Səs İnformasiya Agentliyi 12 yaşını qeyd etdi

Səs İnformasiya Agentliyinin (SİA) yaranmasından 12 il keçir. Azərbaycanda və dünyada pandemiya səbəbindən təkcə ad günləri, yubileylər yox, bütün iri tədbirlər, əlamətdar günlər belə sakit, dar çərçivədə, yalnız yaxınların və doğmaların əhatəsində qeyd edilir. Biz də növbəti ildönümümüzü, ad günümüzü belə sakit keçirmək qərarına gəldik.

SİA haqqında danışarkən, onun yaranma tarixinə nəzər salarkən "Səs" qəzeti barədə danışmamaq olmaz. Axı, SİA-nın "Səs" qəzetinin bazasında yaradıldığını kim bilmir ki? Necə deyərlər onun övladıdır, sözün bütün mənalarında məhz onun maddi və mənəvi bazası üzərində bərqərar olub, həyata vəsiqə qazanıb.

“Səs” qəzeti 1990-cı ildə qeydiyyatdan keçib və 1991-ci il yanvarın 11-də “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı kimi nəşrə başlamaqla Azərbaycanda müstəqil mətbuatın ilk qaranquşlarından olub. Sovet dönəmində qəzetə çox basqılar olub, çünki həmin vaxt açıq fikirli qəzetləri qəbul etməmə instinki dominantlıq edirdi, insanların böyük əksəriyyəti sovet ideologiyasından qurtula bilmirdi, insanların içindəki daxili senzura onlara "Səs" kimi azad fikirli qəzeti qəbul etməyə əngəl yaradırdı. Amma “Səs” qəzetinin 35 min tirajla çap olunması bu qəzetin cəmiyyət üçün nə qədər dəyərli olduğunu sübuta yetirir. Həm də o dövrdə bu qədər tirajla çıxan yeganə qəzet idi. Müstəqillik əldə edildikdən sonra da “Səs” açıq fikirli qəzet olaraq o dövrün müxalif qəzeti sayılırdı. AXC-Müsavat hakimiyyəti zamanı da "Səs" qəzetinin mövqeyində dəyişiklik olmadı, əksinə Azərbaycanın taleyini düşünən insanlar qəzetin ətrafında toplaşdılar. Yeni Azərbaycan Partiyası hələ yaranmamışdı, amma “Səs” qəzeti vətənpərvər, xalqın, dövlətin gələcəyini düşünən insanları, ziyalıları, aydınları ətrafında cəmləşdirə bilmişdi.

Yarandığı vaxtdan "Səs" qəzeti Ulu Öndər Heydər Əliyevin ideyalarının xalqa çatdırılması kimi müqəddəs missiyanı şərəflə yerinə yetirib, Onun Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. "Səs" qəzeti YAP-ın baza rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.

1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı "Səs" qəzetində dərc olunub. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra "Səs" qəzetini özü üçün doğma qəzet adlandırıb və qeyd edib ki, "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir. Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var. Qəzetin internet saytı (ses-news.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlılar da sayt vasitəsilə qəzeti izləyirlər.

Bu gün Azərbaycanın müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliklərindən biri - “Səs” Media Qrupuna daxil olan Səs İnformasiya Agentliyi (SİA) 2008-ci ildə yaradılıb. Fasiləsiz olaraq Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən SİA-nın ölkəmizin bütün bölgələrində, eyni zamanda Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsilə “on-line” xəbər xidməti göstərir və ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.

Agentlik abunəçilərinə gündəlik xəbərlərlə yanaşı, video görüntülər, həftəlik və aylıq təhlillər, statistika, proqnozlar, xüsusi fotosessiyalar təqdim edir. Regionun etimad qazanmış media şirkətləri sırasında olan SİA-nın tanınmış politoloq və mütəxəssislərdən ibarət ekspertlər qrupu təhlillər hazırlayır, monitorinqlər keçirir. SİA foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti SƏS TV müxtəlif layihələr hazırlayır.

Agentlik xarici ölkələrin xəbər resursları ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Müxtəlif tədbirlərin təşkilatçısı və informasiya dəstəkçisi rolunda çıxış edən SİA Azərbaycan mediasının yeni qolu sayılan internet medianın inkişafında xüsusi rol oynayır.

Ad gününüz mübarək "Səs"çilər, SİA-çılar!!!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...