Qısa zamanda Ermənistana layiqli cavabın verilməsi, Azərbaycanın beynəlxalq aləmdə siyasi dəstək alması ölkəmizin haqq yolunda olduğunu bir daha göstərdi. Prezident İlham Əliyev dünənki iclasda həm döyüşləri qiymətləndirdi, həm də Azərbaycan Ordusunun hazırlığına, cəmiyyətimizin vətənpərvərliyinə yüksək qiymət verdi. Çirkin əməlləri törədən ermənilərə Ordumuz tərəfindən layiqli cavab verilib. Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi orada hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda demokratik prinsiplər tamamilə pozulub və diktatura hökm sürür. Ona görə də indi Ermənistan rəhbərliyinə böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın.
Təxribatçı ermənilərin cavabı çox ağır formada verilib. Onların itkisi bizdən dəfələrlə çoxdur. Etiraf etməsələr də, 100-dən çox canlı itkiləri var. Artıq yavaş-yavaş ölənlərin adlarını açıqlayırlar. Ölkə başçısı bildirdi ki, Ermənistanın provakasiyasına bundan sonra da ən yüksək səviyyədə cavab veriləcək. Həmçinin on minlərlə Azərbaycan gəncinin paytaxtda və regionlarda küçəyə çıxaraq Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməsi bir daha göstərdi ki, Ordu ilə xalq birdir və Ali Baş Komandanın apardığı siyasət cəmiyyət tərəfindən dəstəklənir.
Azərbaycan güclü dövlətdir. Respublikamızda əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. İstər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Bu yolda bütün səylərimizi səfərbər etməliyik.
Əzimova Pərvanə, 169 saylı orta məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB