"Artıq vətəndaşlarımız şübhə ilə yanaşdığı virusun ciddiliyini qəbul edib" ÖZƏL - AÇIQLAMA

"Sevindirici hal odur ki, yurddaşlarımız başda şübhə ilə yanaşdıqları koronavirusun ciddiliyini qəbul etdilər. Bunun nəticəsində sosial məsafə, gigiyena halları gözlənərək virusdan qorunuldu". Bu sözləri SİA-ya açıqlamasında "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

Onun sözlərinə görə, altı aylıq bir karantin dövrü müxtəlif yanlışlıqlarla bərabər pandemiyanın ölkəmizdə yayılmasını qismən önlədi, həm də böyük bir təcrübə topladıq: "Modul tipli xəstəxanalar, əsas xəstəxanalar açıldı. Xüsusi dərman preparatı olmasa da dövlət lazımi tibbi, texniki vasitələri alaraq xəstəxanaları təmin etdi. Xaricidə yaşayan həkimlərimizdən də ölkəyə kömək üçün dönənlər oldu. Pandemiya ilə mübarizədə qəhrəman həkimlərimiz, tibb işçilərimiz böyük iş gördülər. Təəssüf ki, qırxın üstündə həkimlərimiz bu mübarizədə şəhid oldular. Allah rəhmət eləsin. Lakin, bu qəhrəmanlarımız sayəsində ölkəmizdə pandemiyadan ölüm hallarının azalması böyük təsəlli yaratdı. Düşünürəm ki, Bakı və Sumqayıt şəhərlərindən çıxışa anlamsız əngəl yaradıldı. Halbuki, yay fəslində bu iki şəhərin maksimum boşaldılması önəmli idi".

QHT sədri bildirib ki, ancaq sevindirici hal odur ki, yurddaşlarımız başda şübhə ilə yanaşdıqları koronavirusun ciddiliyini qəbul etdilər: "Bunun nəticəsində sosial məsafə, gigiyena halları gözlənərək virusdan qorunuldu. Amma uzun müddət karantin rejimi özü ilə bərabər böyük iqtisadi problemlər də gətirdi. İstər dövlət, istərsə də özəl sektor ciddi zərərə məruz qaldı. Bunları nəzərə alaraq artıq hər sahədə karantin qaldırılmalı, diqqətli yüngülləşdirməyə gedilməlidir. Xüsusən toy mərasimlərinin keçirilməsi üçün təcili planlar hazırlayaraq icazə verməlidirlər. Çünki, bu günkü toy qadağaları bir neçə il sonra ciddi demoqrafik problemlər yaradacaq. Özəlliklə bizim kimi müharibə şəraitində yaşayan ölkədə bu məsələlərə diqqət yetirilməlidir. Bundan başqa təhsilimizi də düşünməliyik. Onun üçün məktəblərdə siniflərin doluluq vəziyyətini nəzərə alaraq məktəblərin həyətlərində prefabrik sinif otaqları hazırlanmalıdır. Mümkün olan yerlərdə modul tipli xəstəxanalar kimi yüngül konstruksiyalı sinif otaqları tikilməlidir".

Qorxmaz İbrahimli qeyd edib ki, bu virusla yaşamağa məcbur olduğumuzdan həyatımızı da ona uyğunlaşdırmalıyıq: "Həm də vətəndaşların çoxunda antikorlar yaranmağa başlayıb. Virus öz öldürücülük gücünü də itirməyə başlayıb. Bütün bunları və iqtisadi vəziyyəti nəzərə alaraq karantin rejimi yumşaldılmalı, bütün qadağalar yavaş-yavaş koronavirus önləmlərini nəzərə alaraq qaldırılmalıdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə