Ziyad Səmədzadə: "Ümummilli lider Heydər Əliyev sözün hər mənasında böyük ömür yaşadı"
Ümummilli lider Heydər Əliyev sözün hər mənasında böyük ömür yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri, Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, Heydər Əliyev elə bir dövlət qurub ki, hazırda Azərbaycan dünya dövlətləri sırasında tanınır, regionda hər hansı bir addım Azərbaycanla hesablaşmadan həyata keçirilmir: "Azərbaycan artıq iyirmi ildir müstəqil bir dövlətdir. Heydər Əliyev olmasaydı müstəqil Azərbaycan dövləti mövcud olmayacaqdı. Eyni zamanda düşünülən siyasət nəticəsində Azərbaycan bildiyiniz kimi, dünyada baş verən qlobal maliyyə böhranından minimal itkilərlə çıxıb və inkişaf sahəsində hazırda da uğurlu addımlar atır. Heydər Əliyev hakimiyyətə gəlmək ərəfəsində respublika dağılırdı və müstəqilliyimizi itirmək təhlükəsi var idi. Yəni ümummilli lider əbədi Azərbaycan xalqının tarixində qalacaq. Milli-iqtisadi təhlükəsizlik təkcə xarici iqtisadi əlaqələrdə milli maraqların nəzərə alınması ilə məhdudlaşmır. Daxildə iqtisadi islahatların sosial yönümə üstünlük verməklə aparılması, şəxsi maraqlarla dövlət maraqlarının uzlaşdırılması da mühüm şərtdir. Burada biz zahirən paradoksal görünə biləcək bir cəhətlə qarşılaşırıq. Dövlət təhlükəsizlik sistemi ilk baxışda fərdlərin yox, məhz dövlətin iqtisadi maraqlarından çıxış etməyi nəzərdə tutur. Lakin Heydər Əliyevin həyata keçirdiyi siyasət "xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" prinsipinə əsaslanır. Dövlət müstəqilliyinin dönməzliyi də məhz o zaman təmin edilmiş olur ki, dövlətin maraqları ümummilli maraqlarla üst-üstə düşmüş olsun. Heydər Əliyevin irəli sürdüyü və bir konsepsiya halına saldığı ideyalardan biri məhz "müstəqillik" anlayışı ilə bağlıdır".
Z. Səmədzadə vurğulayıb ki, dünyada bir çox iqtisadi modellərin olmasına baxmayaraq, ümummilli lider Heydər Əliyev tərəfindən iqtisadiyyatın Azərbaycan modeli yaradıldı, onun həyata keçirilməsi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq təşkilatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsini qeyd edirlər: "Sözün əsl mənasında Heydər Əliyev inqilab etdi. Bu inqilab nədən ibarət idi? Bu yeni iqtisadi-siyasi sistem qurulması idi. Sovetlər birliyi dağıldıqdan sonra qurulan bu sistem hazırda da uğurla fəaliyyət göstərir. Azərbaycanın bütün sahələrində inkişaf təmin edilir. İnkişafımız isə göz qabağındadır. Allah ona rəhmət etsin. Azərbaycan xalqı həmişə bu müstəqilliyi qoruyacaq. Çünki onun təməli çox möhkəm sütunlar üzərində qurulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB