Gəlin, mənasız söhbətlərlə, yersiz iradlarla görülən böyük işlərə kölgə salmayaq FİKİR

Mən bəzi insanları başa düşə bilmirəm. O, insanları ki, aylardır dillərindən, statuslarından dəniz sözü düşmürdü. Bir çoxları xarici ölkələrdən nümunə gətirir və nəyə görə orada çimərliklərin açıldığını, Azərbaycanda isə buna icazə verilmədiyini irad tuturdular. ASAN xidmət də vətəndaşlarımızı düşünərək, beynəlxalq təcrübə əsasında epidemiya şəraitində çimərliklərdən istifadə üzrə müəyyən qaydalar hazırlayıb Operativ Qərargaha təqdim etdi. Hökumət tərəfindən təsdiq olunmuş bu təlimat əsasında, artıq vətəndaşların istifadəsi üçün Xəzər sahilində 120 xüsusi çimərlik zonası yaradılıb. Onların hamısı məlumatlandırıcı lövhələr, dezinfeksiya qurğuları, sanitar qovşaqlar və s. avadanlıqlarla təmin olunublar. Prosesə 1000-dən çox ASAN xidmət könüllüsü də cəlb olunub. Göründüyü kimi, vətəndaşlarımızın təhlükəsizliyi, sağlamlığı və rahatlığı üçün müvafiq dövlət qurumları olduqca böyük işlər görüb. Bunları başa düşmək, qiymətləndirmək əvəzinə, indi də həmin adamlar lağ edirlər ki, çimərlikləri neyləyirik, gərək rayonlara gediş-gəliş açılaydı. Görəsən, bu binəvalar rayonların yolu açılsaydı, ona nə deyəcəkdilər? Qeybətsevərlər yəqin ki, onda da söz tapardılar. Hökumət yumşalma tədbirlərinə getsə də, virus hələ məhv olmayıb. Yoluxmaların, ölüm hallarının azalması bilavasitə dövlətimizin gördüyü tədbirlərin, o cümlədən, tətbiq olunan karantinin nəticəsidir.

Gecə-gündüz bu məsələni xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti nəticəsində ölkəmizdə COVİD-19-dan ölüm halları dünyada ən aşağı səviyyədədir. Əlbəttə ki, burada ağır zəhmət çəkən həkimlərimizin, tibb işçilərimizin, polislərimizin zəhmətini də qeyd etmək lazımdır.

Gəlin, mənasız söhbətlərlərlə, yersiz iradlarla görülən böyük işlərə kölgə salmayaq. Hamılıqla tətbiq edilən qaydalara tabe olsaq, tövsiyə edilən bütün tibbi-epidemioloji normalara əməl etsək, bu bəladan xilas olmuş olarıq. Dünya mətbuatının verdiyi məlumata görə, koronavirusa qarşı vaksin demək olar ki hazırdır, onun istifadəsinə sayılı aylar qalır. Deməli, bir az da dözməliyik. Təhlükəli bəlaya qalib gəlmək üçün hamımız dövlətimizlə həmrəylik nümayiş etdirməliyik.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri – Gülayə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə