14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb - FOTOLAR

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi tədbirləri davam etdirilir. SİA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin 10 avqust tarixində saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılmış və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılmış şəxlərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilib, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağstafa rayonu icra hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil veriliblər.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə