Tovuz təxribatı Ermənistanın işğalçı dövlət olduğunu isbatladı - ŞƏRH
Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribata əl atması hələ də dünya mətbuatının, siyasi arenanın müzakirə mövzusu olaraq qalır. Dünyanın siyasi dairələri, analitik mərkəzləri, hətta Ermənistanı dəstəkləyən dövlətlər bu təxribatın sonucu olaraq hər iki tərəfin ağır silahlardan istifadə etməklə müharibəyə başlamasında rəsmi İrəvanın daha çox maraqlı olduğunu düşünürlər. Hər kəs bilir ki, Ermənistanla Azərbaycanın az qala 30 ilə yaxındır ki, münaqişədə olmasının əsas səbəbi Dağlıq Qarabağın Ermənistan ordusu tərəfindən işğalıdır və rəsmi Bakının əsas hədəfi də Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğaldan azad etməkdir. Belə olan halda Azərbaycanın məhz Tovuz istiqamətindən hücuma keçməsinə ancaq axmaqlar inana bilər. Sübuta ehtiyacı olmayan düsturun açması budur ki, Ermənistan bilərəkdən, məqsədli şəkildə sərhədin bu istiqamətindən təxribata başladı ki, dünya ictimaiyyətini Azərbaycanın Ermənistana təcavüz etdiyinə inandıra bilsin. Amma Ermənistanın çirkin oyunlarının bir və birinci hədəfi Azərbaycanın kommunikasiya xətlərini, neft-qaz boru kəmərlərini, beynəlxalq nəqliyyat xəttlərinin bir hissəsi olan dəmir yolunu ələ keçirmək və ölkəmizin qərbə istiqamətlənmiş yolunu bağlamaq idi…
Rəsmi Bakı daim dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi olmalıdır. Təəssüf ki, işğalçı dövlət bu prinsipləri kobud şəkildə pozur. Belə bir vəziyyətdə beynəlxalq təşkilatların siyasətində bütün dövlətlərə ədalət meyarının tətbiqi üçün vahid mexanizm mövcud deyil. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, həmçinin ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn tətbiqinin zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, Azərbaycana gəldikdə isə bu sənədlərin icrası 25 ildən artıqdır ki, kağız üzərində qalır. Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır.
Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdikləri təxribata qarşı Azərbaycanın qətiyyətli cavabı beynəlxalq aləmdə böyük dəstək qazandı. Nəzərə alsaq ki, bu gün beynəlxalq problemə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətin qətiyyətli mövqeyi, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstək də əhəmiyyətli rola malikdir, bu halda Azərbaycana dəstəyin miqyası göz önündədir. Bir sözlə, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Əsas olan budur ki, bu qərar və qətnamələr kağız üzərində qalmasın, real həyatda öz təsdiqini tapsın. Azərbayanın 30 ildən artıqdır ki, dünyadan gözlədiyi məhz budur.
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 12 iyul təxribatı Ermənistanın törətdiyi ilk hadisə deyil. Tarixin hansı dövrlərinə, eyni zamanda, günün hansı vaxtına diqqət yetirsək, erməni təxribatının şahidi olarıq. Təkcə bir faktı qeyd edək, Qurban bayramı olmasına baxmayaraq Ermənistan yenidən qoşunların təmas xəttində atəşkəsi dəfələrlə pozaraq bununla bütün dünya müsəlmanlarına öz hörmətsizliyini nümayiş etdirdi. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiyanı dövlət siyasətinə çevirən Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir.
Ermənistanın hər bir təxribatının qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınır. Bu, Azərbayanın suveren hüququdur. Müstəqil dövlət olaraq öz ərazi bütövlüyünü, suverenliyini, milli maraqlarını qorumaq hüququndan irəli gələn addımlarıdır. Əgər dünya dövlətləri, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların kağız üzərində qalması ilə kifayətlənib otururlarsa, bu, artıq dünyada hüquq probleminin pik həddə çatmasına, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizmin olmamasına bir işarədir. Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribat beynəlxalq hüquq baxımından Azərbaycana qarşı təcavüzdür. İşğalçı dövlətin son təxribatlarına hansı tərəfdən yanaşsaq, bütün beynəlxalq konvensiyaların tələblərinə ziddir, hüquq normalarının kobud şəkildə pozulmasıdır, demokratik dəyərlərə hörmətsizlikdir.
Bir məsələni də qeyd edək ki, Ermənistanın Tovuz təxribatından sonra Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Paşinyan hökumətini çətin duruma saldı. Bu gün dünya, eyni zamanda, Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birliyinin, həmrəyliyinin şahididir. Artıq Ermənistan hakimiyyəti görür ki, müstəilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni diasporuna dünyada cərəyan edə proseslərə təsir etmək imkanı yaratsa da, bu gün artıq Azəbaycan diasporunun gücü həmin mifi dağıtmışdır.
Ordumuzun düşmənə layiqli cavab verməsi Azərbaycan cəmiyyətində yüksək əhval-ruhiyyə yaradıb. O cümlədən, xaricdə yaşayan soydaşlarımız bu günlərdə dövlətimizlə, ordumuzla dinc həmrəylik nümayişləri keçirərək düşmənin işğalçılıq siyasətini, Tovuz istiqamətində törətdiyi növbəti təxribatı pisləyirlər. Soydaşlarımızın yaşadıqları ölkələrin qanunları çərçivəsində belə dinc aksiyalar keçirmələri onların vətənpərvərliyini təcəssüm etdirməklə yanaşı, həm də müstəsna hüquqlarıdır. Ermənilərin isə xaricdə yaşayan soydaşlarımızın keçirdikləri belə dinc aksiyalara dözümsüz yanaşmaları onların əsl simasını, terrorçu mahiyyətlərini açıb göstərir.
Beləliklə, Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı. Bu hərbi avantüra ilə rəsmi Yerevan bir neçə hədəf güdürdü. Şərti olaraq onları daxili və xarici məsələlərə bölmək olar. Ermənistan bu təxribatı törətməklə münaqişənin coğrafiyasını və onun iştirakçılarının sayını artırmaq niyyətini ortaya qoymuşdu. Başqa bir niyyətləri də o idi ki, Aprel döyüşlərindən sonra yaşadıqları uğursuzluq və gücsüzlük sindromundan xilas olsunlar. Amma ordumuzun düşmənə sarsıdıcı zərbələri nəinki onların bu sindromdan xilas olmasına kömək etmədi, əksinə bu zərbələrin təsirindən yəqin ki, təxribat törətməklərindən ciddi şəkildə peşman olublar. Döyüşlər nəticəsində bir daha sübut olundu ki, ordumuz bütün parametrlər üzrə erməni ordusundan xeyli üstündür. Bu, erməni tərəfinə növbəti dəfə dərs oldu. Digər tərəfdən, döyüşlər bütün dünyaya Azərbaycan və Ermənistanın hansı döyüş potensialına malik olduğunu göstərdi.
Və bir də Ermənistanın törətdiyi hərbi təxribat zamanı Azərbaycan tək qalmadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqdır. Azərbaycan həmişə olduğu kimi yenidən Türkiyədən qardaşlıq və dostluq münasibətini gördü. Pakistan İslam Respublikası da birmənalı şəkildə mövqeyini bildirərək, Azərbaycanın haqq işinə öz dəstəyini ifadə etdi. Eyni zamanda onlarla ölkə rəsmi səviyyədə Azərbaycana açıq dəstək verdi, haqlı mövqeyimizi müdafiə etdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk PA, QUAM, 56 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının 120 üzv ölkəsi Azərbaycanı birmənalı olaraq dəstəkləyərək Ermənistanın hərbi təxribatını qətiyyətlə qınayan bəyənatlarla dərhal çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB