Mehriban Əliyeva - Varlığı və fəaliyyəti ilə ölkəsinə ucalıq şərəfi gətirən dəyərli Azərbaycan xanımı
“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”.
Mehriban Əliyeva

Respublikanın ictimai-siyasi, mədəni və sosial həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını həm də dünya miqyasında beynəlxalq cəmiyyətin nüfuz sahibinə çevrilib. Onun qadın gözəlliyi, qadın idarəsi, saflığı və sədaqəti, əlbəttə ki, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərləri sistemində formalaşıb. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz, müstəsna rola malikdir. Bu gün müasirimiz olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, məhz Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rola malikdir. Azərbaycanda baş verən nəhəng sıçrayışlarda, ölkənin simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında, bütün bəşəriyyəti ağuşuna alan koronavirusa qarşı mübarizədə Azərbaycan Prezidenti İlham Əliyev cənabları ilə birgə fəaliyyət göstərən Mehriban xanım Əliyevanın danılmaz fəaliyyəti, genişmiqyaslı layihələri öz uğurlu nəticəsini verib. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində böyük mahiyyət daşıyan addımlar Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.

Öz varlığı ilə məmləkətinə şərəf gətirən Azərbaycanın birinci xanımının fəaliyyəti Azərbaycan haqqında olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxdı. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail oldu. Öz peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə humanist insan obrazını canlandırdı. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə daxil olmasında atdığı addımlar çox əhəmiyyətli hadisədir. YUNESKO-nun, İSESKO-nun, eləcə də digər beynəlxalq nüfuzlu mədəniyyət təşkilatlarının elə bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi dəyərlərindən, mədəniyyətindən, qədim folklorundan söz açılmasın. O, tarixi həqiqətləri, tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının iştirakı olan tədbirlərdə qonaqlara çatdıraraq, maraqlı faktlar əsasındakı çıxışları ilə ölkə həyatında baş verən hadisələrin təbliğinə nail olub. Eyni zamanda Onun humanizminin nəticəsi olaraq Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi geniş bir sferanı əhatə edib. Belə ki, ahıllara, qocalara, uşaqlara qayğı ilə yanaşmaq məsuliyyəti çox dəyərli Mehriban xanımın fəaliyyətində özünü təsdiqləyib.
Mehriban xanım Əliyeva tərəfindən yaradılan Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Fond görkəmli siyasi xadim Heydər Əliyevin ölməz ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. Bu yol Heydər Əliyevin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə doğru yönəlib.

Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatı, Mərhum Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Fransanın eks-prezidenti Nikolya Sarkozinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi və digər belə mükafatlar Onun fəaliyyətinin real qiymətidir.

Fəaliyyətinə görə təqdim olunan mükafatların davamı olaraq Onun Pakistanın nüfuzlu "Daily times" qəzeti və Qadın Könüllülər Təşkilatının "Humanizm simvolu-2012-ci ilin adamı" elan edilməsi də bəşəri, humanizm prinsiplərini yüksək tutmasına söykənir. Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən, təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb. Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda bir sıra layihələr gerçəkləşib. Belə ki, 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, həmin məktəb əsaslı təmir edilib, orada yenidənqurma işləri aparılıb. Bu və ya digər gördüyü işlər onu "Humanizm simvolu-2012-ci ilin adamı" elan edib. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və fərdi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz izləri, əməlləri ilə həkk olunur.

Bu gün gözəl Bakımızda Beynəlxalq Muğam Mərkəzinin yaradıldı, Azərbaycanın qədim musiqisi olan əsrarəngiz muğam musiqisinin YUNESKO-nun qeyri-maddi irs siyahısına salındı. Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və məşhur muğam ustalarının valehedici ifalarının toplandığı "Qarabağ xanəndələri" albomu bu gün bütün dünyada onu sadəcə bircə dəfə dinləyənləri cazibəsindən buraxmır, heyran qoyur. Mehriban xanım Əliyevanın YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasına toxunmayan bir çıxışını belə xatırlamaq çətindir. O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. Dünyanın demək olar ki, bir çox dillərində "Azərbaycan həqiqətləri" adlı kitablar nəşr olunub ki, burada Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdikləri soyqırım, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, türk insanına qarşı vəhşilikləri barədə geniş məlumatlar öz əksini tapır. Bundan başqa Heydər Əliyev Fondu Ermənistanın Xocalı şəhərində törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün bir neçə dildə film də hazırlamışdır. Dünyanın bir çox ölkələrində fondun dəstəyi ilə Xocalı soyqırımının ildönümündə böyük tədbirlər keçirilir, Xocalı soyqırımını anladan foto və "Xocalı uşaqların gözü ilə" adlı rəsm sərgilər nümayiş olunur. Həmin dövrdə bu soyqırımla bağlı dünyanın kütləvi informasiya vasitələri jurnalistlərinin şahidi olduqları materiallardan, onların məqalələrindən ibarət sərgi də dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Mehriban Əliyevanın rəhbərlik etdiyi fond erməni yalanlarını, Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən çoxlu sayda kitablar nəşr etdirərək təkcə Azərbaycana deyil, dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması istiqamətində böyük işlər görür.

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda qısa zaman ərzində gördüyü böyük işlər insanı valeh edir. Bu sadəcə SEÇİLMİŞLƏRƏ verilən bir istedad, ağıl və güc sayəsində mümkündür. Bütün bu əhəmiyyətli faktorlar isə Mehriban xanım Əliyevanın xarizmasında mövcuddur. Bu ali mövcudluq Azərbaycanın adının daha da uca tutulmasında müstəsna rol oynayır.

ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB