"Bu istiqamətdə Azərbaycan cəmiyyəti maarifləndirilib" ÖZƏL - AÇIQLAMA

"İctimai nəqliyyatda, iaşə obyektlərində maska taxmaq, sosial məsafəni saxlamaq üçün hökmən dövlət qanunu lazım deyil. İnsanın özünün düşüncəsi, özünün fikirləri və bildikləri necə olsun? Bu istiqamətdə Azərbaycan cəmiyyəti maarifləndirilib, axı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü olan deputatı Anar İsgəndərov pandemik vəziyyətlə əlaqədar yumşalmalara gedilməklə yoluxma dinamikasında artımın müşahidə olunması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yumşalmaların nəticəsi olaraq yoluxma dinamikasında artım təkcə Azərbaycanın problemi deyil, bu fəlakət bütün dünyanı bürüyüb: "Bu problem bütün dünyanın problemidir. Azərbaycan isə bu məsələdə balanslaşdırılmış siyasəti ilə diqqəti cəlb edir. Çalışılır ki, həm iqtisadi aktivlik gözlənilsin, müəssisələrin açılsın, həm də təsərrüfatın, bazar münasibətlərinin inkişafı ilə bağlı nələrsə edilsin, lakin, digər tərəfdən də son nəticə olaraq bu, pandemiyanın inkişafına, əhali arasında artımın olmasına gətirib çıxartmasın. Doğrudan da bu çətin məsələdir. Burada iki amil bir-birinə qarşı, üz-üzədir. Əhalinin sağlamlığı üçün qadağalara ehtiyac var, lakin, sərtləşdirmə tədbirləri görüldükdə iqtisadi amillərdən imtina etmək lazımdır. Bu mənada pandemiya dünyanın hər bir ölkəsi, o cümlədən, Azərbaycan üçün çətin bir imtahandır".

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövləti və hakimiyyəti bu istiqamətdə müəyyən qədər təcrübə toplayıb, müəyyən qədər uğurlar əldə edib, buna görə də, gələcəkdə də ölkənin səhiyyəsindəki mənzərədə və iqtisadi mənzərədə inkişaf əldə etmək üçün bizə uğur gətirəcək bir yol seçiləcək: "İnsanlar təkcə qanunlara görə yox, öz sağlamlıqları, ailə və yaxınlarının sağlamlıqları, bir sözlə cəmiyyətin sağlamlığı üçün nə mümkündürsə onu etməlidir. İctimai nəqliyyatda, iaşə obyektlərində maska taxmaq, sosial məsafəni saxlamaq üçün hökmən dövlət qanunu lazım deyil. İnsanın özünün düşüncəsi, özünün fikirləri və bildikləri necə olsun? Bu istiqamətdə Azərbaycan cəmiyyəti maarifləndirilib, axı. Buna görə də biz pandemiyaya qarşı mübarizədə lazım olan hər şeydən istifadə etsək, qazanan da özümüz olacağıq. Həm iqtisadiyyatımız böhranlı vəziyyətdən çıxacaq və inkişaf edəcək, həm də insanlarımızın sağlamlığı tam mənada yerində olacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə