Sahibkarlara dövlət dəstəyinin Azərbaycan modeli

Prezident İlham Əliyev: “Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir”

Bu gün dünyanı ağuşuna alan pandemiya dövründə digər sahələr kimi Azərbaycan sahibkarı da tarixi sınaq qarşısındadırlar. Lakin Azərbacan dövləti həmişə bütün çətinliklərdən uğurla çıxdığı kimi, bu çətin gündə də bütün sahələrə, o cümlədən sahibkarlara dəstək göstərmək üçün uğurlu və düşünülmüş addımlar atır. Belə ki, pandemiyanın il ilk gününüdən, hətta dünyanın bütün inkişaf etmiş ölkələrində iri şirkətlər öz bizneslərini qorumaq, xərcləri minimuma endirməkdən ötrü kütləvi şəkildə işçiləri ixtisar etdiyi halda, Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlara öz işçilərini ixtisar etməməklə bağlı çağırış etdi. Çünki belə bir şəraitdə Azərbaycan sahibkarlarının öz işçilərinə qarşı anlayışlı davranması əsas məsələlərdən biridir. Eyni zamanda, sahibkarlar dövlət başçısının digər humanist çağırışına da biganə qalmayaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna da əhəmiyyətli məbləğlərdə ianələr edirlər. Göründüyü kimi, hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır və bu gün də bu yoldadır.

"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir", deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Azərbaycan Prezidentinin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam, hər il görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır. Bütün bunlar, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır və keçirilən müşavirələrdə də məmurları xalqla bir olmağa, xalqın dərd-səri ilə şərik olmağı tələb edir. Məmurlar da bu tələbə tam işləri ilə cavab verməlidir. Çünki Prezident İlham Əliyevin 17 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub.

Dövlət sahibkarlara, sahibkarlar da dövlətə arxalanır

"Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır”. Bu fikirləri Prezident İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə zamanı bildirib.

Bəli, bu gün pandemiya zamanında dövlət öz dəstəyini göstərirsə, sahibkarlar da, ümümiyyətlə hər bir qurum üzərinə düşən işə məsuliyyətlə yanaşimalı, ölkənin iqtisadiyyətının daha da güclənməsinə çalışmalıdır. Çünki ölkədə sahibkarlığın daha da inkişafı üçün biznes mühitinin daim yaxşılaşdırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Eyni zamanda, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub.

“Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu, birmənalıdır”

Bəli, ölkə Prezidenti daima sahibkarlara dəstək olub. Lakin dövlət başçısı bütün görüşlərdə və müşavirələrdə dönə-dönə vurğulayıb ki, qanunları və qaydaları pozanlar birmənalı şəkildə cəzalandırılmalıdır. Elə avqustun 6-da Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirə də bunu bir daha vurğulayıb: "Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə inteqrasiya etməliyik. Hesab edirəm ki, bu məsələ də gərək çox ciddi nəzərə alınsın və onlayn video müşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu video müşahidəni aparsınlar. Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu, birmənalıdır”.

Bu yerdə bir məqamı da xatırlatmaq istərdim. Belə ki, ölkə başçısı İlham Əliyevin iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən də bu məslənin üzərində xüsusi dayanması da deyilənlərin təsdiqi sayıla bilər. Həmin görüşdə də dövlət başçısı bildirmişdi ki, "sahibkarlıq fəaliyyətinə mane olan məmurlar sərt şəkildə cəzalandırılacaq. Cəzalandırma yalnız işdən çıxarılmaqla məhdudlaşmayacaq. Bəzi məmurlar hətta həbs oluna bilər: "Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun”.

Göründüyü kimi ölkə başçısı sahibkarlıq fəaliyyətinə müdaxilə edən, maneə törədən məmurların cəzalandırılacağını açıq mətnlə bəyan edirsə, deməli sahibkarlar da bunun müqabilində işlərinədə məsuliyyət hiss etməlidirlər: "Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır”.

Pandemiya dövründə özəl sektor öz fəaliyyətini yeni həyat tərzinə uyğunlaşdırmalıdır

Məhz dövlət başçısı İlham Əliyevin keçirdiyi müşavirənin səhərisi, yəni avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlarla keçirilən onlayn görüşdə qeyd edib ki, 2020-ci il Azərbaycan üçün uğurlu başlasa da, pandemiya bütün ölkələrdə olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoyub, məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına gətirib çıxarıb. Nazir vuğulayıb ki, pandemiyanın milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət orqanları qarşısında çox ciddi vəzifələr qoyub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandığını vurğulayan nazir sıx dövlət-vətəndaş həmrəyliyinə söykənərək insanların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb. Pandemiyanın iqtisadiyyata neqativ təsirləri barədə məlumat verən İqtisadiyyat naziri 2020-ci ilin birinci yarımilliyi üzrə ÜDM-də azalmanın qeydə alındığını, əksər iqtisadi sektorlarda azalma müşahidə olunduğunu qeyd edib. Vurğulanıb ki, iqtisadiyyata təhdidlərin qarşısının alınması istiqamətində qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, iş yerlərinin qorunması baxımından stimullaşdırıcı effektli layihələrin və tədbirlərin maliyyələşdirilməsi, investisiya yönümlü kreditləşdirmə, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti-məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlərin görülməsi qarşıda duran əsas hədəflərdəndir.

Özəl sektorun iqtisadiyyatın aparıcı qüvvəsi olduğunu vurğulayan Mikayıl Cabbarov, dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul etdiyini bildirib. Qərara əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinə işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində, fərdi (mikro) sahibkarların isə daha çox ehtiyacı olan hissəsinə təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir. Bunlarla yanaşı, Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək sahibkarlar dövlət və bələdiyyə torpaq sahələrinin, hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) dövlət əmlakının icarə haqqından azad edilir.

İqtisadiyyat naziri, həmçinin, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərər çəkmiş sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirilməsi alətlərinin genişləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması vasitəsilə artıq bir ay ərzində 12 milyon manatdan çox kredit verilməsi təsdiq edilib.

Bildirilib ki, hazırkı şəraitdə cəmiyyət, eləcə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil. Cəmiyyət yeni həyat tərzinə hazır olmalı, sahibkarlar da biznes fəaliyyətini yaranmış şəraitə uyğunlaşdırmalıdırlar. Qapalı məkanlarda maska taxılmalı, obyektlər mütəmadi olaraq dezinfeksiya edilməli, antiseptik vasitələrdən istifadə olunmalı, işçi heyətin maska və əlcəkdən istifadəsi təmin edilməli, vətəndaşların maskasız obyektlərə daxil olmasının və sıxlığın qarşısı alınmalı, fiziki məsafə qorunmalıdır. Yeni həyat tərzinin rəqəmsal həllərin tətbiqini tələb etdiyini deyən İqtisadiyyat naziri məsafəli xidmətin imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesi üçün bir o qədər səmərəli olar.

Göründüyü kimi, Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar dövlət başçısnın hansısa çətin vəziyyətdə sahibkarların ən böyük hamisi olduğunu bir daha təsdiqləmiş oldu. İndi hər kəs şahiddir ki, dövlət başçısı beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır. Yetər ki, hər bir kəs özündə məsuliyyət hiss etsin və dövlətə dəstək olsun, bəla qarşısında həmrəy olaq, bütün sıxıntılarımız aradan qalxacaq. Çünki arxamızda dövlət var!

Bəli, bu, həqiqətən də, belədir! Bu gün Cənab Prezidentin hər zaman olduğu kimi sözü ilə əməli tam üst-üstə düşür. Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə