Azərbaycan ordusunun növbəti uğuru

Azərbaycan ordusunun növbəti uğuru

Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribatı məğlubiyyətlə nəticələndi

Yenə də cəbhə və sərhəd xəttində baş verənlər işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində hələ də maraqlı tərəf olmadığını yenidən nümayiş etdirməkdədir. Düşmən hər dəfə layiqli cavabını almasına baxmayaraq, təxribatlarına son qoymur və bu da yeni hərbi əməliyyatları tətikləyən faktor kimi çıxış edir. Belə ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu növbəti təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb. Qeyd edilir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Növbəti diversiya, sabotaj və terror cəhdi – Azərbaycan ordusu düşmənə yenə də yerini göstərdi

Qeyd edək ki, bu növbəti diversiya, sabotaj və terror cəhdidir, cari ilin iyulun 12-də Azərbaycan-Ermənisan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın həyata keçirdiyi təxribatın davamıdır. Bu dəfə də Azərbaycan Silahlı Qüvvələri ayıq-sayıqlığını, peşəkarlığını nümayiş etdirərək diversiya cəhdinin qarşısını aldı və qrupun komandiri əsir götürüldü. Bununla bağlı yenə də Ermənistan tərəfindən yaralananlar və ölənlərin olduğu barədə məlumatlar olduğu gizlədilir.

Baş verən təxribat bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmir. Eyni zamanda, düşmən Tovuzda aldığı son dərslərdən də hələ lazımi nəticə çıxara bilmir. Əksinə, Ermənistan və işğal edilmiş ərazilərdə yaradılan qondarma rejimin rəhbərliyi sərsəm bəyanatlar verir, Gəncəni, Mingəçeviri, Naxçıvanı vurmaqla hədələyir. Ardınca Goranboy istiqamətində yeni təxribatlara əl atılır. Bunlar bir daha onu göstərir ki, düşmən məqsədli şəkildə cəbhə bölgəsində gərginlik yaratmaq istəyir. Yuxarıda qeyd olunduğu kimi, düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən hər dəfə qətiyyətlə alınıb. Erməni diversiya qrupunun komandirinin əsir götürülməsi də bu mənada Azərbaycan ordusunun yüksək səviyyədə hazırlıqlı olduğunu bir daha sübuta yetirir. Üzləşdiyi bu olaydan diqqəti yayındırmaq üçün isə erməni tərəfi yenə sərsəm mövqe sərgiləyir. Belə ki, erməni diversiya-kəşfiyyat qrupunun itki verərək geri çəkilməsi və komandir Qurgen Alberyanın Azərbaycan ordusu tərəfindən əsir götürülməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyi gülünc açıqlama yayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Qurgen Alberyanın guya «hərbi mövqeləri yoxlamaq üçün» getdiyini, ancaq hava şəraitinin pis olması səbəbindən «azdığını» bildirib. Lakin bu açıqlamanın reallıqdan çox uzaq olmasını Ermənistanın özündə də yaxşı bilirlər. Göründüyü kimi, reallıq odur ki, düşmən bu dəfə Goranboy istiqamətində təxribata getmək istəyib, amma yenə layiqli cavabını alıb.

Tiqran Abrahamyan: “Azərbaycan ordusunun döyüş və qələbə əzminin yüksək olduğunu etiraf etmək lazımdır”

Ermənistanın “Henaket” analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan da qeyd edir ki, baş verənlər erməni tərəfinə getdikcə daha baha başa gəlir. O, Azərbaycan ordusunun böyük gücə sahib olmasının da burada öz sözünü dediyini vurğulayır: “Azərbaycan ordusunun döyüş və qələbə əzminin yüksək olduğunu etiraf etmək lazımdır. Hələ 2016-cı ildə baş verən aprel savaşı, demək olar ki, bütün istiqamətləri əhatə edən əməliyyatlar oldu. O əməliyyatlarda iştirak edən yüksək vəzifəli zabit və hərbi qulluqçular orduda hələ də qalır. Onlar məğlubiyyətin acısını hiss ediblər. Və bu da onları həssas edib. Azərbaycan ordusu Qarabağ məsələsini çox qısa müddətdə həll edə bilər. Üstəlik, daim danışılan bəzi epizodlar var, onlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin arsenalından hələ tam istifadə etməməsidir”.

Tiqran Abrahamyan bildirir ki, Azərbaycan bu halda genişmiqyaslı müharibəyə başlasa, Ermənistan üçün çox çətin olacaq.

Düşmənin məkrli niyyətləri…

Nə qədər ki, quduzlaşmış düşmən öz məkirli niyyətlərini həyata keçirmək istəsə də, daha böyük biabırçı və itkilərlə məğlubiyyətə uğurrayacaq. İstər İstər 2016-cı il aprel döyüşlərində, istər iyulun 12-də Tovuz rayonu istiqamətində həmişə Azərbaycan Ordusu və rəşadətli əsgərlərimizin şücaəti nəticəsində dəflərəl lazımi dərslər alan Ermənistan bu təxribatları törətməklə bir daha işğalçılıq siyasətində olduğunu sübut edir. Ekspertlər bu məsələdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana gözlənilən səfərinin az rol oynamadığını bildirirlər. Ekspertlərin sözlərinə görə, Sergey Şoyqu Azərbaycanda sərhəddə erməni təxribatından tutmuş Ermənistana Tovuz döyüşlərindən sonra göndərilən 400 ton hərbi texnika, Azərbaycanla hərb sahəsində mümkün yeni əməkdaşlığa dair də müzakirələr də aparacaq. Bu kimi məsələlər, xüsusən də Azərbaycanla yeni mümkün hərbi razılıqlar, o cümlədən Türkiyənin regionda mümkün yeni rolu barədə Bakıda gözlənilən müzakirələr Ermənistanda çox ciddi narahatlıq yaradır. Görünür, məhz hərtərəfli məğlub vəziyyətdə qalan işğalçı Ermənistan yeni cəbhə təxribatına getmək və vəziyyəti gərginləşdirməklə guya bu proseslərin qarşısını ala biləcəklərinə ümid edirlər. Amma hər dəfə daha böyük uğursuzluğa düçar olurlar.

Bu gün işğalçı və quduzlaşmış Ermənistan bir daha anlamalıdır ki, tezliklə gündən-günə güclənən, qüvvətlənən şanlı Azərbaycan ordusunun qələbə sorağı işğal altında oan Qarabağdan, Şuşadan, Xankəndindən gələcək. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında ifadə etdiyi mövqeyi bir daha səsləndirmək istəyirəm: “Qarabağ Azərbaycandır və nida işarəsi!”.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə