Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib FOTO

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hərbi hissələrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin son çıxışlarında orduda ideoloji işin gücləndirilməsi, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı tədbirlər keçirilib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirlərdə hərbi hissələrin əsgər, zabit heyəti və Azərbaycanın Əməkdar artisti Ağalar Bayramov iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Təntənəli mərasimlərdə çıxış edənlər ideoloji işin əhəmiyyətindən, Azərbaycanın dövlətçilik tarixinin mərhələlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən Tovuz döyüşlərindən geniş söhbət ediblər.

Şəxsi heyətə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışını əks etdirən videoçarx və Azərbaycanın dövlətçilik, hərb tarixindən bəhs edən tarixi xronika təqdim olunub.

Əməkdar artist A.Bayramov Vətənə, Azərbaycan bayrağına, şəhidlərə həsr edilən şeirlər səsləndirib.

Tədbirdə həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində əsgərlər ailələrinə məktub yazaraq öz arzularını çatdırıblar.

Tədbirlər Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təqdim etdiyi hərbi vətənpərvərlik mahnılarından və ordu marşlarından ibarət konsert proqramları ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...