"Mənə dəniz verin"-al ,bu da sənə dəniz.... - MÖVQE

"Camaatımız az qalmışdı ki, məşhur müğənninin "Mənə dəniz verin"mahnısını küçələrdə, evlərdə, parklarda ucadan oxutdurub azarını öldürsün. Artıq bəzi əsas karantin məhdudiyyətləri aradan qaldırıldı - sms icazə olmayacaq, az qala "mənə dəniz verin" deyərək ün təpənlər üçün isə çimərliklər açıldı. Düz 120 çimərliyə əsaslı şəkildə əl gəzdirilib, yüzlərlə könüllü bu işə cəlb edilib. Görünən odur ki, hamı dənizin açılmasını gözlədiyi müddətdə əlaqədar insanlar işləyiblər və dənizi olan ölkələrin pandemiya şəraiti üçün münasib bildikləri çimərlik qaydalarını öyrəniblər". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ancaq bu da görünür ki, bizlərdən bəzilərimizə dəniz yox, çimərlik mövzusunda söz güləşdirmək, hər şeyə bir "mız"qoymaq lazım imiş: "Bəziləri indi də başlayıb ki, bəs gözləyib-gözləyib çimərlikləri bu sərin düşən vaxt niyə açdılar? Yox, daha bu oldu "dənizin ortasında xoruz toz eləmə" məsələsi kimi. Bu təbiətdir, onu kim idarə edə bilər ki? İndiyədək avqustun belə sərin keçdiyini heç xatırlayan var? Kim bilir ki, iki-üç gün sonra hava birdən-birə 40-45 dərəcəyə qalxmayacaq? O zaman o dəniz, o da siz. Bəziləri başlayıb ki, bəs çimərlik məhdudiyyətini qaldırmaq vacib deyildi, gərək əvvəlcə rayonlara gediş-gəliş bərpa ediləydi. Rayonlara gediş açılmış olsaydı, yəqin bu dəfə də deyəcəkdilər ki, dəniz daha vacib idi. Hər ağızdan çıxan avazları bir yerə yığıb qərar vermək lazım gəlsəydi, yəqin ki, bütün pandemiya məhdudiyyətləri birdən aradan qaldırılmalı idi. Bu da o demək olacaqdı ki, pandemiya təhlükəsi büsbütün silinib getməmiş biz bütün karantin qadağalarından imtina edirik".

A.Quliyev vurğulayıb ki, dünyada pandemiyanın ikinci, üçüncü dalğasının başladığı ölkələr var ikən bu doğru olardı? "Sözüm bəzi heç özü də nə istədiyini bilməyənlərədi- "Axı sən nə istiyirsən?" İnsanlar! Dəniz deyirdik, oldu. Bir azdan rayonların da yolları açılacaq, hər şeyin öz vaxtı və növbəsi var. Darqursaq olmayaq. Pislədiyimiz o məmurların bir çoxunun istirahət mərkəzləri, kafe -restoranları, əyləncə mərkəzləri elə rayonlardadı, onlar da yolların açılmasında maraqlıdır. Ancaq məsələ kimlərinsə marağına görə yox, hamının, cəmiyyətin mənafeyinə görə qərarlaşdırılır . Bütün məhdudiyyətlərin götürülməsinə imkan verən şəraiti biz özümüz də mümkün qədər yaxınlaşdırmağa çalışmalıyıq. Şəxsi gigiyena və məsafə saxlamaqla. Dənizin ardınca rayonlar gəlir...".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə