"Yalnız, bu halda insanlar qayda pozanları özləri cəzalandıracaq" ÖZƏL - AÇIQLAMA

"Vətəndaş cəmiyyəti olaraq, ictimai nəzarət mexanizmini gücləndirə bilsək, insanlar əvvəlki firavan həyatlarına qayıtmaq üçün qayda pozanları özləri cəzalandıracaq". Bu sözləri SİA-ya açıqlamasında "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev pandemik vəziyyətlə əlaqədar yumşalmalara gedilməklə yoluxma dinamikasında artımın müşahidə olunması məsələsinə və bu halda açılamalara getməyin nəticələri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, hazırda ötən ayın statistikasına nəzər yetirsək görərik ki, artıq sağalma yoluxmanı üstələyir və ölüm halları da aşağı düşüb: "Təbii ki, bu sevindirici haldır. Məhz buna görə də Operativ Qərargah sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə olunmasını nəzərə alaraq cüzi də olsa yumuşalmalara gedərək SMS icazə sistemini ləğv etdi və dənizə getməyə icazə verdi. Dənizə getməklə bağlı qərar gec verilmiş olsa belə yenə də qısa bir müddətdə immunitet üçün vacib olan "D" vitamininin qəbulu baxımından önəmlidir. Lakin bu bizlərdə arxayançılıq yaradaraq yenidən qaydaları qulaq ardına vurmağa əsas vermir. Əgər biz qaydalara riayət etməsək, o zaman yenidən yoluxma statistikasında artım baş verə bilər. Çünki, payız aylarında dəyişən hava şərtlərinə görə önümüzdəki aylarda "ikinci dalğa"nın baş vermə ehtimalı gözləniləndir. Düşünürəm ki, son bir neçə-gündə yoluxma statistikasında cüzi artım aparılan testlərin sayından asılı olaraq dəyişkənlik göstərir".

QHT sədri Asim Vəliyev vurğulayıb ki, bu gün ölkəmizdə pandemiya nəticəsində insanlar işsiz qalıb və digər tərəfdən də pandemiyanın yaratdığı psixoloji sıxıntı insanları çarəsiz hala salıb, buna görə də yenidən əvvəlki həyatlarına qayıtmaq üçün əmin ola bilərsiniz ki, vətəndaşlar əllərindən gələni etməyə hazırdırlar: "Bütün bu sadaladıqlarımın fonunda nəticə olaraq demək istəyirəm ki, qaydalara əməl etmək şərtilə ciddi şəkildə yumuşalmalara getmək olar. Düşünürəm ki, ilkin olaraq günəmuzd çalışan vətəndaşlarımızın iş yerlərinin açılmasına icazə verilməlidir. Önümüzdəki günlərdə açıq havada fəaliyyət göstərən kafe-restoranları açmaq olar. Daha sonra yoluxma statistikasında yüksəlmə olmasa iri ticarət mərkəzlərini və qapalı kafe-restoranların fəaliyyəti bərpa oluna bilər. Onsuz da bu virusun vaksini tapılmayıb. Belə bir halda daha ağır iqtisadi böhranla üzləşməmək üçün, virusla yaşamağa alışmalıyıq. Əgər, vətəndaş cəmiyyəti olaraq, ictimai nəzarət mexanizmini gücləndirə bilsək, insanlar əvvəlki firavan həyatları üçün qayda pozanları özləri cəzalandıracaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə