Xalqın sevgisini qazanan insan - MEHRİBAN ƏLİYEVA

Xalqın sevgisini qazanan insan - MEHRİBAN ƏLİYEVA

Nəcib əməllər, humanizm və xeyirxahlıq bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.

Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində görülən bu və ya digər işlər dövlətin maraqlarını ifadə edir. Məhz Mehriban Əliyevanın Prezidenti olduğu Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir. Fondun loqosundakı göy və qızılı rənglər artıq bu qurumun fəaliyyətindən çox məqamları əks etdirir. Səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi ifadə edən göy rəng həm də milliliyin göstəricisidir. Qızılı rəng isə günəş, sülh, inkişaf, işıqlı gələcək simvolu deməkdir.

Dünyada ən işgüzar Birinci xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir.

Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir: “İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

Əslində, onun gördüyü bu işlər Azərbaycanı yaşatmaq siyasətidir. Azərbaycanı tanıtmaq siyasətidir. Azərbaycanı olduğu kimi dünya ponaramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla, mədəni körpülər vasitəsilə siyasət həyata keçirilir. Ehtiyacı olan iqsanlara yardım edir, mənəvi dünyasının qapılarını onların üzünə açır.

Azərbaycanın Birinci Xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Belə ki, bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır.

Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Hətta xarici dövlətlərdə belə elmə, təhsilə diqqət göstərir. Belə ki, Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib.

Ümummilli Lider Heydər Əliyevin adını daşıyan, Onun ideyalarının həyata keçirilməsini özünün əsas vəzifəsi hesab edən fondun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı” proqramı çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər də xüsusilə önəmlidir. Qurum beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradır, ölkəmizdə əhalinin sağlamlığı naminə onların imkanlarından da istifadə edir.

Azərbaycanın mədəniyyətlərin və dinlərin qovuşduğu məkana çevrilməsindəki rolu müstəsnadır. Heydər Əliyev Fondu ölkəmizdə və ondan kənarda dini abidələrin qorunması və bərpasına yardım göstərir. Fondun dəstəyi ilə paytaxtımızdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmışdır. Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilib.

Çoxşaxəli fəaliyyətində yorulmaq bilmir Mehriban Əliyeva. Hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur: “İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir”, - deyir Mehriban Əliyeva. Gecəli-gündüzlü əmək, fəaliyyət Azərbaycanla - doğulub, boya-başa çatdığı məmələkətlə bağlıdır.

Mehriban Əliyevanın bir qadın, ana, ictimai-siyasi xadim kimi gördüyü işlər hər zaman diqqət mərkəzindədir və Ona böyük etimad göstərilir. Onun fədakarlığı, ictimai mövqeyi hər kəsə örnəkdir, qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir.

Əməlləri ilə nümunə olan Mehriban xanım Əliyeva ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıq kimi Azərbaycanın qapısını dünyaya açıb. Hələ Mehriban xanım Əliyevanın vərəqləyəcəyi çox, lap çox məqamlar var. Onların hər biri Azərbaycanla bağlıdır.

Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan birinci vitse-prezident dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. Azərbaycan Mehriban xanım Əliyevanın timsalında dünyada öz layiqli yerini tapıb. Bu gün Mehriban Əliyevanın gördüyü işlərin sədası dünyanın hər yerindən eşidilir. Dünya dövlətlərinin yüksək tribunalarındakı çıxışı və qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, Mehriban Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə bir daha sübut etdi. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan qadınıdır.

Bu ilin əvvəlindən bütün dünyanı ağuşuna almış yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyasına başlayıb. Aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndiməkdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilib. Aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib.

Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibətilə həssas əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək layihələri həyata keçirilib.

Zümrüd

QEYD: Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçmişdir.

1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub.

2002-ci ilin oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. Həmin ildə AGF-nin fəaliyyətinə 4 gimnastika növünün inkişafı daxil idisə, bu gün ölkəmizdə artıq 9 gimnastika növü inkişaf etdirilməkdədir. 2014-cü ildən etibarən isə dünyada nadir idman tikililərindən hesab olunan Milli Gimnastika Arenası gimnastlarımızın məşq etməsi və yarışların keçirilməsi üçün istifadəyə verilmişdir.

Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb.

2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər) ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq deputat seçilib.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.

Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına, noyabrın 23-də ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2010-cu il iyulun 30-da Mehriban Əliyevaya UNESCO-nun “Qızıl Motsart” medalı təqdim edilib. 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.
2013-cü ilin yanvarında Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban Əliyevanı “Humanizm simvolu – 2012-ci ilin adamı” elan edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

2020-ci il fevralın 22-də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə