Bakıda 1500 nəfərin seroloji testlərdən keçirilməsi nəzərdə tutulur EKSKLÜZİV - AÇIQLAMA
"İlkin mərhələdə seroloji testlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək. Bakıda 1500 nəfərin, digər şəhərlərdə isə həmçinin, 1500-ə yaxın şəxsin seroloji testlərdən keçirilməsi nəzərdə tutulur". Bu sözləri SİA-ya özəl açıqlamasında TƏBİB-in Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova ilkin mərhələdə seroloji testlərdən keçəcək şəxslərin sayı haqqında məlumat verərkən və bu testlərin həyata keçirilməsinin əhəmiyyətindən danışarkən deyib.
TƏBİB-in Mikrobiologiya İşçi Qrupunun rəhbəri bildirib ki, əsas məqsədimiz, yəni, layihənin əsas əhəmiyyəti xəstəliyi keçirmiş şəxslərdə immunitetin səviyyəsini öyrənməkdir:
"Yəni, məqsəd şəxsin daha öncə bu xəstəliyi neçə dəfə keçirib-keçirmədiyini öyrənməkdir. Vurğulamaq istərdim ki, bu analizlər aktiv xəstəliyi deyil, həmin xəstəliyi şəxsin nə vaxtsa keçirib-keçirmədiyini göstərir. Testlər könüllülük prinsipi əsasında və təsadüfi seçilmiş əhali qrupları arasında aparılacaq.
Nəticə etibarilə, əhalimiz arasında bu xəstəliyin nə qədər keçirildiyi və xəstəliyi keçirmiş şəxslərdə immunitetin nə qədər formalaşdığı bizə məlum olacaq. Bildiyimiz kimi, yaxma (PZR) analizi hər kəsə icra olunmur və bəzi şəxslər bu xəstəliyi (COVID-19-u) assimptomatik olaraq keçirirlər. Yəni, onlarda heç bir simptom görülmür. Lakin, onların arasında daha öncə bu xəstəliyin keçirilib-keçirilmədiyini müəyyən etmək yalnız qan testlərinin (seroloji testlərin) nəticəsi ilə məlum olacaq".
Qumral Ələkbərova ilkin mərhələdə seroloji testlərdən keçiriləcək şəxslərin sayını da açıqlayıb: "İlkin mərhələdə seroloji testlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək. Bakıda 1500 nəfərin, digər şəhərlərdə isə həmçinin, 1500-ə yaxın şəxsin testlərdən keçirilməsi nəzərdə tutulur. Bu testlərdən keçmək istəyən şəxslər sağlamlıq mərkəzinə (ərazi üzrə poliklinikaya) zəng etdikdən sonra, lazım olduqda həmin şəxslərin evinə tibbi briqada yaxınlaşacaq və daha sonra həmin şəxsdən qan nümunələri alınıb laboratoriyaya göndəriləcək".
Qeyd edək ki, artıq bu həftədən etibarən COVID-19-la mübarizə çərçivəsində seroloji skrinninq aparılacaq. Əsas məqsəd COVID-19-a qarşı immunitetin formalaşıb-formalaşmadığını müəyyənləşdirməkdir. Həmin testlər üçün 3-5 millilitr qan nümunəsi toplanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB