"Karantin qaydalarını pozmaq heç kimə baş ucalığı gətirmir" - MÖVQE

"Karantin qaydalarını pozmaq heç kimə baş ucalığı gətirmir" - MÖVQE
"Ölkəmizdə koronavirusla mübarizənin mühüm uğur şərtlərindən biri uyğun qayda və məhdudiyyətlərin istisnasız hər kəs tərəfindən tam icra edilməsidir. Koronavirus kasıb-varlı, vəzifəli-vəsifəsiz tanımadığı kimi, karantin qaydalarına uyğunlaşmaq zərurəti də "həsənağanın, Atoppanın bacısı uşaqları" prinsipi çərçivəsində istisnalar tanımamalıdır. Bəs əslində bu gün nələrin şahidi oluruq? Faktlar və araşdırmalar göstərir ki, inzibati tənbehlər, ictimai qınaqlar hesabına cəmiyyətimizin əsasən sadə, ad-sansız, təmkinli maddi təminat səviyyəsində dayanan hissəsinin karantin qaydalarına uyğunlaşmasını dərk edilən şüurlu yaşayış normasına çevrilməsinə nail ola bilmişik. Ancaq cəmiyyətimiz təəssüf ki, tək bu kəsimdən ibarət deyil". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Onun sözlərinə görə, tanınmışlardan sayılan bir qrup insanlardan həm karantinə maksimum uyğunlaşmaq, həm də başqalarına müsbət nümunələr göstərməsini gözlədiyimiz halda sözün əsil mənasında utancverici nümunələrin şahidi oluruq: "Adlı-sanlı dövlət məmurlarının, ziyalıların, sabiq və indiki millət vəkillərinin, toy-şənlik süfrələrində "qarnını və cibini otaran"şou əhlinin cəmiyyətimizin karantinə məsuliyyətlə uyğunlaşan hissəsindən fərqli və ərköyün davranışlar nümayiş etdirməsi bir neçə cəhətdən anormal və ziyanlı sayılan sayqısızlıq nümunələridir. Toy-ziyafət şənlikləri quran tanınmışlar əvvəla cəmiyyətimizin böyük bir hissəsinə qarşı sadəcə hörmətsizlik edir. İkinci, başqalarının da ümumi qaydalardan kənara çıxmasını təşviq etmək kimi bağışlanmaz mənəvi cinayətə qol qoyurlar. Üçüncü, dövlətin və cəmiyyətimizin böyük hissəsinin zəhməti hesabına əldə edilmiş antipandemik uğurları bir anın içində dəyərsiz edərək yeni yoluxma risqləri yaradırlar". Politoloq bildirib ki, öz nəfsinə əsir düşərək karantin qaydalarını pozan vəzifəli şəxslərin, millət vəkillərinin, müğənnilərin mənəvi cinayəti xüsusilə ağır və bağışlanmazdır: "Bir neçə saat ərzində öz qarnına və cibinə işləyən "bədnəfs" bir şou əhlinin cəmiyyətin mütləq çoxluğundan fərqli neqativ hərəkətlər etməsini hardasa bağışlamaq olar. Axı belələri milli, ictimai və siyasi ali dəyərləri özünün "dolu soyuducusundan" çox -çox aşağıda görməyi heç kimdən utanıb qızarmadan bir həyat normasına çevirdiklərini açıqca deyirlər. Bəs sizlərə nə deyək, ay karantini pozaraq oğluna, qızına, kürəkəninə, arvadına xüsusi kütləvi ziyafət süfrələri açdıran tanınmış filankəslər? Cəmiyyətin can sağlığını qorxulu xəstəlikdən qorumaq üçün lazım bilinmiş qadağanları nümayişkaranə pozmaqla kimə meydan oxuyursuz? Əlinizə bir ictimai tribuna keçən kimi ali dəyərlərdən, xalq-millət mənafelərindən elə dəm vurursunuz ki. Xalqa hörmət etmirsinizsə, heç olmasa yüksək tribunalarda xalqa nümayiş etdirmək istədiyiniz sifətinizə hörmət qoyun, baxmayaraq ki, bu sifətinizin saxta olduğunu az əvvəl dedim. Sizlər heç kimdən artıq deyilsiniz. Mütləq çoxluqdan fərqlənmək üçün eqoistcəsinə etdiyiniz hərəkətlər üstünlük yox, sadəcə mənəviyyatsızlıqdır". A.Quliyev qeyd edib ki, karantin qaydalarını pozmaq heç kimə baş ucalığı gətirmir, pozuntu şəraitində toy, ad günü, nişan, ailəsinə "təzə paltar yudu", ata-babasına qara bayram mərasim və ziyafətləri keçirmək betər səviyyədə baş ucalığı gətirmir, bu sayaq işlərin arxasında tanınmış adamların dayanması isə sadəcə cəmiyyətə göz dağı verməkdir: "Nə deyək....Dövlət başçısının ən sərt ölçüləri götürməli olduğu məqamdır, nə əsil ziyalılıq, nə əsil məmurluq , nə də əsil insansevərlik göstərə bilməyənlərə həddini bildirməyin yolu budur".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə