Din adamları Məhərrəmlikdə onlayn imkanlarından maksimum yararlansınlar - MÖVQE ÖZƏL

Din adamları Məhərrəmlikdə onlayn imkanlarından maksimum yararlansınlar - MÖVQE ÖZƏL

"Bu il avqustun 21-i Məhərrəm ayı başlayır və avqustun 30-u Aşura günü qeyd olunur. Qismətdən bu il Məhərrəmlik ayımız və Aşura günümüz karantin müddətinə təsadüf edir. Məscidlər və yaxud toy-yas mərasimlərimiz, insanların çox yığıldığı yerlər Operativ Qərargahın tövsiyyələrinə əsasən virisun yayılmasının qarşısının alınması məqsədilə qapalıdır. Virusun yayılmaması üçün insanların kütləvi şəkildə bir yerə toplaşması hələki qadağandır. Qadağa davam etdiyi üçün artıq məscidlərimizdə də cümə namazlarını, bayram namazlarını qıla bilmirik". Bunu SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Din xadimi bildirib ki, bu yalnız insanların sağlamlığı üçün atılmış addımlardır: "İnsanlar bunu normal qəbul etməli və anlamalıdırlar ki, dövlətin atdığı addımlar öz vətəndaşının rifahı üçündür. Atılan bu addımlara ehtiramla yanaşmasaq və dövlətimizin yanında olmasaq biz bir çox insanları itirmiş olarıq. Düşünürəm ki, heç bir insana öz evindəki ağsaqqalını, ağbirçəyini bu xəstəliyə qurban vermək xoş deyil. Pandemiya təkcə Azərbaycanda baş vermir, bu dünyanı bürüyən bir bəladır. Bütün dünya bununla mübarizə aparır. Biz də bütün dünya dövlətləri kimi bu mübarizəyə qoşulmuşuq. ÜST-nın da bu virusdan qorumaqla əlaqədar özünün məsləhətləri var. Biz də bu məsləhətlərlə həmrəy olmalıyıq ki, Azərbaycanda da bu yoluxmalar olmasın. Nə qədər insanlarımız sağlam olsa, bizim normal həyata qayıtmağımız daha da tezləşəcək".

F.Nurullayev vurğulayıb ki, təəssüflər olsun bəzi insanlar bu məsələ ilə bağlı qıcıqlanır və qarışıqlıq yaratmaq istəyirlər: "Lakin virusla mübarizədə bu cür yanaşma yolverilməzdir. İnsanlar öz ibadətlərini evlərində rahat şəkildə edə bilərlər. Bir din xadimi, Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi olaraq mənim tövsiyəm biz ruhanilərimizə, məscid imamlarımıza tapşırırıq ki, onlar Məhərrəmlik günlərində öz xütbələrini, moizələrini rəsmi sosial hesablarında paylaşsınlar, onlayn imkanlarından maksimum yararlansınlar. Əgər məsciddə 100-200 insana öz sözlərini çatdıra bilirdilərsə, internet milyonlarla insana öz xütbəsini çatdırmaq imkanı verir. Biz bu işdə həmrəy olmalıyıq. Ölkə rəhbərimizin də bildirdiyi kimi biz birlikdə güclüyük. İnşallah tez bir zamanda bu bəladan qurtulmaqla toylarımızı, dini ayinlərimizi keçirmək üçün şəraitimiz yenidən bərpa olar. Allah edilən dualarımızı qəbul eləsin! Allah Təala xəta-bəlalardan bizləri uzaq eləsin".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə