Dövlət siyasətinin ana xətti: insan amili, vətəndaş rifahı… - ŞƏRH

Dövlət siyasətinin ana xətti: insan amili, vətəndaş rifahı… - ŞƏRH

Prezident İlham Əliyev: “Bizim koronavirusla mübarizədə əsas məqsədimiz insanların sağlamlığıdır”

Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də əhalinin sosial rifahı amilidir. Məhz ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir.

"Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik". Bu fikirləri Prezident İlham Əliyev avqustun 6-da Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Qeyd edək ki, dövlət başçısı prezidentlik fəaliyyətinin son 17 ili ərzində daima Azərbaycan xalqının daha firavan və rahat yaşaması üçün bütün imkanlardan istifadə edib. Xüsusilə də son illərə diqqət yetirmək kifayətdir ki, bu reallıqları görəsən. Belə ki, 2019-cu il Azərbaycan insanın sosial həyatında mühüm hadisələrlə iz buraxacaq, dövlətin tarixinə isə sosial sahədə inqilabi islahatlar ili kimi tarixə düşdü. İlin əvvəlindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların problemlərinin həlli məqsədilə mühüm addımların atılması, müxtəlif təbəqədən olan insanların sosial müdafiəsinin güclənməsi, xüsusən həssas kateqoriyadan olan vətəndaşların - şəhid ailələrinin, məcburi köçkünlərin, əlillərin, müharibə veteranlarının, pensiyaçıların müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan fərman və sərəncamlar bu reallığını göstəricisidir. Dövlətin yürütdüyü sosial siyasət xəttini izlədikdə bu prosesin davamlı olduğunu sezmək heç də çətin deyil. Belə ki, ötən il 60 min yeni iş yeri açılıb, minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə - birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artıb və artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, problemli kreditlərlə bağlı məsələ həllini tapıb, digər sosial təşəbbüslər irəli sürülüb. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların da maaşlarında ciddi artımlar baş verib.

2020-ci ilin də ilk ayları uğurlu oldu. Belə ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan və videokonfrans şəklində keçirilən müşavirədə insan amilinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanması bir daha özünü göstərdi. Müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, hazırda dünyanı bürüyən koronavirus pandemiyası bütün ölkələrin iqtisadiyyatı üçün böyük problemlər yaradıb. Azərbaycan da dünyanın bir parçası olaraq bu problemlə üz-üzədir. Bunu 2020-ci ilin yanvar-fevral aylarının yekunu ilə birinci rübün yekununu müqayisə etdikdə görmək olur. Belə ki, əgər yanvar-fevral aylarında ümumi daxili məhsul 3 faizə yaxın, qeyri-neft sektorunda isə 7 faizə yaxın artmışdısa, mart ayında koronavirusun yayılması nəticəsində üç ayda bu artımlar müvafiq olaraq 1,1 faiz və 3 faizdən bir qədər artıq olub. Bu da onu göstərir ki, aparılan lazımi tədbirlərə baxmayaraq, pandemiyanın iqtisadiyyata mənfi təsiri göz qabağındadır.

“Mənim seçimim birmənalıdır - insanların sağlamlığı”

Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, pandemiya ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə vaxtında aparılan qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində respublikamızda vəziyyət nəzarət altındadır və insan itkisi minimum həddədir. Azərbaycanda bütün sahələrdə sabitlik təmin edildi, əhalinin məşğulluq problemləri müsbət həllini tapdı və sadə vətəndaşın rifah halı iqtisadi inkişafının əsas prioritetlərindən birinə çevrildi. Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, Prezident Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi. Prezident Əliyevin vaxtında apardığı islahatlar və tədbirlər ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq idi və fors-major situasiyada bu addımlar öz önəmini göstərdi.

Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar Azərbaycan nümunəsinin başlıca göstəricisidir.

Dövlət öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutur

Xüsusilə son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının realllığıdır. Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır və başa düşür.

Sevindirici haldır ki, artıq koronavirusa qarşı mübarizə tədbirləri effekt verir və müsbət dinamika müşahidə olunur.

Prezident İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd edib ki, koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Karantin vəziyyəti hamını yorsa da, pandemiyanın fəsadları nəzərə alınmalıdır. Nəzərə alsaq ki, dövlət rəhbərliyi, Operativ Qərargah insanların sağlamlığı və təhlükəsizliyi üçün fasiləsiz işləyir, vətəndaşlar da vəziyyətin ciddiliyini nəzərə almalıdır. Dövlət başçısı diqqətə çadırıb ki, karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq avqust ayının 5-dən yumşalma olub. Vətəndaşlar nəzərə almalıdır ki, əgər bu yumşalmadan sonra yenə də xəstəlik kəskin artsa, karantin rejimi yenə də sərtləşdiriləcək. Ona görə də, hamı məsuliyyətli olmalı, qaydalara əməl etməli, tibbi maskalardan, dezinfeksiyaedici vasitələrdən istifadə etməli, sosial məsafəni gözləməlidir. belə olarsa, karantin rejimini daha da yumşaldıb normal həyata tez qayıtmaq mümkün ola bilər.

“Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik”

“Bu, sadəcə olaraq, görülmüş işlərin bir hissəsidir. Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb»-deyən dövlət başçıs bildirib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, sosial layihələr öz həllini tapmaqdadır: «Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Qeyd etməliyəm ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq”.

“Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir”

Dövlət başçısı keçirilən müşavirədə xüsusilə şəhid və Qarabağ müharibəsi ailələrinin mənzillə təmin edilməsinin həmişə diqqət mərkəzində olduğunu və bundan sonra da dövlətin qayğısının mütəmadi olaraq ediləcəyini də deyib: “Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir”. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir”.

Dövlət başçısı bütün bu aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bildirərək deyib ki, görülən işlər apardığımız düzgün siyasətimizin nəticəsində əldə olunub: “Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik”.

Bir sözlə, bütün bunları xalqımız görür. Görülən işlər isə bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının, sağlamlığının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə