Karantin rejiminin yumşaldılması pandemiyanın bitməsi demək deyil - MÖVQE ÖZƏL

"Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda hələ ilk günlərdən etibarən dərhal sərhədlər bağlandı, eyni zamanda müvafiq tədbirlər görülməyə başladı və məsələ ilə əlaqədar Operativ Qərargah yaradıldı, müvafiq strukturlar dərhal hərəkətə gətirildi, həmçinin təbliğat-təşviqat işləri aparılmağa başlandı. Cənab prezidentin İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın da bir neçə dəfə məsələ ilə əlaqədar Azərbaycan xalqına ünvanlandığı müraciətlər oldu. Prezident İlham Əliyev bildirdi ki, onun üçün əsas məsələ vətəndaşların sağlamlığıdır". Bunu SİA-ya açıqlamasın BMAM sədri, politoloq Rufiz Qonaqov deyib.

Politoloqun sözlərinə görə, vaxtında görülən tədbirlər nəticəsində Azərbaycanda xəstələrin sayı bir o qədər də kütləviləşmədi: "Lakin may ayında karantin rejiminin şərtlərinin yumşaldılmasından sonra xəstələrin sayı müəyyən qədər artmağa başlasa da, ümumi nəticəni dünyanın digər ölkələri ilə müqayisə etsək Azərbaycanda bu virusa yoluxanların və ölənlərin sayı çox sayılmır. Virusla mübarizə istiqamətində Azərbaycan dövləti vacib addımlar atdı. Görülən sərt karantin rejimi nəticəsində bu günlərdə xəstələrin sayının azaldığını müşahidə edirik. Əgər bir neçə həftə bundan əvvəl 500-600 civarı arasında dəyişirdisə rəqəmlər, bu gün artıq xəstələrin sayı 100 dən aşağıdır. Lakin bu bizi arxayınlaşdırmamalıdır".

R.Qonaqov qeyd edib ki, Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq hazırda mərhələli şəkildə yumşalmalara gedilir: "Bu yumşalmalar zəruri idi. Xeyli müddətdir ki, ölkəmizdə sərt karantin tədbirləri həyata keçirilirdi. Yay fəsli olduğundan insanların havaya çıxmağa, çimərliklərə getməyə ehtiyacı var, həmçinin nəzərə almalıyıq ki, ürək, şəkər xəstələri, yaşlı insanlar üçün dəniz havası və bütövlükdə günəş vannası çox faydalıdır. Bu baxımdan da biz yumşalmalara gedərkən eyni zamanda sosial iaşə sahələri, iş yerlərinin tədricən açılmasının da şahidi oluruq və bu proses davamlı şəkildə həyata keçirilir. Lakin bütün bu yumşalmalar bizi çaşdırmamalıdır. Vətəndaşlarımız başa düşməlidirlər ki, pandemiya başa çatmayıb və bizim virusla mübarizəmiz davam edir. Koronavirusla mübarizəni yaşam tərzimizə çevirməliyik. Bu zaman biz virusdan daha tez yaxa qurtara bilərik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə