlərini tərəf müqabillərinə çevrilən insan alveri qurbanları ilə gizli şəkildə həyata keçirilər. Bu da, hüquq –mühafizə orqanlarına cinayətkarların aşkarlanmasında ciddi problemlər yaradır. Dünya ölkələrinin açıqladığı rəsmi məlumatlara görə, insan alveri qurbanlarının sayı artmaqdadır. ABŞ Dövlət Departamentinin bu sahə üzrə illik hesabatında göstərilir ki, hər il dünya üzrə 800 mindən artıq insan bu qanunsuz ticarət növünün qurbanı olur ki, onların da 80 faizi qadınlar və gənc qızlardır. Cinayətkarlar insan alverindən hər il 9 milyard gəlir edirlər. Bu baxımdan qeyd edilir ki, insan alveri gəlir mənbəyinə görə, silah və narkotik ticarətdən sonra üçüncü sıra da dayanır. Təhlillər göstərir ki, insan alveri tacirləri öz qurbanlarını daha çox savadsız, kasıb, dünyagörüşü dar olan, həyat yoldaşından boşanmış, ailəsində problemi olan, maddi sıxıntı içərisində yaşayan, iş tapa bilməyən, qalmağa yeri olmayan qadınlar düşürlər. Həmdə, sübuta yetirilən fakt ondan ibarətdir ki, qızları öz torlarına salanlar əsasən qadınlar olurlar. Hansı ki, o qadınların ilkin həyatları fahişəliklə keçib və öz sıralarına başqalarını da cəlb etməklə, gəlir əldə etməyə çalışırlar.

Diqqətçəkən məqam ondan ibarətdir ki, müxtəlif ölkələrə cinsi istismar üçün aparılan qadınlar sonradan öldürülürlər. Bu halda onları ailələri belə axtarmır və hüquq-mühafizə orqanları da ölüm halına ciddi yanaşmır. Bu kimi faktlar minlərlədir. Məhz bu kimi faktlara istisna edən, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, il ərzində ayrı-ayrı ölkələrdə bu sahədə çalışan minlərlə qadın yoxa çıxır. Onlar ya ölkəni dəyişir, ya da fiziki cəhətdən məhv edilirlər. Əksəriyyəti gənc olduğundan həmin qurbanlar bir çox hallarda öldürülərək orqanları transplantasiya üçün istifadə edilir.

İnsan alverinin əsas qurbanları qadınlardır

Azərbaycanda da insan alverinin əsas qurbanları qızlar və qadınlardır. Onlar əsasən Türkiyə, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və İrana aparılaraq istismar olunurlar. Ölkəmizdə insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində qətiyyətli addımlar atılır. Hələ 2005-ci il iyunun 28-də “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə İnsan alveri – 144-1-ci maddə ilə yanaşı, Məcburi əmək – 144-2 və İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma – 316-1-ci maddələr əlavə edilmişdir. Bu maddələr Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsində “Şəxsiyyət əleyhinə olan cinayətlər” bölməsində, “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” adlanan XIX fəslə daxil edilmişdir.

BMT-də 2000-ci il dekabrın 12-də imzalanmış “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyası, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” protokolu və 20 sentyabr 2002-ci ildə qəbul edilmiş “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel bəyannaməsi 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 6 may 2004-cü il də “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiqlənib. Daxili işlər nazirinin 19.05.2004-cü il tarixli əmri ilə Daxili İşlər Nazirliyində İnsan Alverinə qarşı Mübarizə İdarəsi (İAQMİ) və bu planın həyata keçirilməsinə nəzarət üçün milli koordinator postu yaradılıb. Milli fəaliyyət planına uyğun olaraq, insan alveri cinayətlərinin qarşısının alınması məqsədilə “Qaynar xətt” xidməti (tel: 152 və 562-21-12) üçün ayrılmış mənzil DİN-in İsan Alverinə Qarşı Mübarizə İdarəsinin istifadəsinə verilib. Prezidentinin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə 2009-2013-cü illəri əhatə edən yeni Milli Fəaliyyət Proqramı qəbul edilib. Ardınca isə Nazirlər Kabineti tərəfindən insan alveri qurbanları ilə bağlı “Milli istiqamətləndirmə mexanizmi” və “İnsan alveri qurbanlarının müəyyən edilməsi qaydaları” təsdiq edilib. Bundan əlavə Cinayət Məcəlləsində də cinayətkarlığın bu növü ilə mübarizəni nizamlayan müvafiq maddələr, cinayətin potensial subyektləri hesab edilən uşaq və qadınların, eləcə də kişilərin hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ-hüquqi aktlar var.

İnsan alverinin qarşısının alınması üçün sərt tədbirlər görməkdədir

Ekspertlərin qeyd etdiyi və bizimdə apardığımız araşdırmalar zamanı gəldiyimiz qənaət ondan ibarətdir ki, insan alveri problemi üzrə Azərbaycan həm mənbə, həm təyinat, həm də tranzit ölkəsi rolunu oynayır. Dövlətimiz tərəfindən yuxarıda qeyd edildiyi kimi, insan alverinin qarşısının alınması üçün sərt tədbirlər görməkdədir. Məhz ölkəmizdə bu istiqamətində qanunvericilik bazasının möhkəmlənməsi və Prezident sərəncamlarının imzalanması bir sıra nüfuzlu beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən məmnunluq yaradıb. ABŞ Dövlət Departamentinin 2018-ci il də açıqladığı hesabatında ölkəmizdə insan alveri ilə mübarizə çərçivəsində parlament tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi, əhali arasında maarifləndirmə tədbirləri keçirilməsi, insan alverinin və məcburi əməyin qarşısının alınması, qurbanların müdafiəsi, onlara yardım göstərilməsi sahələrində inkişafın əldə edilməsi və sair məsələlər müsbət qiymətləndirilib və bir ıra ölkələrə nümunə olaraq göstərilib.

Məlumat üçün qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə, 2015-ci illə müqayisədə, 2019-cu ildə 24 faiz çox və ya 122 insan alveri, 12 məcburi əmək, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair 14 fakt aşkarlanmışdır. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilmiş, 12 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Müvafiq cinayətlərə görə 26 şəxs məhkəmə məsuliyyətinə verilmişdir ki, onlardan da 18 nəfəri 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum olunmuşdur. Beynəlxalq axtarışa elan edilmiş təqsirləndirilən şəxslərdən 9-nun yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilmiş və hazırda 22 nəfərin axtarışı davam etdirilir. Müəyyən olunmuş 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyə Respublikasına, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiya Federasiyasına aparılmış, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalmışdır (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı). Qurbanlardan 51-i sığınacağa yerləşdirilmiş, hər birinə zəruri yardımlar edilmiş və təhlükəsizliyi təmin olunmuşdur. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilmiş, 42-nə Kömək Fondu tərəfindən maddi yardım göstərilmiş, 22-i işlə təmin edilmiş, 31-i peşə kursuna göndərilmişdir. Görülmüş tədbirlərlə 31 qurban ailəsinə qayıtmış, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 56 qurbana hüquqi və psixoloji yardım, 16 qurbana Səhiyyə Nazirliyinin müəssisələrində xüsusi tibbi xidmət göstərilmiş, daha 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmuşdur.

Kişilərdə insan alveri qurbanına çevrilirlər

İnsan alveri qurbanları üçün Yardım Mərkəzinin açıqladığı məlumatda o da bildirilir ki, insan alveri qurbanların himayəsində olan 29 azyaşlı müxtəlif təhsil proqramlarına cəlb edilmiş, 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11-nə doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilmiş, 7-i müvəqqəti sığınacağa yerləşdirilmişdir. Qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 165 min manat ayrılmış və bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunmuşdur.

Araşdırmalar zamanı üzə çıxarılan faktlardan biri də, budur ki, yalnız qadınlar deyil, insan alveri qurbanları, həm də, uşaqlar və kişilərdə insan alveri qurbanına çevrilirlər. Kişiləri şirnikləndirici vədlərlə aldadıb, xaricə aparılır və orada onların sənədlərini əllərindən alıb, ucuz işçi qüvvəsi kimi müxtəlif əmək müəssələrində istismar edirlər. Uşaqlar isə dilənçiliyə və başqa qanunsuz hərəkətlərə məcbur edilirlər. Xüsusən də küçə uşaqları daha böyük təhlükə qarşısındadırlar.

Göründüyü kimi ictimai təhlükəli əməl olmaqla təkcə cinayət hüquq pozuntusu deyil, həmçinin ümumbəşəri problemdir. Bu problemin həlli üçün hər bir ölkənin hər bir vətəndaşı ayıq-sayıq olmalı, vətəndaş məsuliyyətini dərk etməklə, ümumbəşəri bəlaya qarşı birgə mübarizə aparılmalıdır. Yalnız birlik və bərabərliklə bu ağrılı problemi qismən də olsa aradan qaldırmaq olar.

Cabir Məmmədov,

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Hüquqi və Demokratik İslahatlar Mərkəzinin keçirdiyi "İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması" layihəsi çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə