Ermənistanı yalnız məğlubiyyət gözləyir - ŞƏRH

Ermənistanı yalnız məğlubiyyət gözləyir - ŞƏRH

İşğalçı ölkənin növbəti diversiya və terror cəhdi Tovuz istiqamətində təxribatın davamıdır

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində baş verən hadisə bir daha Ermənistanın işğal və terror siyasəti yürütməsini təsdiqlədi. Hərbçilərimizin sayıqlığı, fədakarlığı və peşəkarlığı ilə düşmənin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdinin qarşısı layiqincə alındı. İfşa olunan diversantlar itki verərək geri qaçsalar da, onlara komandirlik edən Qurgen Alaverdyan əsir götürüldü. Qeyd edək ki, bu növbəti diversiya, sabotaj və terror cəhdidir, cari ilin iyulun 12-də Azərbaycan-Ermənisan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın həyata keçirdiyi təxribatın davamıdır. Bununla bağlı yenə də Ermənistan tərəfindən yaralananlar və ölənlərin olduğu barədə məlumatlar olduğu gizlədilir.Baş verən təxribat bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmir. Eyni zamanda, düşmən Tovuzda aldığı son dərslərdən də hələ lazımi nəticə çıxara bilmir. Əksinə, Ermənistan və işğal edilmiş ərazilərdə yaradılan qondarma rejimin rəhbərliyi sərsəm bəyanatlar verir, Gəncəni, Mingəçeviri, Naxçıvanı vurmaqla hədələyir. Ardınca Goranboy istiqamətində yeni təxribatlara əl atılır. Düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən hər dəfə qətiyyətlə alınır. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Qurgen Alberyanın guya “hərbi mövqeləri yoxlamaq üçün” getdiyini, ancaq hava şəraitinin pis olması səbəbindən “azdığını” bildirib. Lakin bu açıqlamanın reallıqdan çox uzaq olmasını Ermənistanın özündə də yaxşı bilirlər. Göründüyü kimi, reallıq odur ki, düşmən bu dəfə Goranboy istiqamətində təxribata getmək istəyib, amma yenə layiqli cavabını alıb.

Şair Ramaldanov: “Ermənistan terror dövləti olduğunu növbəti dəfə təsdiqlədi”

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirir ki, Azərbaycan Ordusu 2016-cı ilin aprelində Ermənistanın silahlı qüvvələrinin təxribatının qarşısını alaraq əks-həmlə ilə strateji yüksəklikləri, min hektarlarla ərazini işğaldan azad edib. Bu ilin iyulunda isə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumunun qarşısı alınıb, düşmən ciddi itkilər verib: “Ermənistanda cəmiyyət bu uğursuzluqlara birmənalı münasibət bəsləmir, yenə də əsgər anaları Ermənistan Müdafiə Nazirliyinə üz tutur. Buna görə də düşmən yenə təxribat törətməyə cəhd edərək, təmas xəttində gərginliyə səbəb olan addımlar ataraq, erməni cəmiyyətinin diqqətini bu gərginliyə yönəltmək, daxili problemlərdən diqqət yayındırmaq istəyir. Bu, növbəti diversiya, sabotaj və terror cəhdidir, cari ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın həyata keçirdiyi təxribatın davamıdır. Azərbaycan Silahlı Qüvvələri ayıq-sayıqlığını, peşəkarlığını növbəti dəfə nümayiş etdirərək diversiya cəhdinin qarşısını aldı və qrupun komandiri əsir götürüldü”.

Ş.Ramaldanov vurğulayıb ki, Azərbaycan Ordusunun təmas xəttində olan bölmələri ən müasir müşahidə və kəşfiyyat texniki vasitələri ilə təmin olunub: “Əlbəttə, erməni tərəfi indi cürbəcür şayiələr yayacaq. Ya deyəcəklər ki, həmin zabit yolu azıb, ya deyəcəklər ki, əsir götürülən şəxs ağıldan kəmdir, ya da başqa bəhanə gətirsələr də, işğalçı ölkənin uğursuz olan bu cəhdi də bir daha Ermənistanın terror dövlət olduğunu təsdiqlədi. Ancaq düşmən bilsin ki, Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribat və hücumunun qarşısını almağa hazırdır”.

Düşmənin yenə də yalanlar üzərində qurulan açılaması

Həmişə olduğu kimi, bu hadisədən sonra düşmən tərəfinin açıqlaması ənənəvi yalanlar üzərində quruldu. Guya ki, erməni zabit dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından "yolu azaraq itkin düşüb”. Ermənilər bunu deməklə diversiya faktını təkzib etməyə çalışmaq istəsə də Qurgen Alaverdyanın üzərindən götürülən hərbi ləvazimatlar yolu azma faktını tamamilə inkar edib. Və belə hadisələr nə birincidir, nə də sonuncu. Belə ki, Arsen Eduardoviç Baqdasaryan diversiya qrupunun digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd "fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Başqa bir erməni diversant Karen Armenoviç Ğazaryan isə 2018-ci il iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində kəşfiyyat-diversiya qrupunun tərkibində təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü Karen Ğazaryan ələ keçib. Məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Göründüyü kimi, hər dəfə təxribat qrupunda olan hər hansı bir şəxs Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf onları psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir. Son olaraq əsir götürülən Qurgen Alaverdyan əgər zabit hərbi geyim formasında olmasaydı, sözsüz ki, Ermənistanın müdafiə nazirliyi onu da ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi. Bu baxımdan düşmən ölkənin müvafiq qurumlarının diversiya cəhdi faktını təkzib etməsi təəccüb doğurmur.

Lakin bunu bir daha vurğulamaq lazımdır ki, nə qədər ki, Ermənistan təxribat və terror metodlarından əl çəkməyəcək, Azərbaycan ordusu tərəfindən ciddi itkiyə məruz qalacaq. Ancaq görüntü ondan ibarətdir ki, ermənilər ənənvi təxribat metodlarından əl çəkmək niyyətindən uzaqdırlar, çünki işğalçı Ermənistanın bu çirkin əməllərə əl atmaları bir daha təcavüzkar olduğunun göstəricisidir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı qeyd edib ki, bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür: "Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin".

Deməli, Ermənistan hakimiyyətinin təxribat və terror cəhdləri əbəsdir və istənilən zaman Azərbaycan Ordusu tərəfindən qarşısı alınacaq. Ermənistanı yalnız məğlubiyyət gözləyir. Tezliklə isə gündən-günə güclənən, qüvvətlənən şanlı Azərbaycan ordusunun qələbə sorağı işğal altında olan Qarabağdan, Şuşadan, Xankəndindən gələcək…

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə