İlham Əliyev: "Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır"
Bu gün dünyada millət, xalq, müsəlman olaraq bölüşdüyümüz sevincli və özünəməxsus günlər var. Bunlar dini bayramlarımız olan Ramazan və Qurban bayramlarıdır. Bayramlar sərhədləri, etnik sevincləri aşaraq dünya müsəlmanlarının ortaq sevinc günlərinə çevrilib. Hər kəs sevincini bölüşür, bir-birlərinin ziyarətinə gedir və təbrik edirlər. Bunlar bizim ortaq dəyərlərimizdir.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir. Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza sevinclə qeyd edirlər. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir. Ümumilikdə, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsüsi önəm verildi. Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası da o vaxtdan qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi dəst-xətt İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin elə ilk dövründən əsas istiqamət kimi götürüldü. Prezident İlham Əliyev dini-mənəvi dəyərlərin, maddi-mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı ardıcıl tədbirlər görməyə başladı. 2005-ci il oktyabrın 31-də Ramazan bayramı günündə Bibiheybət pirini ziyarət edən dövlət başçısı bu müqəddəs ocağın tikintisinin 2-ci mərhələsinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verdi. Müqəddəs qəbirlərin sayına görə islam dünyasında 3-cü ziyarətgah olan Bibiheybətdə eyni vaxtda yüzlərlə insanın ibadət etməsi üçün bütün infrastruktur ən müasir üslubda quruldu. Müsəlman ələminin digər möhtəşəm ziyarətgahları kimi bu məscid-kompleksdə də muzey və kitabxana zəvvarların ixtiyarına verildi. Məscidin ətrafından keçən yol genişləndirildi. Təzəpir məscidi də Prezident İlham Əliyevin göstərişi ilə bərpa olundu. Burada aparılan təmir-tikinti işləri ilə şəxsən tanış olan dövlət başçısı bir əsrdən çox yaşı olan məscidin fasad və minarələrinin klassik görkəmini saxlamaqla bərpa olunması tapşırığını verdi. Ziyarətgahın ətrafında Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası, qonaq evi, habelə İlahiyyat Universitetindən ibarət bir neçə korpus inşa edildi.
Prezident İlham Əliyev regionlara, həmçinin Bakıətrafı kənd və qəsəbələrə səfərləri zamanı da qədim tarixi abidə və ziyarətgahlarla yaxından maraqlanır, onların bərpası və yenidən qurulması ilə bağlı müvafiq tapşırıqlar verir. Dövlət başçısının göstərişilə məscid və ibadətgahlara, pirlərə, tarixi dini abidələrimizə ikinci həyat bəxş olunur. Prezidentin həyata keçirdiyi bu tədbirlərə qoşulan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Gəncədə 7-8-ci əsrlərdə yaşamış böyük islam alimi Comərdi Qəssabın məzarı tapılaraq üzərindəki türbə və 19-cu əsrdə mübarizə tariximizin qəhrəmanlıq rəmzinə çevrilən Cavadxan məqbərəsi yenidən quruldu. Xalqımızın mənəvi dünyasının ucalığından xəbər verən daha bir mühüm hadisə Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidinin yenidən qurulması oldu. Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində aparılan bərpa işlərini dövlətimizin başçısı daim diqqətdə saxladı, dini- memarlıq abidələrinin bərpasına böyük önəm verən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək oldu. "Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik", - deyən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam və tapşırıqları ilə Azərbaycanda olan bütün dini abidələr bərpa və təmir olunur.
Bu gün belə bir ölkədə yaşayan Azərbaycan xalqı insanları halallığa, paklığa səsləyən Qurban bayramını qeyd edir. Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin (Ə) sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (Ə) göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın və dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, islam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul etmir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, Orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Bəzən bir neçə nəfər bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin islam dininə görə bunlar Qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din və məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi Qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də odur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq islamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi və qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə. Qurban bayramı haqqında Qurani-Kərimdə deyilir: "Allah Beytülhəram olan Kəbəni haram ayı (zilhiccəni), Kəbəyə gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi". Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bunların içində dəvə kəsmək daha çox fəzilətlidir, ondan sonra, inək kəsmək fəzilətlidir. Qurbanlıq dəvənin yaşı, gərək, 5 ildən az olmasın, 6 yaşının içində olsun. İnəyin yaşı isə, 2-dən az olmamalıdır. Qoyunun yaşı isə, 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam olmalıdır, qüsurlu olmamalıdır, əzaları yerində olmalıdır, hətta heyvanda keçəllik də, olmamalıdır. Qurbanlıq heyvan, həmçinin, kor, axsaq, qulağı, quyruğu və ya buynuzu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək, arıq və çox qoca olmasın. Həcc ziyarətində qurban ibadəti, şeytan daşlandıqdan sonra, həyata keçir və təxirə salınmamalıdır. Əgər təxirə salınarsa, gərək bayram günündən sonrakı 3 gün ərzində yerinə yetirilsin.
Günlərini yaşadığımız mübarək Zilhiccə ayının ilk on günlüyü daha çox ibadət edib, bağışlanma diləmək, Allahın xoşladığı, rəhmətini üzərinə etdiyi qullarından olmaq üçün, imkan vardır. Bu mübarək ayın ilk doqquz günündə möminlər oruc tuturlar. Oruc ibadəti bu doqquz gündə bitdikdən sonra isə, əzəmətli islam dininin böyük bayramlarından olan Qurban bayramı gəlir.
Bu deyilənlərdən bir daha aydın oldu ki, Qurban bayramı mənəvi-əxlaqi dəyərlərimizi özündə təcəssüm etdirərək insanları hallalığa, paklığa, birliyə səsləyir. Bu günlər Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.
Kəsdiyiniz qurbanlar qəbul olsun! Qurban bayramınız mübarək.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB