Niyə başqa apteklərdə 6-7 manata satılan dərmanlar Bakıdakı Almaniya apteklərində 70-80 manata satılır?
Dünya dəyişir, insan düşüncəsi və təfəkkürü də yeniləşir və müasirləşir. Bu isə bəzi insanlar tərəfindən olub, keçən dəyərlərin və əməllərin üstündən xətt çəkilərək, qlobal dünyanın tələblərinə uyğun fəaliyyətlərini qurmağa sövq edir. Nəticədə arzuolunmaz ağrıların yaşınması baş verir. Beləki, ailələrdə böyük kiçik münasibətləri aradan qalxır, keyim-keçim tərzi köklü surətdə dəyişir, yaşayış və iş metodikası keçmiş ənənələri tamamilə inkar etməklə əvəzlənir. Ancaq nəzərə almaq lazımdır ki, xarici görkəm hansı formada dəyişirsə dəyişsin, yetər ki, daxili aləm də dünya düzəninə uyğun formalaşsın və inkişaf etsin.
Bəlkə də, bu halda yeniliyi qismən də olsa qəbul etmək olar. Çünki, düşünmək olar ki, müasirlik və yenilik bəzi nüanslarda insanın daha sağlam və təhlükəsiz yaşamasına xidmət edər. Lakin reallıq budur ki, elm, texnika inkişaf etdikcə xəstəliklərin sayı da artır. Bu da təbii ki, insan həyatının sağlamlığının təhlükə altına qoyulmasına gətirib çıxarır. Çünki, geni dəyişdirilmiş qida və meyvə-tərəvəz məhsullarının insanlara təqdim olunması nəticə etibarı ilə bəşəriyyətin ən ali varlığının həyat tərzinin və yaşayışının fərqli məcrada inkişaf etməsinə gətirib çıxarır. Yəni tərkibi tamamilə ziyanlı maddələrdən ibarət olan məhsulların qəbul edilməsi ilə insan öz sağlamlığını nəzarət altına almaqda çətinliklərlə üzləşməli olur. Azərbaycan qanunvericiliyinə görə, Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların Azərbaycana gətirilməsi qadağan olunub. Ancaq qanunsuz yolla pul qazanmağa meyilli işbazlar var. Təssüf ki, onlar sərhəd keçid mətəqələrini müxtəlif yollarla keçməklə, ölkəmizə geni dəyişdirilmiş məhsullar gətirirlər. Nəzərə almaq lazımdır ki, bu gün dünyamızda çoxsaylı xəstəliklərin movcudluğu məhz geni dəyişdirilmiş məhsulların insanların qida rasionalına daxil olmasının bəhrəsidir. Bu barədə misallar, faktlar göstərmək, xəstəliklərin növü, insanların bu xəstəliklərdən dünyalarını dəyişmələri statistikasından yazmaqla oxucunu yormaq fikrindən uzağam. Çünki, geni dəyişdirilmiş qida məhsullarının insan sağlamlığına vurduğu sarsıdıcı zərbədən KİV-lərdə çox yazılıb, ekspertlərin dilindən kifayət qədər məlumatlar səsləndirilib. Bu qısa həcmli məqalədə təkrar olaraq statistikanı qeyd etməklə, oxucuya yeni nəsə çatdırmış olmayacağıq.
Xaricdən ölkəmizə saxta və keyfiyyətsiz dərman idxal olunur
Ancaq təkrarçılıqdan uzaq olan real fakt ondan ibarətdir ki, bu gün şikəstliyi, əlilliyi, bəzi hallarda isə ölüm hallarını müalicə almaq üçün qəbul etdiyimiz dərmanlar vasitəsilə qazanırıq. Bu da ondan irəli gəlir ki, bəzi “dərman mafiyası”nın üzvləri Şərq ölkələrindən ucuz və keyfiyyətsiz dərmanları ölkəmizə idxal edirlər. Hansı ki, bu dərmanlar insan həyatına və sağlamlığına ancaq ziyan yetirir. Bu səbəbdəndir ki, sağlamlığının bərpa olunmasını düşünən insanlar Bakıdakı Almaniya, Fransa apteklərinə üz tuturlar ki, bu apteklərdə qiymətlər digər apteklərdəki qiymətlərlə müqayisədə bir neçə dəfə bahadır. Müəyyən məsələlərdən məlumatlı olan tanışlarımdan biri danışır ki, Bakıda əczaçılıq fəaliyyəti ilə məşğul olan bir şirkətin nümayəndəsi Almaniyanın Bonn şəhərində dərman istehsal edən şirkətdən qiymətin aşağı olması üçün üzərinə filan-filan dərman yazılan, amma içərisinə keyfiyyətsiz məhlul əlavə edilən dərmanlar tədarük etməyi xahiş edir. Alman şirkətinin əməkdaşı təəccüblənir və belə qanunsuzluğa getməyəcəyini bildirərək, Bakıdan gələn şirkət nümayəndəsi ilə sövdələşmədən imtina edir. Tanışımın danışdığı bir faktdır, araşdırma aparılsa bu yöndə çoxsaylı faktlar aşkarlanar. Məlum olar ki, sahibkarlıq strukturları üçün pul insan həyatından və sağlamlığından daha önəmlidir. Onlar pul-para qazanmaq üçün hər cür saxtakarlığa və qanunsuzluqlara gedirlər.
Orbitə özünün peykini çıxaran Azərbaycanın niyə də ki, dərman istehsal edən zavodu olmasın
Çoxlarımız respublika ərazisində əczaçılıq fəaliyyəti ilə məşğul olan keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirmiş “Sanimed” MMC-nin məhkəmə prosesindən məlumatlıdır. Hay-küylü məhkəmə prosesi zamanı bəlli oldu ki, “Sanimed” MMC “Epidbiomed” və “Loğman Farm” vasitəsilə dövlət qeydiyyatından keçməyən və uyğunluq sertifikatları olmayan dərman vasitələrinin idxal edilməsinə, habelə ölkə ərazisində istehsal olunan müvafiq normativ sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan keyfiyyətsiz dərman preparatlarının satışını həyata keçirib. Şirkətin idxal etdiyi dərman vasitələri arasında vaksinlər və zərdablar, insulin və diabetik dərmanlar üstünlük təşkil edib. Təbii ki, qanunsuz yollarla pul əldə etmək üçün ölkəyə saxta dərmanlar gətirərək onun dövriyyəsini həyata keçirənlər hüquqi qaydada cəzalarını aldırlar. Sual yaranır, həmin saxta dərmanları qəbul edən və nəticədə sağlamlıqlarından məhrum olan onlarla, yüzlərlərlə insanın maddi və mənəvi ziyanı necə olacaq? Kim bunları ödəyəcək? Söz yox ki, məhkəmə qarşısına çıxarılanlar 5-6 ildən sonra azadlığa qovuşub, yenidən əlləm-qəlləm əməllərini davam etdirəcəklər. Saxta və keyfiyyətsiz dərman qəbul etdiklərinə görə, şikəst və ya əlil olan insanlar isə ömürlərinin sonuna qədər ağır və iztirablı həyat yaşamalı olacaqlar. Görən, həbsə atılan və 5-6 il dörd divar arasında fikirləşməyə məcbur edilənlər bunu anlayırlarmı? Onların peşman olduqlarını düşünmək sadəlövhlük olardı. Çünki, insan həyatından qiymətli heç nə ola bilməz. Ona bilərəkdən qəsd edilirsə, deməli onların umacları əliəyrilikdən yoğrulub və belələrinin tutduqları bəd əmələ görə peşmançılıq keçirəcəkləri inandırıcı görünmür.
Hesab edirəm ki, xəstənin sağlamlığının bərpası yalnız peşəkar həkimlərdən asılı deyil, bu məsələdə keyfiyyətli dərman preparatlarının olması da vacibdir. Bu baxımdan aidiyyəti dövlət qurumlarımız ayıq sayıq olmalı və dərman idxal edən şirkətlərə qarşı daha sərt və qətiyyətli nəzarət funksiyasını həyata keçirməlidirlər. Digər tərəfdən, ölkəmizdə dərman istehsalı üçün zəngin imkanlar mövcuddur. Çünki, Azərbaycan təbiəti bir çox dərdlərin dərmanı ola biləcək bitki aləmi ilə zəngindir. Sadəcə yetər ki, iş görülsün, əməl ortaya qoyulsun. Orbitə özünün peykini çıxaran Azərbaycanın niyə də ki, dərman istehsal edən zavodu olmasın. Ümid edirəm ki,
Allahın bizə bəxş etdiyi zəngin bitki örtüyündən məqsədyönlü şəkildə istifadə olunacaq və özümüzün müalicəmiz üçün özümüzün dərman istehsal edən zavodumuz olacaq. Bununla da xaricdən idxal edilən saxta və keyfiyyətsiz dərman idxalına birdəfəlik son qoyulacaq. Həm də, başqa apteklərdə 6-7 manata satılan dərmanları 70-80 manata almaq üçün Alman apteklərinə üz tutmağa ehtiyac qalmayacaq.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB