BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 874 və 853 saylı qətnamələri
1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli oldu. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi.
Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı.
Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı. 1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi. Qətnamə 874 (1993) 14 oktyabr 1993-cü il Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə1 Təhlükəsizlik Şurası Sədrinin Şuranın adından oxuduğu bəyanata əsaslanaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək, 8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək, və bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə töhfə verəcəyinə dair ümidlərini ifadə edərək, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Münaqişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi fövqəladə humanitar vəziyyətlə əlaqədar, və xüsusilə Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi ilə əlaqədar özünün ciddi narahatçılığını bir daha ifadə edərək,
* Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır;
* ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir;
* 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə çıxarılan və Minsk qrupunun doqquz digər üzvünün hərtərəfli dəstəyi ilə Qrupun Sədri tərəfindən maraqlı tərəflərə təqdim olunan "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəli"ni3 alqışlayır və tərəflərin diqqətinə çatdırır, və tərəfləri onu qəbul etməyə çağırır;
* Münaqişədən irəli gələn və Yeniləşdirilmiş cədvəldə bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll olunmamış məsələlərin Minsk prosesi kontekstində sülh danışıqları vasitəsilə tezliklə həll edilməsi vacibliyinə əmin olduğunu ifadə edir;
* Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun Yeniləşdirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata keçirilməsinə çağırır;
* ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, Yeniləşdirilmiş cədvəldə nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə həll edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk konfransının keçirilməsinə çağırır;
* Baş Katibdən ATƏM-in Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək dəvətinə müsbət cavab verməyi və Konfransın açılmasından sonra mətləbə dair başlanan danışıqlara bütün mümkün kömək göstərməyi xahiş edir;
* ATƏM tərəfindən yaradılmış müşahidəçilər missiyasını dəstəkləyir;
* Bütün tərəfləri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır və münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) saylı qətnamələrindəki çağırışlarını təkrar edir;
* Regionda bütün dövlətləri münaqişənin genişlənməsinə gətirib çıxaran və regionda sülh və təhlükəsizliyi pozan hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırır;
* Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın göstərilməsini və qaçqınlara və məcburi köçkünlərə təhlükəsiz şəraitdə və ləyaqətlə öz evlərinə qayıtmağa köməklik edilməsini xahiş edir;
* Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk Konfransının Sədrindən Minsk prosesinin gedişi və yerdə vəziyyətin bütün aspektləri və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdirməyi xahiş edir;
* Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3292 saylı iclasda yekdilliklə qəbul edilmişdir.
1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Məsələ burasındadır ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünü təsdiqləyən onlarla fakt var və bu faktlar sözügedən ölkənin respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə əsas verir. Lakin bütün bunlara baxmayaraq, BMT Təhlükəsizlik Şurası təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımi qərarlar qəbul etmək istəmədi.
Qətnamə 884 (1993) 12 noyabr 1993-cü il Təhlükəsizlik Şurası
30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək, ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək, Azərbaycan Respublikasının və regionda digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək, Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
* Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;
* Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;
* ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir;
* Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə"2 uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;
* Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə "Yeniləşdirilmiş cədvəl" kontekstində münaqişənin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;
* Regionda olan bütün dövlətləri münaqişənin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır;
* Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir;
* Baş Katibə, ATƏM-in Fəaliyyətdə olan Sədrinə və ATƏM-in Minsk Konfransının Sədrinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirmək barədə xahişini təkrar edir;
* Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3313 saylı iclasda yekdilliklə qəbul edilmişdir.
Vahid Ömərov f.ü.f.d.dos
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB