Abay Kunanbayevin 175 illiyi münasibətilə xatirə aksiyası baş tutub

Abay Kunanbayevin anadan olmasının 175 illiyinin qeyd olunması münasibətilə Bakı şəhərinin Binəqədi rayonunun Abay küçəsində xatirə lövhəsinin yenidən qurulması ilə bağlı xatirə aksiyası baş tutub.

SİA Qazaxıstanın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir ki, tədbirdə yaradıcı ziyalılar, azərbaycanlı abayşünaslar və yazıçılar, Binəqədi rayonunun nümayəndələri, Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş Katibi A.Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti G.Əfəndiyeva, Mədəniyyət Nazirliyinin, "Azərbaycan-Qazaxıstan" dostluq cəmiyyətinin və qazax diasporanın nümayəndələri iştirak edib.

Salamlama çıxışında Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serjan Abdıkarimov gələcək nəsillər üçün böyük əhəmiyyəti olan, yaradıcılıq irsi qazax xalqının mənəvi sərvətinə çevrilmiş Abay Kunanbayevin adı ilə Bakının küçələrdən birinin adlandırılmasına görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlığını bildirdi. Qeyd olunub ki, yubiley ilinin başlanması Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və onun "Abay və Qazaxıstan XXI əsrdə" adlı məqaləsi və dahi qazax şairi və mütəfəkkirinin 175 illiyinin beynəlxalq və milli səviyyədə qeyd olunması haqqında sazişi ilə start verilib.

Diplomat qonaqlara xatırladıb ki, düz 25 il bundan öncə, 9 avqust 1995-ci ildə Heydər Əliyev Nursultan Nazarbayevin dəvəti ilə Almatıda Abayın 150 illiyinin qeyd olunması ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak edib və bunları söyləyib: "Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqını xoşbəxtliyə və firavanlığa aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o, bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur".

Səfir azərbaycanlı dostlara Abayın "Adam bol!" mənəvi düsturunun mahiyyəti, onun humanizmə, zəhmətkeşliyə, maarifçiliyə çağırışı, qazax əhalinin torpaqları, öz müqəddəratının təyin edilməsi, dilinin qorunması, milli mədəniyyəti və ənənələr uğrunda mübarizə aparan Alaş partiyası və Alaş muxtariyyəti haqqında söz açıb. İştirak edən abayşünaslara onun əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi, dahi Abaya və onun irsinə qarşı hörmət və məhəbbətə görə minnətdarlıq ifadə olunub.

Öz çıxışında G.Əfəndiyeva əsərləri Azərbaycan xalqı üçün dəyərli olan Abayı türk dünyasının dahi şair və mütəfəkkir adlandırdı. O qeyd edib ki, uzunmüddətli mehriban qonşuluq strategiyasının təməli Azərbaycanın Ümumilli Lideri H.Əliyev və Qazaxıstanın Birinci Prezidenti – Elbaşı N.Nazarbayev tərəfindən qoyulub. Bu gün də Qazaxıstan Respublikası və Azərbaycan Respublikası Prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev ikitərəfli əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə davam edirlər.

Tanınmış azərbaycanlı abayşünas, Bakı Dövlət Universitetinin Türkşünaslıq kafedrasının professoru Firuzə Ağayeva Abayın həyatı və yaradıcılığı barədə məlumat verərək vurğulayıb ki, onun şəxsiyyəti və əsərləri Azərbaycanda rəğbətlə qarşılanır. "Abay Puşkinin, Krılovu tərcümə edirdi. Mənim 12 yaşımdan Abayın şeirlərinə və əsərlərinə qarşı məhəbbətim var. Mən Abay Kunanbayev küçəsində yaşayan insanlara onun barədə kitablar paylayırdım ki, onlar bu kitabları oxusunlar və bu dahi insan barədə məlumatlı olsunlar", - deyə, o qeyd edib. Onun sözlərinə görə, Abay əsərlərində sosial problemlərə toxunurdu, səriştəsiz məmurları, mənfəətpərəstləri tənqid edirdi, həmçinin təbiətin gözəlliyindən mədh edirdi və insanları öz hüquqlarını bilməyə və müdafiə etməyə dəvət edirdi.

Abayın ad günü münasibətilə qazaxıstanlı diplomatlar kiçik hədiyyə kimi, öz vəsaitləri hesabına xatirə lövhəsi yanında Bakı sakinlərin istirahəti üçün skamyalar quraşdırılıb. Aksiya sözləri və musiqisi Abaya məxsus olan "Jelsiz tünde jarık ay" mahnısına qulaq asılması ilə başa çatıb.

Qeyd edək ki, 2011-ci ildə Bakı şəhərinin Binəqədi rayonunun küçələrin birinə Abay Kunanbayevin adı verilib. Xatirə lövhəsi təmir və binanın planlaşdırılan söküntü işləri ilə əlaqədar yeni məkanda quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...