AHİK İcraiyyə Komitəsinin onlayn iclası keçirilib

Avqustun 13-də AHİK-in İcraiyyə Komitəsinin onlayn iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclası açan qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəliyə daxil edilmiş məsələlər barədə məlumat verib.

S.Möhbalıyev bildirib ki, erməni təcavüzünə və terrorizminə qarşı mübarizədə minlərlə vətən övladları qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvlərinin sosial problemlərinin həlli istiqamətində ölkə Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva başda olmaqla Heydər Əliyev Fondu önəmli addımlar atırlar. Azərbaycan həmkarlar ittifaqları da şəhid olmuş əsgər və zabitlərin ailələrinin sosial problemlərinin həlli məqsədilə hələ Qarabağ savaşının ilk illərində xeyli şəhid ailəsini himayəyə götürmüş və onlara vaxtaşırı maddi və mənəvi yardımlar göstərmişlər. Məlumdur ki, 2016-cı ilin aprel döyüşlərində və bu ilin iyul ayında Tovuz rayonunun sərhəd ərazisində erməni qəsbkarlarının hücumlarının qarşısının qəhrəmancasına alınmasında onlarla vətən övladı şəhid olmuşdur. Bu şəhid ailələrinin sosial problemlərinə yardımçı olmaq məqsədilə AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, 2-5 aprel 2016-cı il və 12-14 iyul 2020-ci il tarixlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 azyaşlı uşağı himayəyə götürülsün. Şəhid ailələrinin hər bir uşağına onlar 18 yaşına çatana kimi ayda 150 (yüz əlli) manat məbləğində yardım edilsin. Ödənişlər 2020-ci ilin 1 sentyabr tarixindən həyata keçirilsin.

İcraiyyə Komitəsinin iclasında koronavirusla (COVİD-19) mübarizədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən tədbirlər haqqında danışan AHİK sədri qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların sağlamlığının qorunması məqsədilə kompleks tədbilər həyata keçirilmiş, pandemiyanın iqtisadiyyata və sosial rifaha mənfi təsirlərinin azaldılması sahəsində uğurlu iş təcrübəsi qazanılmışdır. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sınaq günlərində xalqa müraciətləri koronavirusa qarşı mübarizədə öz müsbət rolunu oynamışdır.

Azərbaycan həmkarlar ittifaqları koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün bütün imkanlarını səfərbər etmiş, qlobal pandemiya infeksiyasının qarşısının alınması ilə bağlı prezident İlham Əliyevin atdığı qətiyyətli addımlarını dəstəkləmişlər.

AHİK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasına 200 min manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin hesabına 205 min manat, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10 min manat vəsait köçürmüşdür.

Bütün bunlarla yanaşı, AHİK-in üzv təşkilatları Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi vəsaitlər köçürməklə, yaradılan mobil qrupların köməyilə respublikanın rayonlarında yaşayan 24.188 aztəminatlı ailəyə bir milyon manatadək maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı üzvlərinə isə 351 min 056 manatlıq qoruyucu vasitələr paylamışlar. Ümumiyyətlə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları koronavirusla mübarizəyə və dövlət tərəfindən həyata keçirilən tədbirlərə 4.204.445 manatdan çox vəsait xərcləmişdir. Bu qəbildən olan maddi və mənəvi yardımlar bu gün də davam etdirilir.

İcraiyyə Komitəsinin iclasında AHİK-in üzv təşkilatlarına koronavirusla (COVİD-19) mübarizədə həyata keçirilən tədbirlərin davam etdirilməsi, pandemiya dövründə işçilərin məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi üçün işəgötürənlərlə aparılan işin səmərəliliyinin təmin edilməsi tövsiyə olunub.

İclasda həmçinin Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat, Naxçıvan Muxtar Respublikası Həmkatlar İttifaqları Şurasına 10 min manat məbləğində maliyyə yardımı ayrılması haqqında qərar qəbul edilib.

İclasda AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2020-ci ilin ikinci yarımilliyi üçün iş planı təsdiq edilib və cari məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...