Prezident İlham Əliyev: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"
Bu gün dünyanın əsas bəlası, eyni zamanda mövzusu olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaratdı. Müharibələr, çətin vəziyyətlər adamları da, dövlətləri də tanımağa imkan verir. Belə vəziyyətlərdə ilk şərtlərdən biri panikaya məğlub olmamaq, bəlanın miqyasını real qiymətləndirmək, çevik idarəetmə ilə operativ və düzgün qərarlar qəbul etməkdir. Soyuqqanlı və təcrübəli olmaq həmişə işə yarayır.
Elə dövlət başçısının çevik və düşünülmüş addımlarının nəticəsidir ki, bu gün Azərbaycan bu bəladan da böyük nəticələrlə çıxmaqdadır. Yaranmış mövcud durumda Azərbaycan dövləti bütün çətinliklərin öhdəsindən gələ bilir, müvafiq, adekvat addımlar atılır. Ən mühüm olan budur və təkcə xalqımız yox, həm də dünya dövlətləri də faktiki olaraq ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi böyük islahatların faydalı nəticələrini görür.
Rob Sobhani: “Azərbaycan bir çox ölkələr üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir”
“Azərbaycan dünyada bir çox ölkə üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir”. Bunu "Caspian Group Holdings"in baş direktoru, amerikalı ekspert Rob Sobhani deyib. O bildirib ki, bu çox təhlükəli pandemiyanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər aktualdır və təqdirəlayiqdir. Amerikalı ekspert, sosial təcrid tədbirlərini, təhlükəsizlik üçün ictimai yerlərin bağlanmasını və insanları evdə qalmağa çağıran peşəkar şəkildə lentə alınan videoları xüsusi qeyd edib. "Bu tədbirlər sayəsində Azərbaycanda koronavirusdan ölənlərin sayı ümumi əhalinin çox az bir faizini təşkil edir", - deyə amerikalı ekspert vurğulayıb. R.Sobhani, həmçinin Azərbaycanda karantində olan əhaliyə maddi yardım göstərilməsini yüksək qiymətləndirib: "Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdrik qərarı sayəsində vaxtı ilə ölkədə Dövlət Neft Fondu yaradılıb və Prezident İlham Əliyev bu fondun səmərəli işini təmin edib. Buna görə, bu gün xüsusi karantin rejimi zamanı aztəminatlı ailələrə maddi yardım göstərmək üçün kifayət qədər vəsait var".
Bundan əlavə, amerikalı ekspert qeyd edib ki, koronavirusdan sonrakı dövrdə bütün dünyada, o cümlədən Azərbaycanda da iqtisadi fəaliyyətin mərhələli şəkildə bərpasını təmin etmək lazımdır: “Əminəm ki, Azərbaycan rəhbərliyi karantin rejimindən tədricən çıxmaq və iqtisadi fəaliyyətin tam bərpası üçün effektiv bir plan hazırlayacaq”.
Göründüyü kimi, xalqımız öz lideri ilə qürur və fəxr etməyə böyük haqqı var.
Dövlət öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutur
Xüsusilə son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir. Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır və başa düşür. Sevindirici haldır ki, artıq koronavirusa qarşı mübarizə tədbirləri effekt verir və müsbət dinamika müşahidə olunur. Prezident İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd edib ki, koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Karantin vəziyyəti hamını yorsa da, pandemiyanın fəsadları nəzərə alınmalıdır. Nəzərə alsaq ki, dövlət rəhbərliyi, Operativ Qərargah insanların sağlamlığı və təhlükəsizliyi üçün fasiləsiz işləyir, vətəndaşlar da vəziyyətin ciddiliyini nəzərə almalıdır. Dövlət başçısı diqqətə çatdırıb ki, karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq avqust ayının 5-dən yumşalma olub. Vətəndaşlar nəzərə almalıdır ki, əgər bu yumşalmadan sonra yenə də xəstəlik kəskin artsa, karantin rejimi yenə də sərtləşdiriləcək. Ona görə də, hamı məsuliyyətli olmalı, qaydalara əməl etməli, tibbi maskalardan, dezinfeksiyaedici vasitələrdən istifadə etməli, sosial məsafəni gözləməlidir. belə olarsa, karantin rejimini daha da yumşaldıb normal həyata tez qayıtmaq mümkün ola bilər.
“Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik”
“Bu, sadəcə olaraq, görülmüş işlərin bir hissəsidir. Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb"-deyən dövlət başçıs bildirib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, sosial layihələr öz həllini tapmaqdadır: "Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Qeyd etməliyəm ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq”.
“Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir”
Dövlət başçısı keçirilən müşavirədə xüsusilə şəhid və Qarabağ müharibəsi ailələrinin mənzillə təmin edilməsinin həmişə diqqət mərkəzində olduğunu və bundan sonra da dövlətin qayğısının mütəmadi olaraq ediləcəyini də deyib: “Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir». Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir”.
Dövlət başçısı bütün bu aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bildirərək deyib ki, görülən işlər apardığımız düzgün siyasətimizin nəticəsində əldə olunub: “Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik”.
Lakin təəssüf doğuran odur ki, hələ də harınlaşmış bəzi məmurlar karantin rejiminin qaydalarına əməl etməyərək problemlər yaradırlar. Ancaq bu harınlaşmış məmurlar anlamalıdırlar ki, Azərbaycan hüquqi dövlətdir, heç kimə qanunları pozmağa imkan verilməz.
Prezident İlham Əliyev: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxulmaz deyil”
Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyeva xalqımıza dəfələrlə müraciət edərək qaydalara əməl etməyi, infeksiyadan qorunmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi tövsiyyə etmişdirlər. Dövlət başçısı hər bir vətəndaşın, xüsusilə də məmurların vəzifəsi karantin rejiminə riayət etmələrini vurğulayaraq bildirir ki, qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil: «Qanun qarşısında bərabərlik dövlətdə davamlı sabitliyin, cəmiyyətin bütün təbəqələrindən olan vətəndaşların maraq və mənafelərini müdafiə etməyə qadir mükəmməl idarəçilik mexanizminin yaradılmasının fundamental prinsiplərindən biridir. Bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Çünki qanunlar və onların icrasına məsul dövlət qurumlarının kifayət qədər dəqiq, operativ işləyən nəzarət mexanizmləri var. Üstəlik ictimai nəzarətin də bu məsələdə rolu zaman keçdikcə artır. Ona görə də hər birimiz atdığımız addımları daha dərindən ölçüb-biçməli, dövlətimizin qanunlarına hörmət nümayiş etdirməliyik".
Bəli, başqa addım da atmaq olmaz. Çünki Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir, öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Yəni hansısa vəzifəli şəxsin yol verdiyi pozuntulara onun sosial statusuna görə qiymət verilməməlidir. Hər bir kəs qanun qarşısında eyni qaydada məsuliyyət daşıyır və hüququn başlıca prinsipi ədalətdir, hüquq insanlara deyil, konkret əməllərə qiymət verir.
Və bu günlərdə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi qınağına məruz qalıb. Və həmin adamlar bir daha bilməlidirlər ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Çünki qanun şahdır, şah qanun deyil. Heç bir şəxs öz mövqeyindən, statusundan istifadə edərək qanunları poza və qanunun tələblərini poza bilməz və bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!
Beləliklə, hər bir şəxs mövcud reallığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – “Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB