COVID-19-la mübarizədə Azərbaycan modeli daha effektivdir

Bütün dünya artıq aylardır ki, koronavirus «imtahanı» verir. Topsuz-tüfəngsiz atəş açan bu müharibədə Yer kürəsinin bütün qitələri "gözəgörünməz düşmən”lə vuruşmağa məhkumdur. Koronavirus - silahsız-sursatsız baş verən üçüncü dünya müharibəsidir, deyərdik. Ancaq koronavirusun gətirdiyi bəlalara baxmayaraq, bu gün bütün xalqımız adından böyük qürur hissi ilə bəyan etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır. Belə ki, dövlət başçısının qəti tapşırıqları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, tərəddüd etmədən ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilmişdir. Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açmışdır. Ölkə Prezidentinin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah operativ şəkildə çalışaraq, zəruri qərarları və tələbləri müəyyən etmiş, vaxtında Azərbaycan xalqına çatdırmışdır. Operativ Qərargah vasitəsilə hazırlanıb xalqa ünvanlanmış icazə sistemləri və qadağa qaydaları pandemiya şəraitində insanların həyat fəaliyyətinin idarə olunması və tənzimlənməsində mühüm rol oynamışdır.

Yenə də Azərbaycan hökumətinin düşünülmüş addımları…

Dövlət başçımız İlham Əliyevin çevik və düşünülmüş addımlarının nəticəsidir ki, bu gün Azərbaycan bu bəladan da böyük nəticələrlə çıxmaqdadır. Yaranmış mövcud durumda Azərbaycan dövləti bütün çətinliklərin öhdəsindən gələ bilir, müvafiq, adekvat addımlar atılır. Ən mühüm olan budur və biz faktiki olaraq ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi böyük islahatların faydalı nəticələrini görürük. Bu baxımdan Prezident İlham Əliyevin qətiyyətli və operativ olması, kreativ lider kimi ən mürəkkəb hadisələri yüksək peşəkarlıqla idarə etməsi, qarşısına çıxan maneələri sürətlə keçməsi, düzgün qərarlar verməsi və bütün ölkənin aqibəti ilə yanaşı, hər bir vətəndaşın da qayğılarını eyni həssaslıqla düşünməsi onun nüfuzunu dünya miqyasında artırır. Və dövlət başçısının bu mübarizliyi və müdrik lider keyfiyyətləri yüz minlərlə insanın rəğbətinə səbəb olur.

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə dövlət başçımız çıxış edərək deyib ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur: “İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.

“Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”

Dövlət başçısı adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycanın dünya miqyasında qabaqcıl yerlərdə olduğunu da bildirib: “Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”.

Həmçinin, müşavirədə dövlət başçımız hamının daha çox maraqlandıran karantin rejiminin yumuş yumşaldılması ilə də bağlı danışaraq bildirib ki, əldə edilmiş nəticələr bizi sakitləşdirməməlidir: “İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır".

“Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır”

Dövlət başçısı onu da vurğulayıb ki, yumuşalma zamanı, ən əsas məsələ ciddi nəzarət mexanizminə əməl etməkdir: “Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir”.

Dövlət başçısı onu da bildirib ki, yumuşalmada, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verilməlidi: “Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə inteqrasiya etməliyik. Hesab edirəm ki, bu məsələ də gərək çox ciddi nəzərə alınsın və onlayn videomüşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu videomüşahidəni aparsınlar. Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu, birmənalıdır”.

Düşünülmüş siyasətin uğurlu nəticələri…

Bir sözlə, göründüyü kimi, dövlət nə lazımdırsa, onu edir. Dünyanın bir çox böyük dövlətlərinin belə koronavirus pandemiyasının ağır fəsadları qarşısında zəif, naəlac qaldığı bir məqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımlar atılıb. Nəticə göz qabağındadır. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüz ilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləri nə qədirbilən xalqımız unudacaq, nə də əlahəzrət zaman. Çünki dövlətimizin başçısı heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə hərəkət etmir, Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. Xalqının qürur mənbəyinə çevrilmiş Prezident İlham Əliyev isə bəyan edir ki, bütün imkan, potensial və resurslarımızdan istifadə edib bu çətin sınaqdan da şərəflə çıxacağıq. Hal-hazırda karantin rejiminin müddətini pandemiyanın hələ də mövcudluğu şəraitində uzatsaq da, eyni zamanda, mərhələli şəkildə sosial təcrid siyasətinin yumşaldılması istiqamətində də addımlar atılmaqdadır. Əsas olan odur ki, həmrəyliyimiz və birliyimiz heç zaman olmadığı qədər bu gün ən yüksək səviyyədədir.

Beləliklə, prosesləri təhlil etdikdə, gəlinən obyektiv nəticə budur ki, Azərbaycan ölkə Prezidentimiz İlham Əliyevin xüsusi nəzarəti, tapşırıq və tövsiyyələri əsasında koronavirus sınağından da üzüağ çıxılacaq. Vətəndaşlardan isə bircə tələb var – karantin qaydalarına əməl etmək!

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini

Bütün xəbərlər Facebook səhifəmizdə