“Vətəndaş məsuliyyəti müsbət nəticələrə gətirib çıxarıb” ÖZƏL-ŞƏRH

“Vətəndaş məsuliyyəti müsbət nəticələrə gətirib çıxarıb” ÖZƏL-ŞƏRH

“Dövlətimizin davamlı, sistemli şəkildə atdığı addımlar nəticəsində həqiqətən də koronavirusla mübarizə istiqamətində Azərbaycanda müsbət dinamika əldə edilib. Biz xatırlayırıq ki, bir neçə həftə bundan öncə ölkədə aktiv, yəni müalicə altında olan xəstələrin sayı 8 mindən çox idi. Amma bu gün bu rəqəm 2 minin altındadır. Yəni, kifayət qədər böyük irəliləyiş əldə edilib və bu da təsadüfi deyil. Yəni, qeyd edildiyi kimi, atılan sistemli addımların nəticəsində buna nail ola bilmişik.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, xüsusi karantin rejiminin uzadılması, eyni zamanda məhdudiyyətlərin tətbiq edilməsi, vətəndaş məsuliyyətinin yüksəldilməsi və təbiidir ki, dövlətin də vətəndaşların sosial problemlərinin həlli istiqamətində atdığı addımlar buna, müsbət nəticələrə gətirib çıxarıb.

“Əlbəttə bizim həkimlərimizin, polislərimizin cəfakeşliyini də ayrıca vurğulamaq lazımdır. Bütün bunlar nəticə etibarı ilə bizim üçün əlverişli bir şərait yaradıb. Belə bir şəraitin qorunub saxlanması və koronavirus dalğasının növbəti mərhələdə daha şiddətli şəkildə boy verməsinin qarşısının alınması üçün məhdudlaşdırıcı tədbirlər hələ də davam etdirilməlidir. Yəni, xüsusi rejimli karantin qaydalarının tətbiqi qaçılmazdır.

Əlbəttə, gediş-gəlişlə bağlı, yaxud da iş yerlərinin açılması ilə bağlı müəyyən yumşalmalar olub və yəqin bundan sonra da olacaq. Amma bunlar onunla müşaiyət olunmalıdır ki, insanlar maska taxmalıdır, məsafəli davranmalıdır, gərəksiz yerə toplanmamalıdır. Xüsusən də məclislərin, mərasimlərin keçirilməsi hələ də yasaq olaraq qalmalıdır. Belə olacağı təqdirdə, bəli, biz o müsbət dinamikanı qoruyub saxlaya biləcəyik və Azərbaycanda yoluxanların, dünyasını dəyişənlərin sayı minimum səviyyədə tutula biləcək.

Hətta dünyanın ən aparıcı ölkələri müəyyən yumşalmalara getdikdən sonra çox ciddi bir təlatümlə üz-üzə qaldılar. Yəni, Fransa kimi, İspaniya kimi, Almaniya kimi ölkələrdə yoluxanların sayı artdı, Amerika Birləşmiş Ştatlarında fəlakət həddinə çatdı. Hindistanda, Braziliyada həmçinin ümumiyyətlə bu gün çox dəhşətli bir vəziyyət var. ABŞ, Braziliya, Hindistanda artıq yoluxanların sayı milyonlarla, gündəlik yoluxanların da sayı 10 minlərlə ölçülür. Təbii ki, buna müvafiq də dünyasını dəyişənlərin sayı minlərlə artıq ölçülür. Bu ölkələrdə gün ərzində ən azı 1000-1200 nəfər bu xəstəlik səbəbindən vəfat edir. O baxımdan mən düşünürəm ki, Azərbaycan insanı bir qədər də təmkinli, səbrli olmalı, atılan addımları anlayışla qarşılamalı, ümumiyyətlə isə bizim hər birimiz koronavirusla mübarizə proqramlarına dəstək olmalıyıq. Dəstək dedikdə bizdən nə tələb olunur? Heç kim bizdən pul istəmir, çörək istəmir, yaxud da ki, üstün bir cəfakeşlik, fədakarlıq istənilmir. Bizim dövlətimiz sadəcə olaraq, Azərbaycan vətəndaşından məsuliyyətli davranmağı istəyir. Yəni, qeyd etdiyim kimi, kütləvi tədbirlərdən çəkinmək, maska taxmaq, məsafə saxlamaq tələb olunur. Mən düşünürəm ki, insanlar bu məsələlərə, bu tələblərə əməl etsələr, qarşıdakı mövsümdə, yəni, payız, qış ayıarında yoluxmaların sayında artım olmaya bilər. Hətta, mən düşünürəm ki, bu yoluxma həddi daha da aşağı enə bilər. Əks təqdirdə, əlbəttə ki, yeni bir dalğanın gəlməsi qaçılmaz olacaq və o da öz arxasınca çox ciddi sosial problemlər gətiəcək. Yəni, işsizlik məsələsi, insanların qidalanma problemi, təbii ki, başqa xəstəliklərin də daha geniş yayılması və sairə baş verə biləcək. Ona görə düşünürəm ki, insanlarımız bir qədər də səbrlərini, təmkinlərini qorusunlar, dövlətin atacağı istənilən addımı anlayışla qarşılasınlar və əlbəttə ki, bu mərhələni hamımız əl-ələ verib dövlətimizlə birlikdə adlaya bilərik. Əks təqdirdə, məsuliyyətsiz davranacağımız təqdirdə, gərəksiz yerə karantin rejimini tələb edəcəyimiz təqdirdə həm özümüzü, həm əzizlərimizi, həm də bütövlükdə xalqımızı risk altına qoya bilərik”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə