KTMT-nin dörd üzvü artıq Azərbaycanın yanındadır - AZƏRBAYCAN PREZİDENTİ

"O ki qaldı, KTMT-yə onu da bildirməliyəm ki, bu təşkilatın altı üzvündən dördü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədi". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

İlham Əliyev qeyd edib ki, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür. Qazaxıstan və Qırğızıstan, eyni zamanda, KTMT-nin üzvüdür. Deməli, KTMT-nin iki üzvü Azərbaycanı bu təşkilat vasitəsilə dəstəkləyir. Belarus Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatının bəyanatı, o cümlədən Belarusun mövqeyidir. Tacikistan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İslam Əməkdaşlıq Təşkilatı bu sərhəd münaqişəsi ilə bağlı açıq mövqe ortaya qoyub. Yəni, dörd ölkə artıq Azərbaycanın yanındadır və Ermənistanı kim dəstəklədi? Mən görmədim, gözümə sataşmadı. Bir də ki KTMT-nin üzvləri Ermənistanın indiki rəhbərliyini necə dəstəkləyə bilər?

Bütün xəbərlər Facebook səhifəmizdə