"Bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır" - PREZİDENT

"Bilirsiniz, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünki birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Bizim kəndlərimiz atəşə tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində 76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

Prezident Ermənistan tərəfə bir daha xatırladıb ki, müharibəni ordular, əsgərlər, könüllülər aparır: "Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törətmişdir, günahsız işanları - uşaqları, qadınları qətlə yetirmişdir. Xocalıda 613 insan düşmən tərəfindən öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. Bu insanların “günahı” o idi ki, onlar azərbaycanlı idi. Bu amil erməni millətçilərinə kifayətdir. Bu insanlar əliyalın mülki vətəndaşlar idi. Erməni quldur dəstələri bundan və o vaxt hakimiyyətin zəif olmasından istifadə edərək xalqımıza qarşı vəhşi cinayət, soyqırımı törətmişlər. Eyni addımları bu dəfə də atmaq istəyirdilər. Yoxsa dinc əhalini bombalamağın, artilleriya ilə, minomyotlarla atəşə tutmağın səbəbi nədir? Yenə də deyirəm, onlar döyüş meydanında acizliyini görərək ən çirkin əməllərə əl atırlar. 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdir. O vaxt da Ermənistan tərəfindən zəbt edilmiş mövqelərdən kəndlərimiz müntəzəm olaraq atəşə tutulurdu. Azərbaycan Ordusu çox böyük peşəkarlıqla əks-hücum əməliyyatı keçirərək zəbt olunmuş strateji yüksəklikləri geri qaytardı və düşməni qaçmağa məcbur etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə