Sərhədçilərin sosial problemləri uğurla həll olunur - Azərbaycan Sərhəd Mühafizəsinin 101 illiyi
“Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Çünki hər bir ölkənin ərazisi onun sərhədindən başlayır. Bizim sərhədlərimiz dost üçün açıq, düşmən üçün bağlı olmalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda sülhün, sabitliyin, təhlükəsizliyin daha da möhkəmlənməsi üçün sərhəd nəzarəti ən yüksək səviyyədə olmalıdır… Sərhəd bölgələrində olarkən daim sərhəd dəstələrinə baş çəkirəm, vəziyyətlə tanış oluram, sərhədçilərlə görüşürəm. Hər dəfə mən inkişafı görəndə, yeni texnikanı, yeni avadanlığı görəndə bir daha əmin oluram ki, bizim sərhədlərimiz etibarlı şəkildə qorunur”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti sərhəd-lərin mühafizəsini haqlı olaraq dövlətçilik üçün mühüm amillərdən biri hesab etmişdir. Milli hökumət 1918-ci il iyun ayının 22-də Poylu stansiyasında sərhəd postunun yaradılması barədə qərar vermiş və sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə yetirilməsinə başlanılmışdır. İyulun 12-də Qazax qəzasında Salahlı və Şıxlı sərhəd postları təşkil edilmiş, 1919-cu ilin avqust ayının 18-də isə Azərbaycan Respublikasının Parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” Qanun qəbul etmişdir. Qanunda bütün respublikanı əhatə edən sərhəd postlarının yaradılması nəzərdə tutulurdu. Məhz həmin tarixdə sərhəd mühafizə qüvvələrinin yaradılmasının ilk rəsmi əsası qoyulmuşdur. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev varislik prinsipini əsas götürərək 2000-ci ilin avqust ayının 16-da imzaladığı fərmanla avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi təsbit etmişdir.
Bolşevik işğalı sərhədlərin mühafizəsi sahəsində zəruri milli təcrübənin formalaşdırılmasına imkan vermədi. Sovet hakimiyyəti illərində Azərbaycanın sərhədləri sovet sərhədçiləri tərəfindən qorunurdu və həmin dövrdə azərbaycanlılar düşünülmüş şəkildə hərb işindən uzaqda saxlanılır, azərbaycanlı gənclərə hərbi texnikanın sirlərini öyrənmək imkanı demək olar ki, verilmirdi. Sovet ordusunun zabit korpusunda azərbaycanlıların sayı çox az idi və onlar yüksək hərbi rütbələrə nail ola bilmirdilər. Sərhəd Qoşunlarında vəziyyət bu mənada daha acınacaqlı idi. Azərbaycanlı sərhədçi zabitlər yüksək hərbi rütbələrə layiq görülmürdülər. Bütün bunlar xalqımızın uzaqgörən oğlu, böyük sərkərdə Heydər Əliyevin diqqətini cəlb edirdi və o, bu sahədə ciddi dönüşə nail olmaq üçün bir sıra tarixi qərarlar qəbul etmiş, Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaratmış, azərbaycanlı hərbçilərə yüksək hərbi rütbələr verilməsinə nail olmuşdur.
.jpg)
Müstəqillik illərində Azərbaycan ordusunun yaradılması, formalaşdırılması proseslərinə birbaşa rəhbərlik edən, bu sahədəki fəaliyyəti ilə dövlətimizin hərb salnaməsinə şanlı səhifələr yazan Ulu Öndər Heydər Əliyev Sərhəd Qoşunlarının yaradılması, ölkəmizin sərhədlərinin mühafizəsi işinin təşkili istiqamətində böyük uzaqgörənliklə qərarlar qəbul etmiş, milli sərhəd siyasətimizi formalaşdırmış, sərhəd strategiyamızı müəyyənləşdirmişdir. Sərhədlərin mühafizəsi işinə dərindən bələd olan Ulu Öndər 2002-ci ilin iyul ayının 31-də Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən ayrılaraq mərkəzi icra hakimiyyəti orqanı səlahiyyətinə malik Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərar verdi. Bu qərar ölkəmizin sərhədlərinin mühafizəsinin təşkilində ciddi dönüşün yaranmasının başlanğıcı oldu. Dövlət Sərhəd Xidmətinin yaradılmasından ötən dövr ərzində qazanılmış uğurlar açıq şəkildə sübut edir ki, Ümummilli Lider sərhədlərimizin inkişaf perspektivlərini çox böyük uzaqgörənliklə müəyyənləşdirmişdir.
Sovet dövründən Azərbaycan sərhədçilərinə Naxçıvan Muxtar Respublikası istisna olmaqla, demək olar ki, heç nə qalmamışdı. Ölkəmizi tərk edən sovet sərhədçiləri mövcud texnika və vasitələrin hamısını özləri ilə aparmış, apara bilmədiklərini isə bərbad və yararsız hala salmışdılar. Belə bir vəziyyətdə ölkəmizin sərhədlərinin mühafizəsini öz üzərinə götürən milli sərhədçilərimiz böyük fədakarlıqlar göstərmişlər. Cənub sərhədlərimizdən başqa heç yerdə sərhəd infrastrukturunun və lazımi texniki imkanların olmaması, yerli əhali arasında dövlət sərhədi barədə anlayışın xeyli zəifliyi, peşəkar kadrların çatışmazlığı müstəqillik illərinin ilk vaxtlarının ən böyük problemləri idi.
Lakin indi həmin problemlər tamamilə aradan qaldırılıb. Ölkəmizin sərhədçiləri öz peşə bayramlarını xidmətdə qazanılmış böyük nailiyyətlərlə qeyd edirlər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində sərhəd mühafizəsinin formalaşması, ixtisaslı kadrlarla komplektləşdirilməsi, müasir tələblərə cavab verən sərhəd infrastrukturunun yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və bütövlükdə sərhəd mühafizəsinin təkmilləşdirilməsi prosesləri uğurla aparılır. Cənab Ali Baş Komandanın mütəmadi olaraq sərhədçilərlə görüşməsi, yeni tikilmiş hərbi hissə komplekslərinin açılış mərasimlərində iştirak etməsi, sərhədçilər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olması, müasir sərhəd infrastrukturunun yaradılması üçün müvafiq göstərişlər verməsi Vətənimizin hüdudlarının mühafizəsinin səviyyəsinin yüksəldilməsində, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsində, müasir texnika, avadanlıq və vasitələrlə təminatda, kadr hazırlığında, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində öz əksini konkret şəkildə tapmış və Dövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsini ən yüksək səviyyədə təşkil etməyə qadir olan mütəşəkkil bir quruma çevrilmişdir.
Dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, yeni sərhəd məntəqələrinin tikintisi, mühəndis-texniki qurğuların bərpası və yaradılması, qoşunların döyüş, fiziki və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, idarəetmə infrastrukturunun müasir tələblər səviyyəsinə qaldırılması, dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təkmilləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması, hərbi qulluqçuların maddi, hüquqi, sosial təminatının yaxşılaşdırılması, beynəlxalq sərhəd əməkdaşlığının inkişafı və s. sahələr üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər sırasında tikinti-quruculuq işləri xüsusi yer tutmuşdur. Əsaslı tikinti-quruculuq işləri aparmadan, yeni sərhəd infrastrukturu yaratmadan müstəqil dövlətimizin sərhədlərinin toxunulmazlığını lazımi səviyyədə təmin etmək mümkün deyildi. Müstəqil Azərbaycan Respublikasının sərhədlərinin uzunluğu sovet Azərbaycanı dövründəki ilə müqayisədə 4 dəfədən də çoxdur. Buna görə də müstəqillik dövründə dövlət sərhədlərimizdə tikinti-quruculuq işləri aparmaq, yeni sərhəd infrastrukturu yaratmaq zəruri idi. Qürur hissi ilə demək olar ki, Dövlət Sərhəd Xidməti dinamik inkişafa nail olmaqla bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Cənab Prezident tərəfindən “Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi və bu proqramdan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində ölkəmizin sərhəd mühafizəsi xeyli təkmilləşdirilmiş, sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilmiş, çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınmış, çoxsaylı qarnizonlar, sərhəd zastavası kompleksi və sahil nəzarət məntəqələri, sosial-məişət obyektləri, o cümlədən mənzillər tikilmişdir.
Sərhədçilərin sosial məsələlərinin həlli xüsusi diqqət mərkəzindədir. Qeyd olunmalıdır ki, sosial məsələlərin həllinə göstərilən diqqət də öz mənbəyini cənab Ali Baş Komandanın bu sahəyə göstərdiyi xüsusi qayğıdan alır. Sərhədçilərlə görüşləri zamanı ölkəmizin Prezidenti sərhəd mühafizəsi işinin təşkili, texniki avadanlıqlarla təminat, tikinti-quruculuq işləri, döyüş və mənəvi psixoloji hazırlıq məsələləri ilə yanaşı, şəxsi heyətin sosial-məişət şəraiti ilə də daim maraqlanır, əsgər yataqxanalarına baş çəkir, əsgər yeməkxanalarında nahar edir. Sərhədçilərin xidmət və sosial-məişət şəraitinə göstərilən qayğı uğurlu nəticələrin əldə edilməsində çox mühüm rol oynayır.

Məlumdur ki, sovet dövründə ölkəmizin yalnız cənub sərhədləri qorunurdu. Şimal, qərb və şərq sərhədlərimizdə isə heç bir sərhəd infrastrukturu mövcud deyildi. Sərhədçilər hətta minimum xidmət şəraiti olmayan çadırlarda, vaqonlarda və uyğunlaşdırılmış binalarda yerləşərək fiziki imkanlar hesabına Vətənimizin hüdudlarını qoruyurdular. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin uğurla davam etdirilməsi nəticəsində indi vəziyyət tamamilə başqa cürdür. Dövlət Sərhəd Xidməti tərəfindən aparılan tikinti-quruculuq işləri sayəsində ölkəmizdə güclü sərhəd infrastrukturu yaradılıb. Vətənimizin sərhədləri boyunca inşa olunmuş çoxsaylı sərhəd məntəqələrində xidməti yüksək səviyyədə təşkil etmək, yaşamaq və istirahət etmək üçün yaxşı şərait yaradılıb. Sərhəd məntəqələrindəki xidmət otaqları lazımi avadanlıq və vasitələrlə təmin olunub. Yüksək məişət şəraiti olan əsgər yataqxanası, istirahət və təlim otaqları, hamam-camaşırxana, müxtəlif təyinatlı anbarları, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, zabit və gizir ailələri üçün mənzilləri, hətta uşaq şəhərcikləri olan zastava kompleksləri sərhədçilərin xidməti istifadəsindədir.
Müstəqilliyimizin ilk illərində xidməti təşkil etmək üçün ən adi şəraitə malik olmayan sərhədçilərimiz indi müasir tələblərə uyğun mənzillərə malikdirlər. Dövlət sərhədlərimizdə yeni inşa olunan sərhəd məntəqələrinin hamısında istirahət, məişət və digər sosial təyinatlı otaqlar, zabit ailələri üçün yaşayış binaları da tikilir. Sərhəd məntəqələrindəki sosial təyinatlı tikililər, binalardakı mənzillər mebellə, məişət və digər zəruri əşya və vasitələrlə tam təmin olunur.
Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 312 mənzilli yaşayış binaları inşa olunmuş, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunmuşdur. 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilmişdir.

Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə 115 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilmiş yaxud əsaslı təmir olunmuş, ümumilikdə 757 xidməti bina istifadəyə verilmişdir.
Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, 4 hərbi hissə kompleksi tikilərək istifadəyə verilmişdir, bir hərbi hissə kompleksi və 3 sərhəd məntəqəsində isə tamamlama işləri aparılır.
Hərbi hissələrin hamısında lazımi tibbi avadanlıqlarla və dərman preparatları ilə təchiz olunmuş tibb məntəqələri sərhədçilərin sağlamlığının keşiyində dayanıb. Bakı şəhərində isə Dövlət Sərhəd Xidmətinin poliklinikası və hospitalı fəaliyyət göstərir. Hər iki tibb müəssisə-sinin müasir tibbi avadanlıqlarla təmin edilməsi diqqət mərkəzində saxlanılır, şöbə və bölmələr dünya standartlarına cavab verən müasir aparatlarla təchiz olunub. Sərhədçilərin sağlamlığının keşiyində dayanan Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı qabaqcıl təcrübənin və tibb elminin yeniliklərinin, yeni texnologiyaların tətbiqi sahəsində ölkəmizin qabaqcıl müalicə müəssisələri arasında xüsusi yer tutur.
Tibbi təchizatın yüksək səviyyədə olmasının və müasir tibbi avadanlıqların alınmasının xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, bəzi tibbi əməliyyatlar ölkəmizdə ilk dəfə məhz bu müalicə müəssisəsində aparılır.
Sərhədçilərin istirahəti və boş vaxtlarının mənalı keçməsi üçün bütün hərbi hissələrdə istirahət otaqları, müxtəlif guşələr yaradılıb. Yeni istifadəyə verilən sərhəd məntəqələrinin əksəriyyətində böyük klublar, yay klubları, çayxanalar, məişət, iaşə və ticarət xidməti obyektləri var ki, bu da sərhədçilərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verir.

2007-ci il avqust ayının 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılış mərasimində iştirak etdiyi "Sərhədçi" istirahət mərkəzində yüksək şərait yaradılmışdır. Goradil qəsəbəsində inşa olunmuş mərkəzdə sağlamlığın bərpası üçün müalicə vannaları, masaj və terapiya otaqları, boulinq zalı, örtülü və açıq hovuzlar, uşaqlar və böyüklər üçün əyləncə mərkəzləri, iri qayıqların yanalma körpüsü, müxtəlif idman, o cümlədən futbol və voleybol meydançaları, çimərlik və sahilyanı kafe fəaliyyət göstərir. Ümumilikdə mərkəzdə 250 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb.
Azərbaycan Sərhəd Mühafizəsinin 94-cü ildönümü ərəfəsində avqust ayının 3-də Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Vel” istirahət mərkəzində sərhədçi hərbi qulluqçuların və onların ailə üzvlərinin mənalı istirahətinin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.
Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində bədən tərbiyəsi və idman diqqət mərkəzində saxlanılır. Bütün sərhəd zastavalarında və sərhəd dəstələrində futbol, voleybol, basketbol meydançaları, maneə zolaqları, idman şəhərcikləri var.
2009-cu ilin avqust ayının 31-də açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirak etdiyi "Sərhədçi" idman olimpiya mərkəzində voleybol, həndbol, basketbol, mini futbol və digər idman
növləri üçün nəzərdə tutulan 2400 nəfərlik qapalı universal idman zalı, FİFA standartlarına uyğun böyük futbol stadionu, kiçik universal stadion, üzgüçülük hovuzu və inzibati bina, mehmanxana və bir sıra yardımçı tikililər və qurğular inşa edilib.
"Sərhədçi" idman olimpiya mərkəzi fəaliyyətə başladığı dövrdən sonra sərhədçi idmançılar Azərbaycan, Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə 1511 qızıl, 989 gümüş, 1114 bürünc medal qazanmışlar.
Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır. Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbay-can sərhədçiləri tərəfindən 11 min 557 sərhəd pozucusu, 160 min 870 nəfər rejim pozucusu, 40 min 779 nəfər axtarışda olan şəxs saxlanılmış, təxmini dəyəri 196 milyon 815 min 551manat olan qaçaqmalın, o cümlədən 9 ton 281 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Bu illər ərzində dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqa-mətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 19 nəfər və əlaqədə şübhəli bilinən 93 nəfər Azərbaycan, 28 nəfər xarici vətəndaş aşkar olunmuş, terrorçuluğa qarşı mübarizə çərçivəsində 98 şəxs saxlanılmış, 409 nəfərin şəxsiyyəti müəyyən edilmişdir. Qanunsuz müqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 173 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.
Sərhədçilərimizin sosial problemlərinin həll edilməsi, sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər uğurla davam etdirilməkdədir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB