Neftçalada içməli su problemi həll edilir

Neftçalada mövcud içməli su probleminin həlli istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Prezident İlham Əliyevin ölkədəki su problemi ilə bağlı keçirdiyi geniş videomüşavirədə verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq əhalinin içməli su təminatının daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər keçirilir.

Avqustun 1-dən etibarən 50-dən artıq ümumi tutumu 500 m3 olan su daşıyan texnika və nəqliyyat vasitəsi Neftçala rayon ərazisini su ilə təmin edir.

Rayon ərazisində ümumi tutumu 800 m3 olan plastik su çənləri quraşdırılıb ki, bununla da içməli su həmin çənlərə daşınaraq günaşırı əhalinin istifadəsinə verilir.

Eyni zamanda sutəmizləyici qurğular da günaşırı olaraq su ilə təmin olunur. Akkuşa çayının nəzarətə götürülməsi nəticəsində suyun səviyyəsində artım müşahidə olunur. Bu da ümumi su təminatının yaxşılaşdırılması baxımından fermerlər üçün əlverişli fürsət yaradıb.

Müşavirədən öncə gündəlik su təminatı 30-35 faiz arasında dəyişirdisə, artıq bu rəqəm iki dəfə artaraq 60-70 faizə çatıb.

Eyni zamanda Salyan rayonundan Neftcalaya çəkilən 44 km-lik yeni su xəttində işlər intensiv olaraq davam etdirilir.

Neftçala rayon İcra Hakimiyyəti başçısının yanında su problemi ilə bağlı yaradılmış Operativ Qərargaha gün ərzində yüzlərlə vətəndaşın müraciəti daxil olur və həmin müraciətlər davamlı olaraq cavablandırılır. Ehtiyac olan yerlərə vaxtında su təminatı həyata keçirilir.

Qeyd edilən müşavirədən sonra Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən rayona əlavə olaraq yeni su texnikalarının cəlb olunması, yerlərdə iritutumlu su çənlərinin quraşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Neftçala rayon İcra Hakimiyyəti başçısının yanında yaradılmış Operativ Qərargah fəaliyyətini gecə saatlarına qədər davam etdirir. Nəticədə rayon ərazisinə ümumilikdə 1000 m3-dən artıq içməli su daşınaraq şəhər mərkəzi, kəndlər və qəsəbələrə əhalinin su təminatı həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...