Genişmiqyaslı sosial dəstək, vətəndaşa dövlət qayğısının nümunəsi - Azərbaycan ağır sınaqdan uğurla çıxır

Dünyanı bürüyən yeni növ koronavirus infeksiyası ölkələri kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyub. Ciddi sınaq qarşısında qalan hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə mövcud vəziyyətdən çıxış yolları axtarır.

Sosial proqramlar ildən-ilə genişlənir

Mübarizə tədbirlərinə başlandığı gündən Azərbaycanda bu istiqamətdə böyük işlər aparılıb və sözügedən sahədə tədbirlər davam etdirilir. Bir çox inkişaf etmiş dövlətlərdə pandemiya qurbanlarının sayı minlərlədir, səhiyyə sistemi çökmüş vəziyyətdədir. İqtisadi böhran ölkələri çıxılmaz duruma salıb. Dünyada hökm sürən belə bir mürəkkəb dövrdə Azərbaycan bu ağır sınaqdan uğurla çıxmaqdadır.
Pandemiyaya qarşı mübarizə, əhalinin sağlamlığının mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən Azərbaycan, eyni zamanda indiki çətin dövrdə də sosial dövlət olaraq çoxistiqamətli dəstək proqramları həyata keçirir.
"Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” deyən Prezident İlham Əliyevin siyasətinin mərkəzində məhz vətəndaş amili dayanır, əhalinin rifahının təminatı istiqamətində mühüm addımlar atılır, sosial proqramlar ildən-ilə genişlənir. Dövlət başçısının güclü sosial siyasəti əhalinin sağlamlığının qorunması üçün kompleks tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramlarının hazırlanaraq həyata keçirilməsinə imkan verir.
Belə ki, Cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün də çoxistiqamətli proqramlar müəyyən edilib. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələyib.

Heydər Əliyev Fondunun sosial layihələri pandemiya dövründə xüsusilə geniş vüsət alıb

Həssas əhali qruplarının qayğı ilə əhatə olunmasında Heydər Əliyev Fondunun humanizm, mərhəmət və xeyirxahlıq prinsiplərinə əsaslanan çoxşaxəli tədbirləri, sosial layihələri pandemiya dövründə də xüsusilə geniş vüsət alıb. Fondun "Regional İnkişaf” İctimai Birliyi respublikanın bütün rayon və şəhərlərində tənha yaşayan vətəndaşlara, həssas əhali qruplarına ərzaq yardımları edir. Bu günlərdə isə "Regional İnkişaf” İctimai Birliyi tərəfindən sağlamlıq imkanları məhdud olan 30 min uşağın ailəsinə də ərzaq yardımlarının verilməsinə başlanıb. Eyni zamanda tənha yaşlılar və tənha əlilliyi olan şəxslər, aztəminatlı ailələr, digər həssas qruplarla bağlı həm dövlət qurumları, həm də özəl sektorun nümayəndələri tərəfindən milli həmrəyliyə mühüm töhfə olaraq sosial dəstək aksiyaları keçirilir.

Cari ildə 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsi istifadəyə veriləcək

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial müdafiə və aktiv məşğulluq proqramları, eyni zamanda bu proqramların genişləndirilməsi ilə bağlı planların tam icrası nəzərdə tutulur. Belə ki, 2019-cu ildə Yevlax və Naftalan şəhərlərində əlilliyi olan şəxslər üçün Regional Bərpa mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb. 2020-ci ildə isə Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa mərkəzlərinin, Şağan əlilliyi olan şəxslər üçün Müalicə Pansionatının, Göygöl və Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisələrinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi planlaşdırılır. Qəbələ və Şəmkirdə Uşaq Bərpa mərkəzlərinin açılması da bu il üçün nəzərdə tutulub.
Ümumilikdə cari ildə 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Peşə hazırlığı mərkəzləri şəbəkəsinin regionlar üzrə genişləndirilməsi üçün bu il üç rayonda - Quba, Bərdə və Şəki rayonlarında peşə tədrisi mərkəzlərinin açılması planlaşdırılır.

“Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”

Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur: “İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır”.
Dövlət başçısı onu da diqqətə çatdırıb ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir: “Bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.
Cənab Prezidentin də söylədiyi kimi vaxtında görülən tədbirlərin sayəsində COVID-19 bəlasından uğurla çıxacaq, postpandemiya dövrü üçün nəzərdə tutulan məqsədlərə yüksək səviyyədə nail olacağıq. Reallıq isə göz önündədir, Azərbaycan bu çətin vaxtlarda da sosial dövlət imicini qoruyur, vətəndaşa dövlət qayğısının nümunəsini dünyaya nümayiş etdirir və uğurlarına yenilərini əlavə edir.

Pərvanə Hacıyeva
YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...