Düşünülmüş siyasətin uğurlu nəticələri…

Prezident İlham Əliyev: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"

Bu aksiomadır. Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə bu cavabı verib. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, pandemiya başlayandan indiyə qədər məhz ölkə Prezidetinin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Fakt odur ki, məhz bu düşünülmüş siyasətin nəticəsində ölkəmiz bu böhranlı vəziyyəti dünyanın bir çox ölkələrindən daha yaxşı idarə edə bilib. Amma pandemiyanın nə vaxt qurtaracağını da heç kim bilmir. Ona görə də, sayıqlığı itirmədən atılan addımları davam etdirmək lazımdır. Həmçinin, bir əsas məqamı da vurğulamaq lazımdır ki, son aylar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Və son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir.

Bu gün reallıqlar ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur

Bəli, bugünkü şəraitdə həyata keçirilən bu tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, dövlət başçımız bu siyasətini 17 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir. Yəni Prezident İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Və həmişə də bu qayğı görünməkdədir. Hələ 2016-cı ilin Aprel zəfəri zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşib, cəbhədə yağı düşmənə layiqli cavab verən, işğal altındakı torpaqlarımızın bir hissəsini azad edən Ordumuza möhtəşəm dəstəyini göstərdi. Bu dəstək Ali Baş Komandanımıza verilən dəstək idi və hər kəs veriləcək əmrə tabe olduğunu nümayiş etdirirdi. Bu dəstək dağı belə yerindən oynadan xalqın dəstəyi, birliyi idi! Bu dəstəyin, xalqın dövlətinə olan etibar və inamının sübutudur.

Bu günkü zamanda da Prezidentimizin vətəndaşların yanında olmasının daha bir göstəricisi

Bu faktdır, reallıqları görməmək ancaq və ancaq korluqdur. Çünki dünyanın ən inkişaf etmiş ölkələrinin prezidentləri əhali ilə birbaşa təmasdan imtina etdikləri bir vaxtda, Azərbaycan Prezidenti ölkəmizin bölgələrinə mütəmadi səfərlər edir, vətəndaşlarla sıx təmasda olur, problemlərini eşidir, çətin anlarda yanlarında olur. Dünya mediyası Azərbaycan Prezident İlham Əliyevin bölgələrə səfərlərini “prezidentdən nümunəvi addım” kimi dəyərləndirir. Bu dövlət başçımızın nə birinci, nə də sonuncu addımıdır, ölkəyə başçılıq etdiyin gündən Prezident İlham Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, sadə insanların arasında olub. Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək, bilavasitə həmin ərazilərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş verib. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Burada indiyə qədər yürüdülən səhiyyə siyasətinin də danılmaz rolu var. Bəli, sirr deyil ki, Azərbaycanda səhiyyənin vəziyyəti vaxtaşırı müzakirə və mübahisə mövzusu olurdu. Amma necə deyərlər, hər şey çətin anda və müqayisədə bilinər.

“Dövlət tərəfindən atılmış addımlar əgər ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq”

Prezident İlham Əliyev rayonlara səfərləri zamanı çıxışlarında da bildirib ki, biz yaranmış vəziyyətdən şərəflə çıxmağa çalışmalıyıq: “Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür”.

“Biz birlikdə güclüyük!”

Bəli, hər kəs gördü ki, kimlərinsə müalicə üçün xaricə getmələri heç də ölçü meyarı deyilmiş. Dövlətin siyasəti onu göstərir ki, insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır və başa düşür. Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur. Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Vətəndaşlardan birinin dövlət başçısına müraciətlə yazdığı “Siz bizi bizdən çox düşünürsünüz” cümləsi isə Prezidentin fəaliyyətinə verilən çox dəqiq qiymət sayıla bilər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi. Xüsusi dövrdə isə belə olduğu xüsusilə hiss edilir.

Prezident İlham Əliyev koronavirusun ən çox təsir etdiyi sahələri daha çox diqqət yetirdiyinin də xalqımız şahidi oldu. Dövlət başçısı çıxışlarında da bu faktoru dəfələrlə vurğulayıb ki, çətin durumda olanlara dövlət qayğı göstərməlidir: "Fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!".

“Məsuliyyətsiz insanlara qarşı ictimai qınaq olmalıdır”

“Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik»-deyən dövlət başçısı bildirib ki, koronavirusa qarşı mübarizəyə istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik: “Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın heç kimə müraciət etməyib. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi, Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır”.

Bəli, dövlət başçımızın müdrik liderliyi ilə bu təhlükənin qarşısınnı alınması və əhalinin sağlamlığınnı qorunması yolunda düşünülmüş addımlarına dəstək olmaq üçün insanlarımız da öz üzərlərində məsuliyyət hiss etmələri vacibdir.

Bir sözlə, diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Ölkə başçısı hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyir - "Biz birlikdə güclüyük". Ölkə liderinin bu çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də milli birliyin nəticəsidir. Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaq. Yetər ki, məsuliyyətli olaq və qaydalara əməl edək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə