Metro fəaliyyətini nə vaxt bərpa edəcək? - REPORTAJ - SORĞU-SƏS TV

Metro fəaliyyətini nə vaxt bərpa edəcək? - REPORTAJ - SORĞU-SƏS TV

Son günlər Bakı şəhərində ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Problemin həlli ilə əlaqədar alternativ vasitələrdən istifadə etmək mümkündür. Paytaxtın sərnişindaşıma yükünün böyük qismini öz üzərinə götürən metropolitenin fəaliyyətini dayandırması isə vəziyyəti daha da çətinləşdirir. Azərbaycandan fərqli olaraq qonşu Rusiyada, Türkiyədə, Avropa, Amerika, Skandinaviya və bir çox ölkələrdə metroların fəaliyyəti artıq bərpa edilib. Bəs, Azərbaycanda metronun fəaliyyəti nə vaxt bərpa olacaq, mütəxəssislər və rəsmilər bu barədə nə düşünür, vətəndaşlar metronun yoxluğunda hansı problemlərlə üzləşir? Bütün bu suallara cavab tapmaq üçün SİA paytaxt sakinləri arasında sorğu keçirib.

Paytaxt sakini Qasımova Cəmilə: - "Metro tezliklə öz işinə başlasaydı çox yaxşı olardı. Avtobuslarda sıxlıqla əlaqədar işə gedib-gəlmək çox çətindir. BakıKartla bağlı bir sıra problemlər yaşayırıq. Belə ki, metrolar bağlı olduğundan gediş haqqını yükləmək üçün bəzən uzun yol qət etməli oluruq".

İlham Ramazanov: -"Metronun bağlı olması ilə əlaqədar avtobuslarda sıxlıqlar müşahidə olunur. Lakin pandemiyanın qarşısının alınması üçün dövlətin gördüyü tədbirlərlə bağlı görünür metronun açılması məsləhət deyil. Vətəndaş olaraq bu qərarla tam razıyam".

Bakı sakini Süleymanova Zabitə: - "Bəzən sıxlıqla əlaqədar 2-3 avtobus ard-arda keçməsinə baxmayaraq sərnişin götürmür. Düşünürəm ki, metronun açılması yaxşıdır. Ən azından sərinişin sayında azalmalar olardı".

Əhmədov Elcan: - "Xırdalanda yaşayıram və hər səhər şəhər mərkəzinə gələ bilmək üçün 2 bəzən 3 avtobus dəyişirəm. Metronun açılması vacibdir. Çünki metronun bağlı olması ilə əlaqədar çox əziyyət çəkirik. Buna görə də, metronun tez bir zamanda açılmasını səbrsizliklə gözləyirəm. Həftə sonları isə avtobuslar işləmədiyindən işlərimizin ardıyca gedə bilmirik. Bu isə bir sıra problemlərə yol açır".

Piriyev Hilal: - "BakuBus"-lar bəzən dayanacaqlarda saxlamır, avtobusu idarəetmədə də problemlər yarana bilir. Bəzən qəfil əyləci sıxdıqları üçün sıxlıq olduğundan insanlar yıxıla, yüngül də olsa xəsarət ala bilərlər. Buna görə də, sərnişinlər arasında narazılıqlar çoxalır. M2 avtobuslarda sıxlıq müşahidə olunur".

Əzizov Həsən: - "Mən Ukraynadan yenicə gəlmişəm, peşəkar döyüşçüyəm. İctimai nəqliyyatda və yollarda sıxlıq müşahidə olunur. Ona görə də, metronun bağlanması mənə aydın deyil. Camaat əziyyət çəkir. Həftə sonları niyə ictimai nəliyyat fəaliyyət göstərmir? İnsanlar taksilərdən istifadə etməyə məcbur qalır. Bu da təbii ki, vətəndaşlara maliyyə baxımından problem yaradır.

Əmir Ələkbəroğlu: - "Bakı Nəqliyyat Agentliyinin əziyyəti çoxdur. Əhali maskalardan normal istifadə etsə, sosial məsafəni qorusa metronun açılması barədə danışmaq olar".

Metronun nə zaman açılacağı ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması yalnız və yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın birbaşa səlahiyyətindədir. Ümumiyyətlə, metronun yeraltı qapalı məkan olduğundan özünəməxsus xüsusiyyətləri var. Bu barədə konkret olaraq vəziyyətin qiymətləndirilməsi sırf epidemioloji vəziyyətlə bağlıdır. Bu isə müvafiq sahənin mütəxəssislərinin səlahiyyətidir. Bu səbəbdən metropoliten yalnız sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün bu sahədə müvafiq qərar verilərsə, Metropoliten Operativ Qərargahın müvafiq metodiki göstərişlərinə uyğun olaraq əvvəlki qaydada sərnişindaşımanı təşkil etməyə hazır olacaq. Hazırda Metropoltenin əsas məqsədi bütün infrastrukturu hazır və sağlam vəziyyətdə saxlamaqdır.

Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev isə məsələ ilə əlaqədar açıqlamasında bildirib ki, istənilən sıxlıq, insanların çox toplaşdığı yerlər xəstəliyin yayılmasına şərait yaradır. Bu istər metro, istər avtobus, istər hər hansı bir tədbir, yas və ya toy məsarimi olsun. Həmin yerlərdə insanların maskadan istifadə etməsi və məsafəni gözləməsi xüsusilə vacibdir. Və sıxlıq yaranan məkanlarda insanların çox qalması yoluxma hallarını qat-qat artırır. Metronun bərpası məsələsinə gəldikdə isə bu barədə bir şey deyə bilmərəm. Çünki metronun özü də insanların çox sıx toplaşdığı yerlərdən biridir. Əgər metro istifadəyə verilərsə, orada nəzarət mexanizmi son dərəcə güclü olmalıdır. Həm avtobuslarda, həm də metroda sıxlığın olmamasına xüsusi nəzarət olunmalıdır. Metro açılmasa belə, ən azından avtobusların sayı artırılmalıdır. Yaxşı bir fikir irəli sürülmüşdü ki, bir sıra müəssisələrdə işlər müxtəlif vaxtlarda başlasın və müxtəlif vaxtlarda qurtarsın. Bu da öz növbəsində ictimai nəqliyyatda sıxlığın azalmasına səbəb ola bilər. Metro əgər açılarsa, vaqonların sayının artırılması və sosial məsafənin gözlənilməsi vacibdir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə