"Çimərliklərin açılması çimərlik mədəniyyətinin formalaşması üçün fürsətdir" - MÖVQE ÖZƏL

"Pandemiya başladığından bu yana çimərliklərin açılması ilə əlaqədar Azad İstehlakçılar Birliyinə xeyli sayda zənglər gəlirdi. Əhali bununla bağlı narazılığını bildirirdi. Hətta insanlar var ki, onlar qış aylarında belə dənizə gedirlər. Düşünürəm ki, Operativ Qərargah Çimərliklərin açılması ilə əlaqədar vaxtında qərar verib. Öncədən açılması yolverilməz idi. Çünki əhaliyinin çimərlik mədəniyyəti ümumiyyətlə çox aşağı səviyyədədir. Bunu biz çimərliklərin çirkləndirilməsində görə bilərik". Bunu SİA-ya açıqlamasında "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, dünyanın çoxsaylı çimərliklərində, o cümlədən bütün okean sahillərindəki çimərliklərdə olmuşam: "Hətta Cənubi Afrika, Portuqaliya, İtaliya çimərliklərində təmizlik məsələlərinə diqqət yetirmişəm. İnsanlar çimərliklərdə bizdəki qədər anti-sanitariya vəziyyəti yaratmırlar. Hətta küçədə yatan insan belə, çimərlikdə öz tullantılarını yığdıqlanı görmüşəm. Belə bir vaxtda Azərbaycan əhalisinin çimərlik mədəniyyətinin aşağı olması şəraitində Operativ Qərargahın çimərliklərin açılması ilə əlaqədar qərarı heç də gec deyil və üstəlik burada ASAN könüllülərin iştirakı çox mükəmməl düşünülmüş qərardır. Fikrimcə bundan sonra açılan çimərlik sezonu ilə Azərbaycan vətəndaşlarının çimərlik mədəniyyətləri də formalaşacaq. Ona görə də, üzümü könüllülərə tutub deyirəm ki, mütləq insanlara irad bildirin".

E.Hüseynov bildirib ki, könüllülərimiz tullantıların çimərliyə atılmaması, sosial məsafənin saxlanılması kimi məsələlərdə diqqətli olmalıdırlar: "Bu, cəmiyyətimizin çimərlik mədəniyyətini formalaşdırmaq üçün fürsətdir. Fürsətdən istifadə edərək Nazirlər Kabinetinə müraciət edirəm ki, velosipedçilər üçün xüsusi bir imkan yaradılsın. Cənab Prezidentin göstərişilə ölkədə velosiped yollarının salınması məsələsi var. Düşünürəm ki, pandemiya dövrü velosipedçilər üçün şəraitin yaradılmasına bir fürsət idi və onlara bu şərait mütləq yaradılmalıdır. Əsas səbəblərdən biri isə velosiped ekoloji olaraq təmiz bir nəqliyyat vasitəsidir. Xüsusən bulvarda velosipedçilər üçün tam rahat bir şərait yaradılmalıdır. Bu da velosiped mədəniyyətinin Azərbaycanda formalaşmasına gətirib çıxaracaq. Başqa bir təklifim isə məmurlarımızın velosipedlə işə getməsi olar, bu isə özlüyündə cəmiyyət üçün çox yaxşı mesaj olacaqdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...