Lənkəran Peşə Liseyi “Gənc Fermer” layihəsini uğurla həyata keçirir

Heydər Əliyev Fondunun “Regional İnkiaşaf” İçtimai Birliyinin elan etdiyi "Sosial layihələr" müsabiqəsində qalib olan Lənkəran Peşə Liseyi və Müasir Gənclərin İnkişafına Dəstək İB-nin “Gənc Fermer” layihəsi davam edir. SİA-nın məlumatına görə, layihənin əsas məqsədi kəndlərdə çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan gənclərin çayçılığın inkişafı istiqamətində bilik və bacarıqlarını artırmaq və eyni zamanda onlarda sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə töhfə verməkdir.

Məlum olduğu kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönələn dəstək proqramları kənd təsərrüfatı sahəsində sahibkarlıq mühitinin təkmilləşdirilməsi üçün yaxşı mühirt yaradıb. Azərbaycan Respublikası Prezidentinin “Çayçılığın” inkişafı ilə bağlı təsdiq etdiyi “Strateji Yol Xəritəsi”nə əsasən ölkəmizdə çay plantasiyalarının sahəsi 20.000 Ha çatdırılmalıdır. Bu da öz növbəsində milyonlarla çay tinglərinin yetişdirilməsi deməkdir. Qəbul olunan strateji yol xəritəsi gənclərin bu sahəyə qoşulması və bu istiqamətdə biznes qurması üçün münbit şərait yaradır. Eyni zamanda çayçılıqla bağlı tinglik təsərrüfatların qurulması, çay tinglərinin xarici bazarlardan alınması asılılığını azaldacaq. Bu baxımdan, RİİB dəstəyi ilə icraa edilən layihə sosial problemlərin həllinə yönəlməklə yanaşı eyni zamanda yeni bir biznes modeli təşviq edir.

5 ay müddətində layihə iştirakçılarına Lənkəran Peşə Liseyinin təcrübəli mütəxəssiləri tərəfindən çay yetişdirilməsi barədə nəzəri məlumatlar verilib və 7500 çay tingi yetişdirilib. Layihə çərçivəsində çay tinglərinin yetişdirilməsi ilə bağlı praktikin vəsaitin çap olunması nəzərdə tutulub.

Becərilən çay tingləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Meyvəçilik və Çayçılıq” Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay filialının təcrübə sahəsində əkilməsi nəzərdə tutulub.

Gənclərin kənd təsərrüfatı sahəsinə marağının artıılması məqsədi ilə daha bir neçə layihənin hazırlanması ilə bağlı işlər aparılır.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə