Gömrük Akademiyasının məzunlarına diplomları təqdim olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsini 2019/2020-ci tədris ili üzrə bitirən tələbələrə məzun diplomları təqdim olunub. SİA-nın xəbərinə görə, bu məqsədlə karantin qaydalarına əməl edilərək keçirilən mərasimdə Akademiyanın rəisi Qulu Novruzov məzunlara sonrakı təhsil mərhələlərində və həyatda uğurlar arzulayıb. Qeyd olunub ki, Akademiyada mart ayından etibarən dərslər və imtahanlar, o cümlədən buraxılış işlərinin müdafiəsi onlayn formatda reallaşdırılıb, dərslərdə iştirak və fənlərin məzmununun qavranılması yüksək səviyyədədir. Dördüncü kurs tələbələrinin istehsalat təcrübəsinin də karantin dövrünə təsadüf etməsinə baxmayaraq, buraxılış işlərinin müdafiəsi və səviyyəsinin ürəkaçan olduğu, prosesin uğurla başa çatdığı vurğulanıb.

Ötən il Akademiyadan məzun olan tələbələrin gömrük orqanlarında işlə təmin olunması barədə danışan Qulu Novruzov bildirib ki, təhsildə və sosial fəaliyyətdə uğurlu nəticələr əldə etmiş məzunların gömrük xidmətində fəaliyyət göstərməsi bizim üçün arzu olunandır.

Sonra məzunlara diplomlar təqdim olunub.

2019/2020-ci tədris ilində Akademiyadan 40 tələbə məzun olub. Onlardan 19 nəfəri "İqtisadiyyat", 21 nəfəri "Hüquqşünaslıq" ixtisası üzrə bitirib.

Məzunlar Gömrük Akademiyasının, Azərbaycanın, o cümlədən bir sıra xarici ölkələrin təhsil ocaqlarında magistratura pilləsində təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, Akademiyada bakalavriat səviyyəsində 4 ixtisas - I ixtisas qrupu üzrə "İnformasiya təhlükəsizliyi", II ixtisas qrupu üzrə "İqtisadiyyat", həmçinin "Beynəlxalq ticarət və logistika", III ixtisas qrupu üzrə isə "Hüquqşünaslıq" ixtisasına qəbul həyata keçirilir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə