Azərbaycançılıq və ümumbəşəri dəyərlər

Adət və ənənələlərin, bayramların, mərasimlərin ictimai xarakteri onların kütləviliyi ilə səciyyələnir. Cəmiyyət həyatındakı kütləviləşmə isə ictimai həmrəliyin, mənəvi-psixoloji birliyin və vəhdətin təməlidir.

Ümumbəşəri dəyərlər

Ümumbəşəri dəyərlər də adət və ənənə kimi ictimai xarakterlidir. Ancaq adət və ənənələrdən fərqli olaraq ümumbəşəri dəyərlər qlobal əhəmiyyətli şüurun təzahür formasından ibarətdir. Ümumbəşəri dəyərlər insan cəmiyyətində həmişə mövcud olmuşdur. Ümumbəşəri dəyərlər elə bir mənəvi təsir vasitəsidir ki, onlar bir məkanda yaranır və öz ictimai xarakterinə görə sərhədlərini genişləndirə bilir. Ümumbəşəri dəyərlər, başqa sözlə, insanın ictimai şüuruna daha intensiv şəkildə təsir edən mənəvi - psixoloji vasitədir. Ümumbəşəri dəyərlər mədəni ənənləri olan insan cəmiyyətlərinin hər birində formalaşa bilər. Məsələn, Azərbaycanda XII əsrin böyük dahi mütəfikkiri Nizami Gəncəvinin yaratdığı insan azadlığı, hüquq bərabərliyi haqqındakı fikirlər, demokratik cəmiyyət arzuları ümümbəşəri ideyalar kimi qiymətləndirilə bilər. Doğrudan da Nizamidən əvvəl bədii ədəbiyyatda bu ideyalar ümumiləşdirilməmiş və həmin dövrün dövlətçilik qurumlarında onların həyata tətbiq olunması barədə heç bir təşəbbüs yaranmamışdır. Lakin ideyalar yaşamışdır. Nizaminin əsərləri yayıldıqca, oxunduqca onun yaratdığı ideyalara da maraq çoxalmışdır.

Avropada həmin ideyalar Nizamidən dörd yüz il sonra oyanmağa başlamışdır.

Azərbaycanlıların "beynəlmiləlçi xalq" olduğu ümumi sözlərlə "sübuta yetirilmiş", milli ruha yaxınlıq, milli təəssübkeşlik, milli iftixar hissləri millətçilik kimi qiymətləndirilmiş, hətta təqiblərə məruz qalmışdır. Xalqımızın mənəviyyatı ilə səsləşməyən bir sıra hərəkətlər "sosialist yeniliyi", "kommunizm quruculuğu prosesində formalaşan yeni adətlər" kimi təbliğ olunmuşdur. Milli özünəməxsusluq əsasən ayrı-ayrı fərdlərin vətənpərvərliyi ilə məhdudlaşdırılmış, beynəlmilləlik isə beynəlmiləlçilik, daha dəqiq desək, müxtəlif millətlərdən olan xalqların dostluğunun inikası kimi təqdim edilmişdir. Məhz bütün bunlara görə ədəbiyyatda millilik və ümumbəşərilik problemlərinin yeni baxımdan öyrənilməsi günün tələbi kimi qarşıda durur. Bu baxımdan Azərbaycanın xalq şairi Səməd Vurğunun yaradıcılığı xüsusi maraq doğurur. Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaratmışdır.

Məlumdur ki, Yaxın Şərqdə baş verən hadisələrdən sonra Avropa ölkələrinə kütləvi miqrant axını baş verdi. Bu zaman Avropanın aparıcı dövlətlərinin bir çox siyasətçiləri multikulturalizmin iflasa uğradığı və məhvə məhkum olması iddiasını ortaya atdılar. Böyük Britaniyanın baş naziri Devid Kemeron isə daha da irəli gedərək, multikulturalizmin sona çatdığını bəyan etdi. Qərb siyasətçilərinin bu bəyanatları ilə razılaşmayan Azərbaycan Prezidenti İlham Əliyev isə bəyan etdi ki, multikulturalizm sona çatmayıb, multikulturalizm terrorun, müharibənin, ksenofobiyanın, islamafobiyanın, antisemitizmin, dini və milli qarşıdurmaların alternativi olan yeganə yoldur. Bu yoldan çəkinmək, multikulturalizmin iflasa uğraması ilə razılaşmaq, bəşəriyyət üçün çox böyük fəlakətlər gətirə bilər. Bu da o deməkdir ki, bəşəriyyət qlobal miqyasda, dünyada gedən prosesləri nəzərə almadan ortaq məxrəc tapmasa və ümumi razılaşmalar əldə etməsə, özünü böyük təhlükə ilə üz-üzə qoya bilər.

Avropadan tam fərqli olaraq Azərbaycanda minilliklər boyu dinc- yanaşı yaşayan fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək qorumağı bacarıblar. Hazırda isə cəmiyyətdə bu yöndə mövcud olan pozitiv münasibətə çox mühüm çalar - dövlət siyasəti əlavə olunub ki, bu da respublikamızda multikultural mühitin qorunması və inkişaf etdirilməsi perspektivlərini təmin edir. Göründüyü kimi, Qərb dünyasında mövcud olan multikulturalizm isə həmin ölkələrə sığınan qaçqınlara, ümumilikdə gəlmələrə olan hörmət və ehtiramdan deyil, sadəcə, "dözümlü" münasibətdən qaynaqlanır. Buna görə də, həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adlarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəfləyən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan, bu fəaliyyətlərini dövlət siyasətlərində anoloqsuz ənənə halına salan eqoist təfəkkürlü qüvvələrin imitasiyalarını multikulturalizmi alternativsiz həyat tərzinə çevirən Azərbaycanla müqayisə etmək belə, düzgün deyil. Bunu Prezident İlham Əliyev də öz bəyanatı ilə bir daha sübut etdi.

Bu da danılmaz həqiqətdir ki, multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır, biz də ölkəmizdə bu dəyərləri qorumalı və təbliğ etməliyik. Qloballaşma milli mədəniyyət və ənənələrin prioritetlərini gizli şəkildə dağıdır, özünəməxsusluqdan uzaqlaşmağa gətirib çıxarır və cəmiyyətin coğrafi və iqtisadi vəziyyətindən və siyasi quruluşundan asılı olmayaraq onun qərbləşməsini həyata keçirir.

Nəzərə aldıqda ki, müasir dövrdə qloballaşmanın təbiri ilə Qərbə məxsus mədəniyyət etiketləri başqa ölkələrə səssiz - küysüz daxil olur, onda, milli mədəniyyətimizin qorunması haqqında Heydər Əliyev tövsiyələrinə biganə qalmağın yolverilməz olduğu hamını düşündürməlidir. Biz Qərbdən elə etiketləri qəbul etməliyik ki, onlar milli - mənəvi dəyərlərimizi zənginləşdirə bilsin. Çünki müasir beynəlxalq inteqrasiya şəraitində Azərbaycan cəmiyyəti özünü dünyadan təcrid edə bilməz. Bu gün Azərbaycan Respublikası iqtisadi, siyasi, elmi, mədəni və bir çox sahələrdə beynəlxalq inteqrasiya məkanına qoşulmuşdur. Ona görə də bəşər mədəniyyətinin ən yaxşı ənənələrini qəbul etmək bir zərurətə çevrilmişdir. Eyni zamanda, mədəniyyətlərin yaxınlaşması Azərbaycan cəmiyyətinə xas olan milli - mənəvi dəyərlərin bəşər mədəniyyətinin bir tərkib hissəsinə çevrilməsinə və onu zəngiləşdirməsinə də təminat yaradır. Əlbəttə ki, vacib şərt milli mədəniyyətin qorunmasından ibarətdir. Buna görə Ümummilli liderimiz Heydər Əliyev göstərir ki, "öz milli - mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq".

Ümumbəşəri dəyərlərlə bağlı nələrin qəbul edilməsinə də Heydər Əliyev bir konkretlik və aydınlıq gətirir. Heydər Əliyev göstərir ki, "bunun içərisində həm demokratiya, həm hüquq normaları, həm dünyəvi dövlət, həm insan azadlığı, insan haqlarının qorunması, plüralizm, sərbəst ticarət, insan sərbəstliyi, sərbəst bazar ticarəti, sərbəst bazar iqtisadiyyatı var - bunlar hamısı ümumbəşəri dəyərlərin bizim milli - mənəvi dəyərlərlə vəhdətindən meydana gələn müddəalardır".

Bu müddəaların qəbul edilməsi Azərbaycanda dövlətçiliyin təməlinin möhkəmləndirilməsinə zəmin yaratmaqdır, dövlətçiliyin atributlarına hörmət və ehtiram göstərməkdir, Azərbaycan mədəniyyətini dünya mədəniyyətinə tanıtmaqdır, milli mədəniyyətimizi dünya mədəniyyətinin bərabərhüquqlu subyektinə çevirməkdir, dünya elmindən səmərəli şəkildə bəhrələnməkdir, iqtisadiyyatımızı gücləndirib düşmən üzərində qələbəyə və xalqımızın rifahının yüksəldilməsinə nail olmaqdır.

Bütövlükdə milli - mənəvi dəyərlərimizin zənginləşməsi cəmiyyətimizdə mənəvi zənginlik yaradılmasına, milli şüurun yetkinləşməsinə və müstəqil dövlətçiliyimizin mənafeyinin qorunmasına xidmət göstərilməsi deməkdir. Başqa sözlə, cəmiyyətdəki milli və mənəvi zənginliyin özü müstəqil dövlətçiliyimizin mənəvi dayağıdır. “Azərbaycanşünaslığın” formalaşmasında türkoloqlar, iranşünaslar, qafqazşünaslar, semitoloqlar, demək olar ki, eyni dərəcədə iştirak etmişlər, ona görə də, həmin elm sahələri üzrə mütəxəssislərin çox zaman biri digərini tamamilə inkar edən mülahizələri azərbaycanşünaslıqda sinkretik (və “beynəlmiləl”) bir sistem təşkil edir”... Ümumbəşəri baxımdan, “Əlbəttə, beynəlmiləl ümumbəşəri dəyərlərə hörmət etmək hər bir xalqın mükəmməlliyini, mədəni səviyyəsinin yüksəkliyini göstərir; bununla belə, hər hansı xalqı zorla beynəlmiləlləşdinnək ona heç bir “hüquq, yaxud nüfuz gətirməz, əksinə, həmin xalqı öz kökündən, tipologiyasından ayırıb, dünya proseslərinin önündə gedənlərin kölgəsinə çevirər...”.

Deməli, beynəlmiləlçilik xalqlar arasında zorla yox, ayrı-ayrı xalqların siyasi, iqtisadi və mədəni inkişaf səviyyəsinə uyğun olaraq, xalqlar öz aralarında heç bir təsir olmadan beynəlmiləl münasibətlər, əlaqələr yaratmalıdırlar...”.

Azərbaycanşünaslığın əsas problemi dedikdə, hər şeydən əvvəl, Azərbaycan xalqının mənşəyi (kökü, soykökü) və onun inkişaf tarixi nəzərdə tutulur. XX əsrin 30-cu illərinə qədər Azərbaycan xalqının mənşəyi elmi-tarixi istiqamətdə apanlsa da, 30-cu illərdən sonra isə, müxtəlif siyasi-ideoloji mövqedən tədqiq olunmağa başlanmışdır. Beləcə də, xalqımızın mənşəyi (etnogenizi) müxtəlif şəkildə “həll edilmişdir” - türkoloqlar türk, iranşünaslar İran, Qafqazşünaslar bu və ya digər qeyd-şərtlə də olsa, Qafqaz (Alban) başlanğıcını əsas götünnüş və nəticə etibarilə qeyri-elmi xarakterli, saxtalaşdırılmış bir “metodoloji” mənzərə yaranmışdır. Odur ki, indi Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təşəkkül tarixi barədə əsaslı, mükəmməl, vahid fikir və mülahizə söyləmək olduqca çətindir.

Vahid Ömərov

F.ü.f.d.dos.

Bütün xəbərlər Facebook səhifəmizdə