Ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət

Prezident İlham Əliyev: “Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır”

“İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır”. Bunu Prezident İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilə müşavirədə bildirib.

Dövlət başçısı bildirib ki, müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır: “Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünki yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarı. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz”.

Göründüyü kimi, ölkə Prizedinin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Fakt odur ki, məhz bu düşünülmüş siyasətin nəticəsində ölkəmiz bu böhranlı vəziyyəti dünyanın bir çox ölkələrindən daha yaxşı idarə edə bilib. Amma pandemiyanın nə vaxt qurtaracağını da heç kim bilmir. Ona görə də, sayıqlığı itirmədən atılan addımları davam etdirmək lazımdır.

“Karantin vəziyyəti hamını yorsa da, pandemiyanın fəsadları nəzərə alınmalıdır”

Bu gün karantin vəziyyətinin yaxşılaşması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlərin sonda ciddi nəticələr verdiyinin bariz göstəricisidir. Sevindirici haldır ki, artıq koronavirusa qarşı mübarizə tədbirləri effekt verir və müsbət dinamika müşahidə olunur.

Onu da qeyd edək ki, pandemiyaya qarşı mübarizə aparılmaqla yanaşı, həmçinin sosial və iqtisadi məsələlərin həlli istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ölkəmizdə iqtisadi və sosial məsələlər də öz həllini tapır. Bu dövrdə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləməsə də, dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Bundan əlavə, 600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara 190 manat həcmində müavinətin verilməsi buna sübutdur. Qeyd edək ki, müşavirədə də dövlət başçısının qeyd etdiyi kimi, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək.

Şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub

Bu məhz dövlət başçısının daima göstəricisidir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev təqdim olunub. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır.

“Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik”

Dövlət başçısı müşavirədə bildirib ki, Azərbaycan dövlətinin öz vətəndaşına qayğı və diqqətinin reallığıdır: “Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik”.

“İnsanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır”

Prezident İlham Əliyev insanların sağlamlığı ilə yanaşı onların sosial vəziyyətinin yaxşılaşmasının əsas məsəl olduğunu da bildirib: “Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki əgər bu, olmasa, bu birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin. Əlbəttə, makroiqtisadi vəziyyətin sabit qalması sevindirici amildir, inflyasiya təqribən 3 faiz ətrafındadır və artıq məlumat verildi ki, bizdə xarici borc artmayıb”.

“Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır”

“Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik”, deyən dövlət başçısı deyib ki, son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür: “Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik. Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər.

Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq”.

Xalqın dövlət başçısına inam və rəğbəti tükənməzdir

İndi dünyanın bir çox böyük dövlətlərinin belə koronavirus pandemiyasının ağır fəsadları qarşısında zəif, naəlaac qaldığı bir məqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımlar atılıb. Nəticə göz qabağındadır. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüz ilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləri nə qədirbilən xalqımız unudacaq, nə də əlahəzrət zaman. Çünki dövlətimizin başçısı heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə hərəkət etmir, Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. Təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezidentimizin ünvanına yüzlələr minnətdarlıq məktubları göndərir və bu məktublarda ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarına dilə gətirir, öz rəhbərləri ilə fəxr və qürur hissi keçirdiklərini vurğulayırlar. Xalqının qürür mənbəyinə çevrilmiş Prezident İlham Əliyev isə bəyan edir ki, bütün imkan, potensial və resurslarımızdan istifadə edib bu çətin sınaqdan da şərəflə çıxacağıq. Hal-hazırda karantin rejiminin müddətini pandemiyanın hələ də mövcudluğu şəraitində uzatsaq da, eyni zamanda, mərhələli şəkildə sosial təcrid siyasətinin yumşaldılması istiqamətində də addımlar atmaq niyyətindəyik. Əsas olan odur ki, həmrəyliyimiz və birliyimiz heç zaman olmadığı qədər ən yüksək səviyyədədir.

Bir sözlə, koronavirusla bağlı situasiya hökumətin tam nəzarətindədir. Ola bilsin dövlət xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atsın. Amma onu bilməliyik ki, bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə